Bia.Az

Əsəd yenə “şir”ə dönüb – O, 5-6 il öncə pişiyinin ağaca necə dırmaşdırıldığını unudub

Siyasət
 12-08-2023, 15:15     274

Suriya hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşması prosesini qəsdən dəfn edib. Ərəb müşahidəçilərin bu qənaətə gəlməsinin səbəbi prezident Bəşər Əsədin “Sky News Arabia” telekanalına verdiyi müsahibədir.

Suriya lideri həmin müsahibədə Rəcəb Tayyib Ərdoğanla görüşü yersiz adlandırıb və onu “işğalı qanuniləşdirmək”də ittiham edib. Görüş ideyası Rusiya tərəfindən irəli sürülmüşdü.
Bəşər Əsədin bu sözləri dərhal rəsmi reaksiya doğurmadı, lakin avqustun 10-da Türkiyə Müdafiə Nazirliyi keçirdiyi brifinqdə heç kimin Suriyanın şimalını tərk etmək niyyətində olmadığını açıqladı.
Əsədin müsahibəsinin ən mübahisəli tezisləri regionda münasibətlərin normallaşması üçün potensial tərəfdaşlarla bağlı bəyanatlar olub. Bu ilin əvvəlindən müzakirə olunan Ərdoğanla şəxsi danışıqlar konsepsiyasına münasibət bildirən Suriya lideri ötkəm danışıb: “Ərdoğanın mənimlə görüşünün məqsədi Türkiyənin Suriyadakı işğalını qanuniləşdirməkdir... Niyə belə olmalıdır? Ərdoğanla mən niyə görüşürük? Alkoqolsuz içkilər içmək üçün?”
Bu kontekstdə Əsəd vurğulayıb ki, ən yüksək səviyyədə ikitərəfli danışıqların gündəliyi konkret olmalıdır: Suriya tərəfi Türkiyənin nizami qoşunlarının öz ərazisindən çıxarılmasında israrlıdır. "Həqiqət budur ki, Suriyadakı terror Türkiyənin törəməsidir", - Əsəd deyib.
55566677.JPG (38 KB)
Deyəsən, artıq Suriyanın şələsi belinə düzəlib, ona görə belə danışır. O, ölkəsinin az qala yarısının əldən çıxdığı bir vaxtda daha mülayim idi. O vaxt artıq azı beş yerə parçalanmış Suriyada Əsəd sülaləsinin hökmranlığına son qoyulması gözlənilərkən Rusiya və İran sırf ABŞ və Avropanın dediyi olmasın deyə onu qorudular, hərtərəfli dəstək (o cümlədən hərbi qüvvələrlə) verdilər. Elə ABŞ da Suriyanın İŞİD-in əlinə keçəcəyindən ehtiyat edərək, qəfəsdə adamları diri-diri yandıran terrorçulardansa qalstuklu satrapı üstün tutdu və gücünü İŞİD-in məhvinə yönəltdi. Türkiyə isə yalnız etnik türkmənləri qorumaq, Suriyanın şimalındakı PKK terrorçularını cəzalandırmaqla kifayətləndi və bu ölkənin içərilərinə doğru irəliləmək, Bəşər Əsədi devirmək xətti seçmədi.
İndi Bəşər Əsəd Türkiyəni işğalçılıqda qınayarkən nəzərə almır ki, o, bir müddət əvvələ qədər ölkənin yarıdan çoxuna nəzarət edə bilmirdi (indinin özündə də ölkənin 63 faizinə nəzarət edir), etnik qruplar İŞİD-in və PKK-nın açıq terroru qarşısında qalmışdılar. Türkiyə müdaxiə etməsəydi, bu ölkənin milyonlarla sakininə sığınacaq verməsəydi, Suriyada əsrin cinayəti yaşanacaq, bir sıra müxalif və etnik qruplar soyqırım aktına məruz qalacaqdılar.
Ona görə də B.Əsədin mövqeyini Dəməşqin region ölkələri ilə soyuq mübasibətləri davam etdirmək cəhdi kimi şərh edən ərəb mediasının sərt reaksiyasına səbəb olub.
800px-Syria_Ethno-religious_composition..jpg (160 KB)
Üstəlik, Suriya lideri BƏƏ telekanalına verdiyi açıqlamada Suriyadan Fars körfəzi ölkələrinə və onun hüdudlarından kənara kaptaqon sintetik narkotik maddəsinin daşınmasına görə məsuliyyəti rədd edib. ABŞ narkotik ticarətini Dəməşqə yaxın fiqurların kölgə biznesi hesab edir və hesablamalara görə, bu biznes ağır sanksiyaların təzyiqi altında olan Suriya iqtisadiyyatını ayaqda saxlamağa kömək edib. Kaptaqon problemi Dəməşqlə Ərəbistan yarımadasının paytaxtları arasında danışıqların gündəliyinin bir hissəsi hesab olunur.
Ötən ilin sonundan etibarən Suriya-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı müzakirələr nazirlərin təmasları ilə məhdudlaşıb. Dialoq Rusiya tərəfindən fəal şəkildə dəstəklənib. Sonrakı mərhələlərdə rəsmi Dəməşqin yaxın müttəfiqi olan Tehran onlara qoşulmaq arzusunu bildirib. Əvvəlcə tərəflər potensial sülh sazişinə dair müsbət siqnallar mübadiləsi apardılar, lakin sonradan Dəməşq qəti şəkildə bildirdi ki, Ankara Suriyanın şimal bölgələrindən türk qoşunlarını çıxarmayınca münasibətlərin “bərpası”nı müzakirə etməyə hazır deyil.
170-2-1480.jpg (73 KB)
Avqustun 10-da keçirilən növbəti brifinqdə çıxış edən Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk ölkəsinin “Suriyaya sabitlik gətirmək və suriyalıları təhlükəsiz mühitə qaytarmaq üçün” işi davam etdirdiyini bildirib. O əlavə edib ki, Ankara bir həftə ərzində İraq və Suriyada PKK-nın 50-dən çox silahlısını məhv etməyə nail olub. Beləliklə, transsərhəd əməliyyatların dayanacağını gözləmək sadəlövhlükdür.
Müstəqil suriyalı ekspert, professor Mahmud əl-Həmzə Bəşər Əsədin həm Türkiyədən, həm də ərəb dünyası ölkələrindən gələn şərtləri yerinə yetirməyə qadir olduğuna şübhə etdiyini bildirib. "O, özünü bu müharibənin qalibi hesab edir, ona görə də əmindir ki, hamı ona yaxınlaşma yolunu axtarmalıdır", - analitik bildirib. “Düşünürəm ki, bu, çox çətin mövqedir. Lakin “Sky News Arabia” telekanalına müsahibəsində deyilənlər yeni deyil. Bu vəziyyətdə əsas suallar Rusiyanın qarşısındadır: onunla nə etməli?”.
surrr.jpg (57 KB)
Ekspertlər bildirir ki, rəsmi Dəməşq suriyalı qaçqınların ölkəyə qaytarılmasının heç bir faydası olmayacağını düşünür. Rəsmi Ankara isə vətəndaş müharibəsi zamanı labüd ölümdən qaçaraq Türkiyəyə sığınmış milyonlarla qaçqının əksəriyyətinin, nəhayət, öz ölkələrinə qayıtmasında israrlıdır və istəyir ki, onlar öz ölkələrində təhlükəsiz şəraitdə yaşasınlar.
İndi gözlənilir ki, Suriya prezidentinin destruktiv açıqlamaları Türkiyə ilə münasibətlərin mümkün normallaşması səylərinə zərbə vuracaq və ya sülh danışıqlarını hələ bir müddət də ləngidəcək./Musavat.comскачать dle 12.1