Bia.Az

Yardım aksiyalarını reklam edənlər - Sağ əlin verdiyini sol əl bilməlidirmi?..

Siyasət
 15-04-2020, 13:14     292

Yardım aksiyalarını reklam edənlər - Sağ əlin verdiyini sol əl bilməlidirmi?..Son günlər xüsusi karantin rejimi ilə əlaqədar bəzi dövlət qurumları və imkanlı şəxslər, özəl təşkilatlar aztəminatlı ailələrə, 65 yaşdan yuxarı ahıllara ərzaq yardımı göstərməkdədirlər. Edilən yardımlar isə həm sosial şəbəkələrdə həm də mətbuatda fotoşəkillər və videogörüntülərlə davamlı olaraq yayımlanır.

Yardım aksiyalarının bu şəkildə təqdim olunması isə birmənalı qarşılanmır. Bəziləri “sağ əlin verdiyini sol əl bilməməlidir” deyərək, xeyirxahlığın, xeyriyyə işlərinin reklam olunmasının əleyhinədirlər.

Bununla razılaşmayıb xeyirxahlıq edənlərin tanıdılmasına tərəfdar olanlar da var.

Bu müzakirələrə ehtiyac varmı, “sağ əlin verdiyini sol əl bilməməlidir” məsəli hazırkı şəraitdə nə dərəcədə keçərlidir? Yəni edilən yaxşılıqlar reklam edilməlidirmi? Modern.az –ın əməkdaşı bu suallara cavab istəyib.

“Balığı at dəryaya, Allah bilməsə də özün ki bilirsən”

Deputat Aqil Abbas deyir ki, bəzi adamlar göstərdiyi yardımı ona görə nümayiş etdirir ki, kütlə onu qınamasın:

“Burda pis bir şey yoxdur. Yardımı açıq şəkildə edənlər onu demək istəyir ki, “biz etdik, siz də edin”. Yəni bu məsələyə pis baxmaq lazım deyil. Düzdür, dində var ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Amma onu da deyim ki, bəzi adamlar məcbur qalıb, göstərdiyi yardımı reklam edir. Yəni bəzən elə olur ki, insanlar tanımadığı hansısa məmuru ya deputatı tənqid edib deyir ki, filankəsin imkanı var, amma kiməsə yardım etmir. Ona görə də bəzi şəxslər məcbur qalıb etdiyi yaxşılığı göz önünə gətirir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilməsin. Kimsə yaxşılıq edirsə, onu yüksək qiymətləndirmək lazımdır, çünki onlar əziyyət çəkir, ehtiyacı olanı axtarır, tapır və yardım göstərir. Buna görə də etdiyi yardımı göz önünə gətirdi deyə, o adamları qınamaq olmaz.

Alman filosofu Şopenauer “eqoist kimdir” sualına bu cür cavab verir: Birincisini demirəm, ikincisi odur ki, bu qrupda olan şəxslər insanlara nümayişkarcasına yaxşılıq edir və istəyir ki, toplum desin ki, bu adam yaxşı biridir. Üçüncü növ eqoistlər o kəslərdir ki, yaxşılıq edir, amma yardım göstərdikləri adam həmin şəxsin kimliyini bilmir və beləliklə yardım edən adam bu gizlilikdən zövq alır. Şopenauer deyir ki, bu, üçüncü növ dünyanın ən gözəl eqoizmidir. Mən o vaxtlar gənc olanda Şopenaueri oxumayanda bizdə bir məsəl var onu eşitmişdim. Məsəl belə idi: “Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər”. Mən sonradan o məsəli belə dəyişdirmişdim ki, “Balığı at dəryaya, Allah bilməsə də özün ki bilirsən”. Yəni əsas odur ki, yaxşılıq et, insanlar bilməsə də özün ki bilirsən”.

“Bu məsələdə iki məqam var”

Sabiq Təhsil naziri Misir Mərdanov deyir ki, əgər yaxşılıq ürəkdən edilirsə, o yaxşılıq bilinməməlidir:

“Yaxşılıq edəndə Allah rizasına xatir edirsən, ona görə bu əməli göz önünə gətirmək doğru olmazdı. Mən dünyanın bir çox ölkələrdinə bəzi adamların imkanı olmayan tələbələrə təqaüd ayırdığının şahidi olmuşam. Həmin adamlar heç vaxt bildirməyiblər ki, təqaüdü onlar verir. Tələbə də elə bilib ki, elə rəsmi qaydada bu təqaüd ona verilməlidir.
Amma dərin düşünəndə adam belə qənaətə gəlir ki, bəlkə də göstərdiyi yardımı bəyan etməklə həmin şəxs imkanlı adamları da bu addıma dəvət etmək istəyir. Bu baxımdan müsbət yanaşmaq lazımdır. Yəni məsələdə indiki zamanla əlaqədar iki məqam var”.

“Yaxşılığın təbliği günah deyil”

İlahiyyatçı Elşad Mahmudov edilən yaxşılığın təbliğat kimi nümayişinin günah olmadığını bildirib:

“Edilən yaxşılıqlar hər hansı şəkildə minnətsiz, Allah rizası üçün insanlara çatdırılmalıdır. Buna görə də yaxşılığın reklam edilməsi dində xoş qəbul edilmir. Çünki yaxşılıqları insanlar Allahdan savab gözləyərək edirlər. İndiyə qədər də cəmiyyətimizdə kifayət qədər xeyriyyəçi insanlar var idi ki, onlar xeyriyyə fəaliyyəti yürüdürdülər və bu işi reklam etmirdilər. Lakin ibrət olsun deyə, digər insanları xeyriyyə fəaliyyətinə cəlb etmək üçün edilən yaxşılıq göz önünə gətirilirsə, bu addıma xoş baxmaq olar. Çünki indiki hal bütün dünyada istisna olan vəziyyətdir.

Hazırda yaxşılığın təşviqi üçün reklam deməyim, amma o adamların müəyyən xəbərlərini yaya, mətbuatda yayımlaya bilərik. Çünki mətbuatda bu tip xəbərlərin yayılması ilə yaxşılıq etməyin əvvəldən fərqinə varmayan adamlar indi bu əməlin fərqinə varıb kiməsə yardım göstərirlər. Yəni sırf təbliğat və həmrəylik yaratmaq üçün edilən yardımı nümayiş etdirmək günah sayılmaz. Amma buna da diqqət etmək lazımdır ki, yardım etdikləri şəxsi çox danışdırıb utandırmasınlar”.скачать dle 12.1