Bia.Az

Ərbildə konsulluq, Bakıda təmsilçilik ofisi açılacaq? - EKSKLÜZİV

Siyasət
 20-02-2023, 13:20     232

Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub. Liderlər görüş zamanı Kürdüstan bölgəsi ilə Azərbaycan arasında ikitərəfli münasibətləri inkişaf etdirməyə, ticarət sahələrində tərəfdaşlıq əlaqələri qurmağa, həmçinin iki tərəf arasında rəsmi səfərlər təşkil etməyə hazır olduqlarını bildiriblər. Bu kontekstdə Prezident İlham Əliyev Neçirvan Bərzanini Bakıya dəvət edib. 

 

İraq Kürdüstan Regionunun başçısının rəsmi saytında yayılan məlumatda bildirilib ki, Azərbaycan İraqın şimalında yerləşən Ərbil şəhərində Baş Konsulluq açmağı planlaşdırır. Qeyd olunub ki, konsulluğun açılması Münhendə görüşü zamanı müzakirə edilib.

 

İndiki məqamda Türkiyənin dost olduğu İraq Kürdüstanı ilə Azərbaycanın siyasi əlaqələri gücləndirməsi nədən xəbər verir? 

 

Ərbil şəhərindən İraq Türkmən Cəbhəsini (ITC) ölkə parlamentində təmsil edən deputat, Azlıqların işləri üzrə dövlət naziri Aydın Maruf Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, İraq Kürdüstanı hər zaman Azərbaycanı dəstəkləyib: 

 

"Azərbaycan bizim və bölgəmiz üçün vacib ölkədir. Azərbaycan və İraq Kürdüstan bölgəsi arasında əlaqələr hər zaman yaxşı olub. Buna misal olaraq siyasi, iqtisadi, diplomatik və s. əlaqələri göstərə bilərik. Prezident İlham Əliyev və İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında keçirilən görüş bizim üçün vacib idi. Kürdüstan xalqı hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Əminəm ki, görüşdən sonra əlaqələr daha da inkişaf edəcək. Əlbəttə, biz Azərbaycanla əlaqələrimizin güclü olmasını istəyirik".
 

Aydın Maruf Azərbaycanın İraq Kürdüstanında konsulluq açacağı barədə xəbərə də münasibət bildirib:

 

“Biz Azərbaycanın ən qısa zamanda Ərbildə konsulluq açmasını səbirsizliklə gözləyirik. Eyni zamanda Neçirvan Bərzaninin tezliklə Azərbaycana səfərini gözləyirik. Bundan başqa, Azərbaycanda türkmən təmsilçilərinin olması bizim üçün çox vacibdir. Bakıda İraq türkmənlərinin ofisi mütləq olmalıdır. Diplomatik korpusların olması Türk dünyasının daha da yaxınlaşmasını təmin edəcək”.  

скачать dle 12.1