Bia.Az

Separatçıların Sərsəngi məhv etmək planı

Siyasət
 30-03-2023, 11:35     267

Azərbaycan ekoloji terrorun qarşısını almaq üçün sərt addımlar ata bilər

Xankəndidəki separatçı rejim Azərbaycan ekologiyasına və iqtisadiyyatına qarşı yeni terror aktına başlayıb. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarət arealında olan ərazilərdə elektroenerji istehlakını dəfələrlə, sürətlə artıran separatçı rejim Sərsəng su anbarında suyun səviyyəsini aşağı salıb.
Bu barədə “Trend”in məlumatında deyilir. Sərsəng su anbarı qurumaqdadır və bu, eyniadlı su-elektrik stansiyasının fəaliyyətini də ciddi risk altına alır. Ümumiyyətlə, Xankəndidəki separatçı rejimin həyata keçirdiyi ekosid nəticəsində son 28 ildə Sərsəng su anbarında suyun səviyyəsi 25,4 metr aşağı düşüb. Mütəxəssislərin hesablamalarına görə, anbarın su ilə doldurularaq normal səviyyəyə çatdırılması üçün minimum iki il gərəkdir.
Separatçılar “su terroru”na keçirlər: Onlar Sərsəngi məhv etmək istəyirlər  - Editor.az
Separatçı rejimin “Su komitəsi sədri” Georgi Ayriyayan “Azatutyun”a açıqlamasında etiraf edib ki, Sərsəngdə suyun səviyyəsinin aşağı düşməsinin daha da sürətlənməsinin əsas səbəbi elektroenerji istehsalının artırılmasıdır.
Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı 30 il ərzində 35 kiçik və orta su-elektrik stansiyası inşa etmişdi. Həmin stansiyaların istisnasız olaraq hamısı işğal edilmiş ərazilərimizdə yerləşirdi. 44 günlük Vətən müharibəsi nəticəsində su-elektrik stansiyalarının 30-nun yerləşdiyi ərazilər üzərində Azərbaycanın nəzarəti bərpa edildi. Sərsəng SES isə hələlik rusiyalı sülhməramlı kontingentin kontrolundakı ərazilərdə qalıb. Separatçı rejimsə elektroenerji təminatında əsas mənbə qismində Sərsəng su-elektrik stansiyasından istifadə edir.
Xankəndidəki separatçı rejimin başçısı Araik Arutyunyan bəyan edib ki, Sərsəng su anbarında “yaranmış vəziyyətlə əlaqədar olaraq” Azərbaycanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 min hektar əkin torpaqları suvarılmadan məhrum olunacaq.
Ekspertlər hesab edir ki, bu, aşkar şantaj və ekosid xəbərdarlığı sayıla bilər.
Xatırladaq ki, mühüm strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 min hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su elektrik stansiyası tikilib.
Aydın Hüseynov: Vətəndaşlar yaşadığı ünvan üzrə elektron qeydiyyata  düşməlidir - VİDEO
Aydın Hüseynov 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki,  ötən il avqustun 23-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirilib: "Məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq idi. Görüşdə əsasən iki məsələ - Su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olunmuşdu. O zaman yayılan rəsmi xəbərdə görüş və danışıqların qarşılıqlı anlaşma və konstruktiv şəraitdə baş tutduğu deyilirdi. Həmçinin belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılmışdı. Lakin ermənilərin həmişə olduğu kimi, bu məsələdə də sözlərinin üstündə durmadığı, bölgədə ekoloji terror həyata keçirməkdə davam etdiyini müşahidə etməkdəyik. Quldur rejimin başçısı Araik Arutyunyanın dedikləri də bunun təsdiqidir.  Dəniz səviyyəsindən 2374,7 m hündürlükdə yerləşən Buzluq yüksəkliyinin azad edilməsi Azərbaycan silahlı birləşmələrinə Sərsəng su anbarını və onun ətrafında yerləşən digər yüksəkliklərin hamısını vizual və atəş nəzarətinə götürmək imkanı yaradıb. Artıq Azərbaycan Sərsəng su anbarında həyata keçirilə biləcək istənilən əməliyyata, o cümlədən təxribat xarakterli manipulyasiyalara nəzarət edə bilir.
Bu, strateji baxımdan çox önəm kəsb edən hadisədir və Azərbaycanın davamlı şəkildə həmin ərazilərdə dövlət suverenliyini bərpa etmək səylərinin reallaşdırılmasında israrlı olmasından xəbər verir. Sərsəng su anbarı Azərbaycanın strateji xarakterli obyektlərindən biri olaraq Azərbaycanın suveren ərazisində yerləşir. Ona görə də Sərsəng su anbarının idarə edilməsi, istifadəyə verilməsi, təmiri və digər məsələlər hamısı Azərbaycanın daxili işidir. Odur ki, Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş bütün ərazilərdə mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, yeni su mənbələrinin yaradılması, dağıdılmış infrastruktur obyektlərinin bərpası istiqamətində mühüm işlər həyata keçirilir. Bu kontekstdə Sərsəng su anbarı ətrafındakı yüksəkliklərdəki erməni postları dağıdıldıqdan, həmçinin ora vizual və atəş nəzarəti imkanı əldə etdikdən sonra Azərbaycan tərəfi dinc vasitələrlə Azərbaycan qanunları ilə yaşamağa meylli olan Qarabağda məskunlaşmış erməniləri əməkdaşlığa cəlb etmək istəyini də nümayiş etdirmiş oldu. Azərbaycanın tam hüququ var ki, öz ərazisində olan Sərsəng su anbarına tamamilə nəzarəti ələ alsın. Sərsəng su anbarının fəaliyyətinin bərpa edilməsi, prosesin ən tez zamanda icrası məsələsi daim aktual məsələ kimi gündəmdədir. Cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində Sərsəng su anbarı da yenidən Azərbaycan xalqının istifadəsinə veriləcək”.
Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2013-2017-ci illər ərzində “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirib və işğal altında qalmış Sərsəng su anbarının problemlərini siyasi gündəliyə gətirib. Sərsəng su anbarının strateji, siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırılıb, AŞ PA, Avropa Parlamenti və AVRONEST PA kimi beynəlxalq qurumlarda böyük işlər görülüb. AŞ PA-nın 2016-cı il yanvar sessiyasında 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamələrinin qəbul edilməsinə nail olunub. Qətnamədə Azərbaycanın maraqlarını müdafiə edən çox mühüm müddəalar öz əksini tapmışdı. O cümlədən Azərbaycanın Ermənistanın işğalı altındakı ərazilərində yerləşən Sərsəng su anbarında 20 ildən artıq müddətdə baxımsızlığın xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanmışdı. Həmçinin təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənmiş, “qəsdən süni ekoloji böhranın yaradılması "ekoloji təcavüz" hesab edilmişdi. Təəssüflər olsun ki, sonradan digər təşkilatların işğalla bağlı qəbul etdiyi sənədlər kimi AŞ PA-nın 2085 (2016) qətnaməsi də icra olunmadı və kağız üzərində qaldı./“Yeni Müsavat”/скачать dle 12.1