Bia.Az

ÜST rəsmisindən QORXUNC PROQNOZ - Təfərrüatlar BƏLLİ OLDU

Siyasət
 11-07-2023, 13:46     260

Mərdan Əliyev: “ÜST səlahiyyətlisi başqa pandemiyanı nəzərdə tutursa, bu, inandırıcı deyil, çünki...”

“May ayında COVİD-19-la bağlı qlobal fövqəladə vəziyyətin sona çatması haqda elan ondan daha ölümcül patogenin təhlükəsinin aradan qalxması demək deyil. Daha ölümcül potensiala malik başqa bir patogenin təhlükəsi qalmaqdadır”.

Bu narahatedici açıqlamanı bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus fəxri doktor adına layiq görüldüyü Portuqaliyanın Koimbra Universitetində çıxışı zamanı edib. O, bəşəriyyətin “bu çətin dövrdə elmi və ictimai sağlamlığı müdafiə edənlərə çox şey borclu olduğunu” xatırladaraq, “pandemiya illərinin dərslərini öyrənməyə” çağırıb. Baş direktor həmçinin deyib ki, dünya yeni pandemiyalara hazırlaşmalıdır. Onun sözlərinə görə, bu, pandemiyaya hazırlıq və cavab tədbirləri yeni beynəlxalq saziş əsasında hazırlana bilər. Qebreyesus “dünyanı gələcək nəsillər üçün daha təhlükəsiz yerə çevirəcək” bir razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.

Qeyd etmək yerinə düşər ki, koronavirus pandemiyası başlayandan zaman-zaman ÜST-ə qarşı narazılıqlar, ittihamlar səsləndirildi. Əsasən də vaksinlərin və maskaların böyük biznes maraqlarına xidmət etməsində, eləcə də virusun süni yaradılması ilə bağlı iddialarla bağlı ÜST ittiham edilirdi, insanları aldatdıqları deyilirdi. Odur ki, ÜST-in yeni, daha təhlükəli pandemiyanın olacağı ilə bağlı proqnozları da birmənalı qarşılanmayıb. Bəziləri bunu insanları qorxu içində saxlamaq məqsədi daşıdığını bildirir. Bəziləri də yenə də süni bir virusun yaradılacağını hesab edir.

Bəs görəsən, bu proqnozların hər hansı əsası varmı? Həqiqətən də növbəti, daha təhlükəli virus gəlir, yoxsa... 
Koronavirusla bağlı ölüm sayı bir qədər çoxdur

Mərdan Əliyev
İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Qebreyesus bu sözləri ümumi şəkildə də deyə bilər: “Çünki bu günə kimi də pandemiyalar olub. Bundan sonra da pandemiyaların olma ehtimalı var. İndiyə qədər virus pandemiyaları olub, amma bakterial pandemiyalar da daha çox olub. İndiki dövrdə tibbin inkişafı, gigiyenik şəraitin yaxşı olması bakterial infeksiyaların pandemiya törətmə şansını azaldır. Amma virus infeksiyalarının pandemiya törətmək qabiliyyəti  və şansı hələ də var. Koronavirusda olduğu kimi. Digər tərəfdən, indi virus infeksiyalarının pandemiya törətməsi daha yüksəkdir. Çünki artıq dünyada elmin inkişafı ilə əlaqəli bir-birinə daha çox inteqrasiya olunub. Afrikada tapılan bir virus bir neçə saat sonra Avropaya gələ bilər, oradan bütün dünyaya yayıla bilər. O cümlədən Çində olan bir virus bütün dünyaya eyni qayda ilə yayıla bilir. Amma bu mənada ÜST rəhbəri bunu ümumi söz olaraq da deyə bilər ki, dünya hazır olmalıdır, koronavirusda olduğu kimi pandemiyaya hazırlıqsız yaxalanmamalıyıq. Bir çox ölkələr, hətta səhiyyəsi güclü olan ABŞ da hazırlıqsız yaxalandı. Pandemiyanın ilk vaxtlarında orada maska tapılmırdı. Yox, əgər ÜST səlahiyyətlisi başqa pandemiyanı nəzərdə tutursa, bu inandırıcı deyil. Çünki pandemiyanın olacağını heç kim əvvəlcədən bilmir. Bunu bilmək qeyri-mümkündür. Bu, fors-major hal kimi müşahidə edilir, təbii bir prosesdir. Yaxın müddətdə pandemiyanın olması inandırıcı deyil. Pandemiya 3-5 ildən bir olan hal deyil. Pandemiyanın olması üçün o potensiala malik mikroorqanizm lazımdır. Belə mikroorqanizmlər də 50 ildən bir, 100 ildən bir əmələ gəlir”.
скачать dle 12.1