Bia.Az

Nikol Kəlbəcərdən milyardlar qazanır - Döyüşün əsl səbəbi

Siyasət
 12-05-2023, 11:50     230

Ermənistan ordusunun Basarkeçər rayonunun Zod qızıl yatağı istiqamətindəki mövqelərindən mayın 10-dan başlayan, müxtəlif saatlarda davam edən, hətta 11 may saat 17:00-dan etibarən D-30 toplarından istifadə ilə həmin ərazidə yerləşən mövqelərimizi atəşə tutması və sərhədin məhz bu istiqamətində vəziyyəti gərginləşdirməsi ilə yadda qalan son sərhəd toqquşması erməni ekspertlər tərəfindən də ciddi müzakirə edilir. Niyə erməni təxribatları adətən bu istiqamətdə baş verir?

Axar.az xəbər verir ki, Zod qızıl yatağı hələ sovet illərində kəşf edilib. Yatağın əhəmiyyətli hissəsi – 75%-ə qədəri Azərbaycan ərazisinə düşür. Sovet dönəmində yatağın 23 filiz damarından yalnız 7-nin Ermənistan ərazisinə düşməsinə baxmayaraq, istismarı üçün Ermənistana izn verilib.
İşğal illərində Ermənistan yatağın qızıl ehtiyatlarının Azərbaycan ərazisindəki hissəni kütləvi şəkildə talamaqla məşğul olub. 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə “GeoProMining” şirkəti rəhbərlik edib və ildən-ilə yatağın ərazisini genişləndirmək və Azərbaycana aid hissəni də talamaq bahasına istehsalı artırıb. Məsələn, 2009-cu ildə 320,5 min ton qızıl filizi, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton və s. hasil edilib.
44 günlük müharibədən sonra Ermənistan yatağın istismarını dayandırmaq və öz sərhədlərini müəyyən etmək əvəzinə sərhədi qanunsuz olaraq 1,5 km önə çəkərək, bütövlükdə Zod/Söyüdlü yatağını öz ərazisinə daxil etməyə çalışmışdı. Lakin Ordumuz buna imkan verməmiş, sərhədin dəyişdirilməsinin qarşısını almışdı.
Bundan sonra geri çəkilən Ermənistan şirkətə öz ərazisində qızıl istismarını davam etdirməyə şərait yaratsa da, hazırda yatağın istismarı qanunsuz sayılır. Çünki mədən-qazma işləri yatağın Azərbaycana aid hissəsinin alt qatlarında davam etdirilir.
Erməni ekspertlərin iddiasına görə, məhz bu səbəbdən Azərbaycan mədənin istismarına etiraz edir, bu qanunsuzluq davam etdikdə isə təzyiqə əl atır.
Halbuki Azərbaycan hakimiyyətinin siyasi təzyiqi ilə artıq 1,5 aydır Zod yatağında istismar dayandırılıb. Buna görə də o istiqamətdə hər hansı hərbi təzyiqə ehtiyac yoxdur.
Erməni mediası əsl mahiyyəti anlamağa yardım edən olduqca maraqlı məlumat dərc edib. Bildirilir ki, Zod qızıl yatağı əslində Nikol Paşinyan komandasının birbaşa nəzarətindədir və səhmlərin də 21,9%-nin idarəedilməsi bu komandanın əlinə keçib.
Zod yatağı təkcə Ermənistan dövlət büdcəsinin ən böyük vergi ödəyicisi deyil, həm də Paşinyan komandasına külli miqdarda pul qazandırır, eyni zamanda, bu yataq Paşinyanın xanımı Anna Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” fonduna vaxtaşırı olaraq böyük həcmli ianələr edir.
Qeyri-rəsmi mənbələrdə isə bu qızıl yatağının sərvətlərinin Anna Akopyan aid xaricdəki müxtəlif hesabların “formalaşmasına” təsirlərindən bəhs edilir.
Qeyd etdiyimiz kimi, mədən yatağın Azərbaycana aid hissəsinə keçib, Azərbaycana aid filiz damarları istismar edilir. Bu sərvət isə Ermənistan büdcəsinin doldurulmasına, Anna Akopyanın rəhbəri olduğu fonda və Paşinyan ailəsinin xarici hesablarına gedir.
Təkcə bir faktı demək kifayətdir: 2022-ci ildə bu yataq Ermənistan dövlət büdcəsinə 400 milyon dollara yaxın vergi ödəyib. 2022-ci ildə Ermənistan büdcəsinin gəlirlərinin 3,94 milyard dollar olduğunu nəzərə alsaq (hazırda bu rəqəm 6,4 milyarda qalxıb), yatağın Ermənistan büdcəsinin təxminən 10 faizini doldurduğunu müəyyən etmək mümkündür.
“GeoProMininq” Rusiya şirkətidir və yatağın əsas istismarçısıdır. Beləliklə, külli miqdarda qazancdan həm də rus şirkəti hazırda məhrum olub.
Yataqda istismarın 1,5 aydır dayandığını nəzərə alsaq, vəziyyətin gərginləşməsində Paşinyan komandası və rus şirkətinin maraqlı olduğunu dolayısı ilə erməni mediası da təsdiqləyir. Məqsəd hərbi təzyiqlə yatağın istismarına yol açmaq, danışıqlar öncəsi bunu legitimləşdirməkdir.
Xatırladaq ki, bu ilin 3 ayı ərzində Zod yatağının Ermənistan büdcəsinə vergi köçürməsi iki dəfədən də çox aşağı düşüb. Zod yatağında istismar dayanarsa, Ermənistan büdcəsində ciddi kəsir yaranacaq.скачать dle 12.1