Bia.Az

İran Azərbaycanda “Hizbullah” yaradır - Sensasion iddia

Siyasət
 7-01-2023, 15:13     188

Xəbər verildiyi kimi, bu günlərdə Knessetin (İsrail parlamenti) 30 deputatı İsraildə səfirliyin açılması münasibətilə Azərbaycan parlamentinin spikeri və parlament üzvlərini təbrik edib. İsrail mediasının bununla bağlı yaydığı məlumatda deyilir: “Sizi, dostlarımızı Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edirik. Bu, iki ölkə arasında cəsarətli əməkdaşlığın təşviqində mühüm addımdır, Azərbaycan və yəhudi xalqları arasında çoxəsrlik dostluğun təbii davamıdır”.

Deputatların fikrincə, iki ölkənin İran adlı ortaq və təhlükəli düşməni var: “Rəsmi Tehran hər iki xalqı məhv etməklə hədələyir və Azərbaycan ”Hizbullah"ını yaratmağa çalışır. Öz xalqını vəhşicəsinə qətlə yetirən və bütün dünyada terroru təşviq edən Ayətullah rejimi Azərbaycan xalqını beynəlxalq aləmdə dünyəvi hakimiyyətlərə qarşı yönəltmək üçün antisemitizm təbliğatı aparır".
İranın Azərbaycan dövlətinə münasibəti aşağı-yuxarı bəllidir. O da məlumdur ki, fars şovinist rejimi ölkəmizi qarışdırmaq və bulanıq suda “balıq” tutmaq üçün daima özünün burdakı proksi qüvvələrindən və milli xainlərdən istifadə edib. Az öncə sonuncuların bir qrupunun ifşası və həbsi buna şəkk-şübhə saxlamadı.        
Bəs Azərbaycan “Hizbullah”ının yaradılması nə dərəcədə realdır?
Yenipress.az xəbər verir ki, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, İran illərdir ki, Azərbaycanda özünə tabe olan qruplaşmalar yaratmağa çalışır: “Onlar illərdir ki, Azərbaycanda istifadə edilmək üçün silahlı dəstələr hazırlayırlar. Bu dəstələr birbaşa İran xüsusi xidmət orqanlarının nəzarəti altında formalışdırılır. Əsas məramları, məqsədləri Azərbaycanda qarışıqlıq salmaq, silahlı terror həyata keçirməkdir. Bu dəstələrin qarşısı alınır, tərksilah olunur, məhkəmə qarşısına çıxarılıb mühakimə olunurlar. Azərbaycan regionda sülhün bərqərar olunması istiqamətində ciddi addımlar atır. İran və Ermənistan xüsusi xidmət orqanları, onların birgə tandeminin çalışmaları illərdir ki, fiaskoya uğradılır, Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanları bu təhdidlərin qarşısını alır”.
Deputat əmindir ki, İran tərəfinin Azərbaycanda “Hizbullah” yaratmaq cəhdləri də fayda verməyəcək:
“İllərdir ki, İran tərəfi ölkəmizdə bu istiqamətdə iş aparıb. Ən müxtəlif məzmunlu təbliğat xarakterli materialları Azərbaycana gətirərək yaymaqla bəzi cahil insanları öz ziyanlı təbliğatlarının təsiri altına sala biliblər. Azərbaycanda bu yolla şəriət dövləti yaratmağa çalışırlar. İran xüsusi xidmət orqanlarının təlimatçıları vasitəsilə təlimlər keçən və sonradan Azərbaycana göndərilən  şəxslərin həbsi, məhkəmə qarşısına çıxarılması göstərir ki, cənub qonşumuz bu istiqamətdə fəaliyyətdədir.
Ötən ilin noyabrında Dövlət Təhlükəsizlik Xidməti (DTX)  İranla əlaqəli, bu dövlətin kəşfiyyatına işləyən şəxsləri həbs etdi. Məlum oldu ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycanın suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.
Başqa bir araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.
Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında vatsap tətbiqində yaradılan qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycanın Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Bütün bunlar İran xüsusi xidmət orqanlarının Azərbaycanda fəaliyyətini göstərir. Hesab edirəm ki, DTX öz işini ən yüksək səviyyədə görür, əməliyyat şəraitinə tam nəzarət olunur".скачать dle 12.1