Bia.Az

Vəkili Sona Yaqubovanın necə döyülməsi və saxlanılmasından danışdı

Siyasət
 14-07-2023, 13:16     228

Yakup Sevinçhan: “Hələ ki deport olunmasının qarşısını ala bilmişik”

İyunun 23-də Türkiyədə qonşusu tərəfindən hücuma məruz qaldığı iddia edilən Azərbaycan vətəndaşı, jurnalist Sona Yaqubova hələ də Ədirnə Geri Göndərmə Mərkəzində saxlanılır.
O, iyunun 24-də Silivri Selimpaşa Geri Göndərmə Mərkəzinə, daha sonra, iyulun 7-də Ədirnə Geri Göndərmə Mərkəzinə aparılıb.
Qonşusu Mustafa Öztürk tərəfindən fiziki şiddətə məruz qalan Sona Yaqubovanın Türkiyədən deportasiya edilməsi istənilib.
Sona Yaqubovanın vəkili Yakup Sevinçhan “Arqument.az”a deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs qonşusu Mustafa Öztürk tərəfindən fiziki və psixoloji şiddətə məruz qalsa da, polis zorakılıq edən şəxslə bağlı heç bir tədbir görməyib, əskinə, Mustafa Öztürkün Sona Yaqubovaya qarşı şikayətini əsas götürüb.
Yakup Sevinçhan bildirir ki, fiziki şiddətə məruz qalan Yaqubova həkimdən rəy də alıb. Amma bütün bunlara heç bir hüquqi qiymət verilməyib.
Vəkil hazırda hüquqi işləmlərin aparıldığını və hələ ki Sona Yaqubovanın deport olunmasının qarşısını ala bildiklərini deyib.
“Qonşusu Mustafa Öztürk Sona Yaqubovaya hücum edib, ona şiddət göstərib, sən yabançısan deyə təhqir edib, boğazından yapışaraq boğmağa çalışıb, “sənə bir türk erkeyinin gücünü göstərəcəyəm” deyib. Sona xanım da polisə məlumat verib, həkimə gedib, rəy alıb, eyni zamanda Mustafa Öztürk də polisə məlumat verib. Polisdə isə məlum olub ki, Sona xanımın oturum izninin müddəti bitib. Ona görə də onu öncə Silivri Selimpaşa Geri Göndərmə Mərkəzinə, daha sonra, Ədirnə Geri Göndərmə Mərkəzinə göndəriblər”, – deyə Yakup Sevinçhan bildirib.
Sona Yaqubovanın oğlu Oğuzxan Bağırov hazırda Türkiyədə oxuyur, əgər anası deport olunacaqsa, onun da təhsili yarımçıq qala bilər.
Türkiyədə yaşayan jurnalist Sona Yaqubova 20 gündən çoxdur ki, həbsdədir.
Bu məsələdən artıq Türkiyə ictimaiyyətinin də məlumatı var, bir neçə millət vəkili şiddətə məruz qalan azərbaycanlı fəalın hüquqlarının müdafiə olunması ilə bağlı çağırış edib.
Vəkili Yakup Sevinçhan deyir ki, Sona Yaqubovanın müdafiəsi ilə bağlı hüquqi addımlar atılır.
O ümid edir ki, bu məsələnin həllinə nail ola biləcəklər. Eyni zamanda, fəala fiziki zorakılıq göstərən şəxsin də cəzalandırılması yönündə müvafiq addımlar atılacaq.
Oğuzxan Bağırov isə deyib ki, ilk günlər həbsxanada anasıyla çox pis davranıblar: “Tamamilə pis davranırdılar, həm də saxlanıldığı yer çox bərbaddır. Amma Türkiyə Böyük Millət Məclisinin bir neçə üzvünün müdaxiləsindən sonra yanaşma üsulu dəyişdi. Anamın mənə göndərdiyi şəkillər var ki, onun necə saxlanıldığını sübut edə bilərik. Bundan əlavə, anamı bir günlük psixi baxımdan ağır olanların saxlanıldığı yerə aparıblar. Həmin müəssisənin müdiri anama orada hədə-qorxu da gəlib”.
Vəkili də deyir ki, Sona Yaqubova Silivri Selimpaşa Geri Göndərmə Mərkəzində qeyri-insani şəraitdə saxlanılıb, bu isə insan haqlarına ziddir. Onun sözlərinə görə, məsələ ictimailəşəndən sonra Sona Yaqubovanın yeri dəyişdirilib və bir qədər mülayim davranış göstərilib.
Vəkil Sevinçhanın sözlərinə görə, yaşayış icazəsi ilə bağlı məhkəmə davam edərkən Sona Yaqubovanın geri göndərilməsi qanuna ziddir.
Türkiyənin Azərbaycandakı Səfirliyi, həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyi hələ də məsələyə münasibət bildirməyib.
Türkiyə polisi isə fəala şiddət göstərən Mustafa Öztürklə bağlı hüquqi addımların atmadığının səbəbini hələ də açıqlamayıb.
Sona Yaqubova 6 ildir ki, oğlu ilə Türkiyədə yaşayan azərbaycanlı jurnalistdir.
O, İstanbulda Kadıköy rayonunda yaşayır, oğlu isə həmin ərazidə liseydə oxuyur.
Olay Türkiyənin Yaşıl Sol Partiyasının millət vəkili Çiçek Otlu tərəfindən Millət Məclisində gündəmə gətirilib.
O, daxili işlər naziri Ali Yerlikayaya sorğu göndərdiyini deyib.
Ancaq Türkiyə Daxili İşlər Nazirliyi Sona Yaqubovanın qarşılaşdığı vəziyyətlə bağlı bu günə qədər açıqlama verməyib.
O həmçinin Sonanın zorakılığa məruz qalmasını xəstəxana sənədləşdirdiyi halda, qonşusu barəsində hər hansı araşdırma olub-olmayacağı ilə bağlı bir sıra suallar verib.
Türkiyənin Daxili İşlər Nazirliyindən hələlik məsələ ilə bağlı açıqlama verilməyib.
EMEP (Emek Partisi) sədrinin müavini və İstanbul Millət vəkili İskender Bayhanın Silivri Selimpaşa Geri Göndərmə Mərkəzində Sona Yaqubova ilə görüş tələbi rədd edilib.
Bu səfərdən dərhal sonra Sona Yaqubovanın Edirne Göndərmə Mərkəzinə göndərildiyi bildirilir.
İskender Beyhan öz açıqlamasında bildirib ki, qadınlar mərkəzdə anti-gigiyenik, qeyri-insani şəraitdə saxlanılırlar.
скачать dle 12.1