Bia.Az

Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar

Siyasət
 22-12-2022, 12:54     164

Bakı Apellyasiya Məhkəməsi dekabrın 23-də məhbus fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması barədə qərardan şikayətinə baxacaq. Vəkil Aqil Layicin yaydığı məlumata görə, prosesə hakim Qədim Babayev sədr təyin olunub.

Aqil Layic həmçinin bildirir ki, Avropa İnsan Hüquqları Məhkəməsi vəkillərin müraciətini nəzərə alaraq Bəxtiyar Hacıyevin işi üzrə aralıq qərar qəbul edib, dövlətə fəalın həbsdə saxlanma şəraiti, təhlükəsizliyi, aclıq aksiyası fonunda səhhəti ilə bağlı suallar ünvanlayıb, tez bir zamanda cavab tələb edib.
Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyev dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə tutulub, onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsi fəala xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Həmin gündən fəal Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirir.
Dekabrın 20-də Xətai Rayon Məhkəməsi Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb. Vəsatət təmin olunmayıb. Apellyasiya şikayətində bu qərarın ləğvi istənir.
Ev dustaqlığı qətimkan tədbiri yaşayış yerini, müəyyən ərazi hüdudlarını tərk etməmək kimi şərtlər nəzərdə tutur.скачать dle 12.1