Bia.Az

“Vasif xan”ın dəhşətli işgəncə siyasəti - Naxçıvanda kimlərə divan tutulub?

Siyasət
 26-01-2023, 11:14     43

Heydər Oğuz: “Azərbaycan dövləti imicini qorumaq naminə mütləq Talıbovları cəzalandırmalıdır”

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefaya məcbur edildikdən sonra onun və tayfasının bu diyarda insanlara hansı dəhşətləri yaşatmaları barədə saysız-hesabsız faktlar ortaya çıxır.
Talıbov və sülaləsi MR-də qapalı rejim, xanlıq yaratmaqla, milyardları mənimsəməklə kifayətlənməyiblər, naxçıvanlıları faktiki olaraq dədə-baba yurdlarından didərgin salıblar, orada əli iş tutan adamların yaşamasına imkan verməyiblər.
Bakıda özünə gün-güzəran quran xeyli sayda naxçıvanlını isə oğurlayaraq MR-ə aparıb, orada dəhşətli işgəncələrə məruz qoyublar, var-dövlətini son qəpiyinədək əlindən alıblar.
Son günlərdə bir neçə şəxs artıq başına gələnləri ictimailəşdirib. Keçmiş gömrükçü, kiçik sahibkar olmuş Faiq Rzayevdən sonra iş adamı İsgəndər Cabbarovun da eyni ssenari ilə oğurlanaraq başına müsibətlər gətirildiyi ictimailəşdirilib.
Gələn məlumatlar onu deyir ki, belə şəxslərin sayı yüzlərlədir. Ancaq onların əksəri hələ də susur. Nədən çəkinirlər? Vasif Talıbov xofu hələ də aradan qalxmayıb, yoxsa onun əlaltılarının növbəti təxribatlarına məruz qalacaqlarından ehtiyatlanırlar?
Talıbov tanınmış idmançının qardaşına dəhşətli işgəncələr verdirib – Bütün  əmlakı mənimsənilib (SƏS YAZISI) » Median.Az - Bütün xəbərlər bir ünvanda
İsgəndər Cabbarov
İndi əsas sual odur ki, soyğuna məruz qalmış şəxslərin əllərindən alınmış var-dövləti onlara qaytarılacaqmı? Faktiki olaraq hələ nə Vasif Talıbov, nə də oğlanları məsuliyyətə cəlb edilməyib. Rəsmi ittiham olmasa onlardan taladıqlarını vətəndaşlar necə geri ala bilər?..
Mümkündür ki, Naxçıvandakı yoxlamalar bitdikdən, kadrlar yeniləndikdən sonra bu məsələlər rəsmi şəkildə araşdırılacaq.
Hələlik isə Naxçıvanda “xanın” kadrlarının təmizlənməsi və ayrı-ayrı sahələr üzrə yoxlama prosesi gedir.
Son olaraq gələn məlumatlara diqqət edək:
Yanvarın 24-də Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat olub.
İlqar Hacıbala oğlu Sadıqov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib. O buna qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Bu arada Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.
Prosesi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri aparır.
Kompleks yoxlamalar barədə yaxın günlərdə geniş məlumat veriləcəyi bildirilib.
Görünən budur ki, Vasif Talıbovun Muxtar Respublikadakı 30 illik dəhşətli əməllərini qısa bir müddətdə sonlandırmaq və nizam yaratmaq mümkün deyil. Bu, müəyyən bir müddət tələb edir. Sonunda isə elə faktlar, xainlikləri üzə çıxa bilərmi ki, ona ali rəhbərlik keçmişdəki xidmətlərinə görə heç bir güzəşt etməsin və həbsə alınsın?
HEYDƏR OĞUZ.jpg (191 KB)
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Vasif Talıbov və övladlarının qandallanması zamana bağlıdır: “Vasif Talıbovun cinayətlərinin açıq şəkildə dilə gətirilməsi, müzakirə olunması onu göstərir ki, proseslər məntiqi sonluğuna çatdırılacaq. Bu həm də hakimiyyətin məsələyə obyektiv yanaşmasını göstərir. Bu qədər dəhşətli hadisələr, xəyanətlər üzə çıxıb, ifşa olunub. Bunlardan sonra Vasif Talıbov azadlıqda qala bilməz. Hesab edirəm ki, Vasif Talıbov mütləq həbsxana qapısı görəcək. Ona hansı maddə ilə ittiham veriləcəyi də maraqlıdır. Əslində Vasif Talıbov vətənə, dövlətə xəyanət maddəsi ilə ittiham olunub qandallanmalıdır. Mümkündür ki, Vasif Talıbov rüşvətxorluq və korrupsiya maddələri ilə cəlb olunsun, bundan sonra ona digər maddələrlə ittiham verilsin”.
Siyasi şərhçi Vasif Talıbovun övladlarının da istintaqa cəlb edilərək həbs olunacaqlarını istisna etmir: “Bu gün əsasən Seymur Talıbovun həbsi, istintaqa cəlb olunması müzakirə mövzusudur. Rza Talıbov da həbs oluna bilər. Çünki Rza Talıbov Seymurdan daha çox xəyanətkarlıq edib. Qardaşlar arasında ilk cinayətlər edən Rza olub. Lakin Seymur daha acgöz olduğundan daha dərin cinayətlər edib. Talıbov qardaşlarının da cəzası həbs olmalıdır”.
Siyasi şərhçi deyir ki, Talıbovların cinayətləri cəzasız qalarsa, dövlətin əsasları sarsılar: “Dövlətin vəzifəsi ədalət prinsiplərini bərqərar etmək, vətəndaşların bir-birinə qarşı cinayətkarlığına son qoymaqdır. Dövlət öz vəzifəsini yerinə yetirməli, qanunlara hörmət etməlidir. Əks halda dövlət sarsıla bilər. Mustafa Kamal Atatürk  deyib ki, ”Ədalət mülkün təməlidir". Yəni dövlətin təməli ədalətdir və dövlət ədaləti təmin etməlidir. Hesab edirəm ki, Azərbaycan dövləti imicini qorumaq naminə mütləq Talıbovları cəzalandırmalıdır. Bunların əməlində vətənə xəyanət cinayətinin əlamətləri var. Vətənə xəyanəti dövlət kimsəyə bağışlaya bilməz".
Siyasi şərhçi deyir ki, Vasif Talıbova loyal münasibət sərgilənməsi onun üçün təhlükəli ola bilər: “Bu adam 10 illər ərzində dövlətin gücündən istifadə etməklə insanlaırn bizneslərini çökdürüb, ev-eşiklərini, iş yerlərini dağıdıb,  Naxçıvandan nəsillikcə didərgin salıb. Bu gün Vasif Talıbov vəzifədə deyil və dövlətin gücündən istifadə edə bilmir. Vaxtilə həyatlarını zəhərə döndəriyi, alt-üst etdiyi adamlar da 1 deyil, 2 deyil. Bu adamlar küçədə Vasif Talıbovu görsələr, onu dişləri, dırnaqları ilə parçalayarlar. Bu baxımdan da Vasif Talıbovun həyatını qorumaq üçün həbsə göndərilməsi vacibdir. Onun da yaşamaq haqqı var. Dövlət onu həbsə almaqla ədaləti bərqərar etmiş olmaqla yanaşı, onun yaşamaq haqqını da təmin etmiş olacaq. Nə olursa olsun, Vasif Talıbovun da yaşamaq haqqı var. Onu ömrünün axırına qədər bir hücrəyə salıb saxlamaqla yaşamasını təmin etmək olar”./“Yeni Müsavat”/скачать dle 12.1