Bia.Az

“QRANOVİT PALATASI”NDA “ÇAR ZİYAFƏTİ”... – Putin parada qatılan liderlərə verdiyi ziyafətdə nələrə eyham vurub?

Siyasət
 10-05-2023, 14:38     233

 SSRİ və onun parçalanmasından sonrakı Rusiya tarixində ən sönük və ən çox tənqid olunan 9 may paradı başa çatsa da, onunla bağlı müzakirələr davam edir. Bu müzakirələrdə çoxdan Putinin əmr quluna çevrilən Ermənistan və Belarus başçıları ilə yanaşı gözlənilmədən bütün 5 Orta Asiya respublikaları rəhbərlərinin iştirakından tutmuş paradda olduqca az sayda hərbi texnika və canlı qüvvə nümayişinə, onun çox qısa müddətdə başa çatmasına, Vladimir Putinin öz qısa nitqində yeni heç nə deyə bilməməsinə və Kremldə qonaqlara verilən ziyafətə qədər bir çox məsələlərə toxunulur.

“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatında və sosial şəbəkələrdə Vladimir Putinin qonaq ölkə liderlərinə verdiyi ziyafətin bəzi detalları yer alıb.

Putinin Moskvaya “yarıkönüllü” təşrif buyuran qonaqlarına verdiyi ziyafətdə təqdim olunan yeməklər barədə deyilir ki, liderlərə pomidorlu və hisə verilmiş ördək salatı, çiyələk şərbəti, levrek filesi, bibər sousu ilə mal əti steyki, püstəli rulet və s. verilib.

Ancaq ən maraqlısı rəsmi ziyafətin Kremlin məşhur tikililərindən olan “Qranovit palatası”nda keçirilməsidir. Putun tərəfindən məhz bu zalın seçilməsi təsadüfi sayılmır. Sözügedən iqamətgah hələ 1487-1491-ci illərdə Çar III İvanın sifarişi ilə italyan arxitektorlar tərəfindən tikilib. Çoxsaylı divar rəsmlərilə bəzədilmiş bu böyük Çar palatası Rusiya imperiyası tarixi boyu imperatorların taclandırılması mərasimi, bununla bağlı ziyafətlər və digər əlamətdar hadisələrlə bağlı təmtəraqlı məclislər üçün istifadə edilib. İqamətgahın divarlarındakı çoxsaylı rəsmlərdə çarların öz əyanlarını, xarici qonaqlarını qəbulu səhnələrindən tutmuş, taclandırma mərasimlərinə, ziyafətlərə qədər bir çox epizodlar əks olunub.

Rus çarlarının dövründə sonuncu dəfə bu palatada 1896-cı il mayın 14-də Çar II Nikolayın taclandırılması mərasimi və bununla bağlı ziyafət keçirilib. Yeri gəlmişkən, Ukraynadakı işğalçılıq müharibəsi başlayandan və onun Rusiya üçün uğursuzluqla başa çatacağı qənaəti yaranandan bəri bir çoxları Putini məhz iniqlab nəticəsində devrilən və daha sonra qətlə yetirilən II Nikolayla müqayisə etməyə başlayıblar. Onu da qeyd edək ki, məhz Kremlin “Qranovit palatası”nda 1653-cü ildə Ukraynanın o vaxtkı Moskva dövlətinin tərkibinə qatılması mərasimi keçirilib və qeyd edilib. Görünür, liderləri məhz bu zala dəvət edən Putin bu cür tarixi hadisələrə və Rusiyanın imperiyaçılıq tarixinə işarə vurub. Ancaq dünənki mərasim Ukraynanın yenidən Rusiyaya birləşdirilməsi yox, ondan daha da uzaqlaşması, orada davam edən və Rusiya üçün heç də yaxşı bitməyəcəyi aşkar görünən qanlı müharibə fonunda baş tuturdu...
Bütün bunlar Vladimir Putinin hələ də “tarixi turbulentlik” vəziyyətindən çıxa bilməməsinin, imperiyaçılıq sevdası ilə yaşamasının, yenə də hansısa əlamətlər, jestlər və s. dili ilə danışmasının göstəricisidir. Bu isə təkcə Rusiya başçısının hələ də “keçmişdə qaldığı” yox, həm də onun hansı psixoloji durumda olduğu barədə təsəvvür yaradır. Ancaq müasir dünyada real iqtisadi, siyasi, hərbi, texnoloji, elmi, mədəni və digər uğurlar, yeniliklər həlledici rol oynayır, nəinki kiflənmiş və çoxdan mənasını itirmiş “tarixi” jestlər və eyhamlar...скачать dle 12.1