Bia.Az

Şamaxı RMX PHŞ-in direktoru Emin Hüseynin fəaliyyəti araşdırılır? - ACIQLAMA

Siyasət
 25-01-2023, 15:40     415

BİA.az-a daxil olan məlumata görə, hazırda Qobustan RMX-də yoxlama aparılır, növbədə Şamaxı RMX-nin olduğu da bildirilir.

Hazırda Şamaxı Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru işləyən Emin Hüseynin cinayət xarakterli fəaliyyəti barədə mətbuatda kifayət qədər yazılar dərc olunub və olunmaqdadır.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləyərkən milyon manatlarla ölçülən yeyinti hallarından, həkimlərə, eləcə də digər işçilərinə qarşı göstərdiyi kobud münasibətindən və təhqiredici əməllərindən tutmuş, Şamaxıda şəhid ailəsinə qarşı aqressiv rəftarına və rüşvət istəməsi cılızlığına qədər, Emin Hüseynin təqsirkar olması barədə yazılar gündəmdən düşmür. Lakin onun bu qədər məsuliyyətsiz "bacarığı" nədənsə aidiyyatı qurumları narahat etmir, çoxsaylı insanların şikayətləri cavabsız qalır. Xalq arasında gəzən informasiyalarda Emin Hüseyni müdafiə edən qüvvənin Prezident Administrasiyasında post tutduğu bildirilir, bu üzdən onun qanunsuz əməllərinə hüquqi qiymət verilmədiyi söylənilir. Ancaq bu günlərdə Şamaxıdakı etibarlı mənbədən aldığımız məlumat heç də Emin Hüseynin "yuxarılar" tərəfindən ciddi-cəhdlə qorunmadığı, yaxud da daha onun saymaz hərəkətlərinin himayəçilərini bezdirdiyi qənaətinə gəlməyə əsas verir.

Belə ki, mənbənin məlumatına görə, artıq Emin Hüseynin qeyri-qanuni fəaliyyəti dövlətin ali nəzarət qurumları tərəfindən araşdırılmağa başlayıb. Xəbərə görə, ötən ilin sonlarında Maliyyə Nazirliyinin yoxlama komissiyası Emin Hüseynin Qobustan Rayon Mərkəzi Xəstəxanasında yol verdiyi külli miqdarda yeyinti halının araşdırılması aparılıb və əldə olunan nəticələr Baş Prokurorluğa təqdim olunub. Amma Baş Prokurorluğun yoxlama nəticələrini "humanist yanaşma" adlandıraraq, nəticələri qəbul etmədiyi və işin yenidən araşdırılmasını tələb etdiyi bildirilir. Mənbə qeyd edir ki, bir neçə gün əvvəl Qobustan Rayon Mərkəzi Xəstəxanasında Emin Hüseyn dövrü yenidən Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən araşdırılmağa başlayıb və hazırda yoxlama davam edir. Yoxlamanın Qobustandan sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanasında davam etdiriləcəyi də mənbə tərəfindən vurğulanır.

Mənbənin iddia etdiyi fakta əsaslansaq, görünür yaxın vaxtlarda Emin Hüseynin çoxsaylı şikayətlərə səbəb olan əməllərinə dövlətin ali hüquq orqanı hüquqi qiymət verəcək. Və belə olduğu təqdirdə, Qobustan və Şamaxı əhalisinin şikayətçi qisminin rahatlığı təmin olunacaq.

BİA.az olaraq, mövzuda adları hallanan qurumların və şəxslərin mövqelərini dinləyib, dərc etməyə hazırıq.

Qeyd: TƏBİB-in mətbuat xidmətindən alınan bilgiyə görə, hazırda Şamaxı Rayon Mərkəzi Xəstəxanasında heç bir yoxlama aparılmır.

BİA.az
скачать dle 12.1