Bia.Az

İranla bağlı nələr etməliyik? – Sabiq səfir

Siyasət
 18-11-2022, 13:50     158

Tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Tehrandakı ilk səfiri Nasib Nasibli hakimiyyətə Güney Azərbaycan məsələsi ilə bağlı Yol Xəritəsi təklif edib.

Yenipress.az bu təklifləri təqdim edir:

İqtidar nümayəndələrinin iddiasına görə, Prezident Əliyevin Səmərqənd bəyanatı (“40 milyonluq soydaşımız ana dilində təhsil haqqından məhrumdur”)  ölçülüb-biçilmiş Cənubi Azərbaycan strategiyasının tərkib hissəsidir. Çox gözəl, çox da pakizə! O zaman bu strategiyada məntiqə görə aşağıdakı lazımi işlər də göz önünə alınmışdır:
1. İran/Fars dəyərlərinin daşıyıcısı olan, ölkə və türklük düşməni minlərlə İran bəsləməsi üzərinə kontrol qoyulacaq; casus yuvaları sürətlə və qətiyyətlə ləğv ediləcək. Dini ortama (QMİ və şeyxülislam daxil) yönəlik siyasətdə cürətli və əsaslandırılmış islahatlar aparılacaq;
2.  Daxili siyasətdə köklü dəyişiklik ediləcək, milli birliyin təmini istiqamətində ardıcıl addımlar atılacaq. Azərbaycan Respublikasının Güney üçün daha cəlbedici örnək olması məqsədilə gərəkən hər şey ediləcək. O cümlədən, fərqli düşünənlərin fundamental haqları tanınacaq, ölkədəki 340 rus məktəbi milliləşdiriləcək, hakimiyyətin ritorikası birləşdirici xarakter alacaq;
3. Adıkeçən bəyanatın təsirini azaltmaq, İranla hazırki gərginliyi yumşaltmaq üçün gərəkli addımlar atılacaq;
4. İranın Qarabağ məsələsinə və Ermənistanla münasibətlərin artmasına həvəsini azaltmaq məqsədilə vədlər veriləcək, güzəştlər ediləcək (hansı vəd, hansı güzəşt - bunları dövlət ağlı bilər);
5. İrandan gələcək təhdidləri önləmək üçün müttəfiqlərlə (Türkiyə, İsrail, ərəb ölkələri, ABŞ və s.) ilişkilər genişləndiriləcək;
6. Rəsmi mediada İran mövzusunda təbliğat yumşaldılacaq (Sosial mediada obyektiv və əsaslandırılmış müzakirələr davam edəcək);
7. BMT və digər platformlarda İranda fundamental və milli haqların pozulması haqqında qətnamə və qərarlar dəstəklənəcək;
8. Azərbaycanda bütün səviyyələrdə təhsil almaq istəyən cənublu soydaşlarımızdan təhsil haqqı alınmayacaq; onlara ictimai təşkilatların təqaüdləri veriləcək;
9. Ana dilində yazan güneyli ədiblərin əsərləri Bakıda çap ediləcək (xüsusi ədəbi dərgi də mümkündür). Hələ çap olunmamış dəyərli qaynaqlar milli düşüncəyə mal ediləcək;
10. Həbsə atılan milli fəalların ailələrinə Quzeydən xalq yardımının göstərilməsinə mane olunmayacaq;
11. Qərb ölkələrində yaşayan Güney əsilli mütəxəssislər Prezident Administrasiyası və başqa dövlət qurumlarında işə dəvət ediləcək;
12. Keyfiyyətli, təsirli, korrupsiyadan azad yeni diaspor siyasəti yeridiləcək;
13. Qərbdəki Güney əsilli iş adamları ilə ortaq biznes fəaliyyətinə rəvac veriləcək;    
14. Bakıda yaşayan Güney əsilli şəxslərin vətəndaşlıq problemi nəhayət həll ediləcək; Güney əsilli şəxslərin Azərbaycan Respublikasının vətəndaşlıq alması qaydaları asanlaşdırılacaq;
15. İran və Güney Azərbaycan məsələlərini araşdıran qurumlar gücləndiriləcək;
16. Güney Azərbaycana yönəlik kanallar dəstəklənəcək, yenilərinin yaranması düşünüləcək;
17. Rəsmi səviyyədə təhrikedici bəyanatlar verilməyəcək…
Şübhəsiz, adı çəkilən strategiya daha geniş, əsaslandırılmış maddə və istiqamətlərdən ibarətdir (və ya ibarət olmalıdır). Söz ağızdan çıxdı, hərəkət etmək vaxtıdır.
Yaşayıb görəcəyik. Qəzamız mübarək!
P.S. Deyilənlər İrandakı sürəcin evolyusion inkişafı üçün keçərli ola bilər. İnqilabi dəyişiklik üçün fərqli və radikal yanaşma tələb olunacaq.скачать dle 12.1