Rus dərin dövləti Putinin ömürlük “çar” olmasına start verdi – Kreml nəyi hədəfləyir?

Rus dərin dövləti Putinin ömürlük “çar” olmasına start verdi –
Mart 21, 2020 23:27

Qlobal kataklizmlərin tüğyan etdiyi dövrdə FTX generalları dünyanın supergüclərindən olan Putin Rusiyasını heç kimə etibar etmək istəmir

Ulyanovun oktyabr inqilabından əvvəl çar Rusiyasını “xalqar həbsxanası” adlandırırdılar. Buna səbəb təbii ki, Rusiyanın ən azı yüzə yaxın zorla bir yerə yığılmış xalqın yaşadığı, inkişaf baxımından geridə qalmış imperiya olması idi. İnqilabın nəticəsi imperiyanın bu həsxanada zorla saxlanılan xalqların oyanışını, ardınca müvəqqəti olsa belə, imperiyanın boyunduruğundan azad olunmasını təmin etsə də, I Dünya müharibəsindən sonra dünyanın yenidən bölüşüdürülməsi bolşevik Rusiyasına imkan verdi ki, xilas etməyə çalışdığı xalqları yenidən həmin “həbsxana”ya qaytarsın.

Pyotrun vəsiyyətinə sadiq qalan “imperiya keçikçiləri”nin real namizədi

Sonrakı proseslər isə qaydaların o qədər də dəyişmədiyi bu “həbsxana”da həmin xaqları daha hansı məşəqqətlərin gözlədiyini əvvəlcədən xəbər verirdi. Çünki beynəlmiləlçilik və bərabərlik kimi ideyalarla əsaslanan quruluş təməli hələ I Pyotrun dövründən qoyulan rus müstəmləkəçiliyinin, habelə imperialist siyasətin qarşısında aciz qaldı. Yəni idarəetmə forması dəyişmiş, amma dövlətin mahiyyəti dəyişməmişdi. Çoxlarının fərqinə varmadığı “sovet” adının pərçimləndiyi imperiyanın başında Stalin soyadında olan şəxsin, ya da bir başqasının dayanmasının o qədər rol oynamadığını, SSRİ-nin də yalnız Pyotrun vəsiyyətinə xidmət etdiyini tarix də sübut etdi.

Sovetlər Birliyinin dağılmasından sonra əslində yiyəsiz qalmış hibrid bir dövlətin başına keçən, ilk dövrlərlərdə “demokrat” kimi görünən RF-nin mərhum eks-prezidenti Boris Yeltsin də arxa planda imperiya və müəyyən mənada dövlətçilik maraqlarını xidmət edən qüvvələrin uzunmüddətli proqramına xidmət edirdi. Amma “xalqlara azadlıq, insanlara demokratiya” dalğası üzərində hakimiyyətə gəlmiş B.Yeltsinin imperiyadan qopan müttəfiq respublikalar öz yerində ölkə daxilindəki mərkzədənqaçma meyillərinə müqavimət göstərməkdə acizlik göstərməsi onun əvəzlənməsini labüdləşdirdi. Onun tam gücü ilə işləyə bilməməsi, ən əsası da Rusiya dövlətinin Pyotrun vəsiyyətinə əsaslanan gələcəyindən narahatlıq “imperiya keçikçiləri” olan rus “KQB”sinın generallarını öz namizədlərini müəyyənləşdirməyə vadar etdi.

Uzun müddət Almaniyada sovet kəşfiyyatçısı kimi fəaliyyət göstərən həmin namizəd o vaxta qədər son illər nisbətən formalaşma dövrü keçən Rusiyadaxili siyasətdə heç bir siyasi çəkisi olmayan və siyasi aləmdə heç kimin tanımadığı keçmiş “KQB” polkovniki idi. Həmin şəxs, həmçinin Sankt-Peterburqun meri Aanatoli Sobçakın köməkçisi işlədiyi dövrdə adı korrupsiyda hallansa da, cəmi bir neçə ilin içində Rusiya Federal Təhülkəsizlik Xidmətinin (FTX) rəhbəri postuna gətirilmiş və Təhülkəszilik Şurasının katibi kimi məsul vəifə həvalə edilmiş Vladimir Putin idi. Bu seçim onu göstərdi ki, “Rusiya imperiyasının keşikçiləri”nin bu namizədin üzərində dayanmasında təhlükəsizlik sisteminin nümayəndəsi olması əsas rol oynayıb.

Burada daha bir mühüm məqam günü əyyaşlıqla keçən B.Yeltsinin dövründə Rusiyanın düşdüyü durumun da nəzərə alınmasını şərtləndirir. Onun bu posta çoxdan hazırlandığını deməyə tam əsas olmasa da, həmin vaxt Rusiyanın sadə xalqı da düşdüyü çətin vəziyyətdə yeni bir simanın hakimiyyətə gəlməsinin ölkənin gələcəyi üçün şans hesab edirdi. Bəs görəsən,

Kəşfiyyatçı Putin Rusiyaya nə verdi?

1999-cu ilin avqustunda baş nazir postuna gətirilən və həmin ilin dekabrında RF prezidentinin istefası ilə birbaşa B.Yeltsinin dilindən “varis” elan edilən Putinin son 20 ildə Rusiyanın dövlət və milli maraqları baxımından gördüyü işləri sözün əsl mənasında “misilsiz xidmətlər” kimi dəyərləndirmək olar. Məsələn, məhv olmaqda olan Rusiya hərbi sənayesini dirçəldərək yenidən Rusiyanı dünyanın hərbi qüdrətə malik supergücə çevirdi. Ölkədə separatizmi körükləyəcək qədər təhülkəli olan Çeçenistandakı müharibəyə son qoydu. Bununla belə, Rusiya dövlətinin iqtisadiyyatı inkişaf etmədi, əksinə yürüdülən siyasət ölkəni inteqrasiyadan uzaqlaşdırdı və Rusiya yenə də dünyada karbohidrogen ehtiyatlarının xammalının ixracatçısı qismində qaldı. Rusiyanın və valyutasının indiki duruma da həmin gerçəklikdən qaynaqlanır.

Bununla paralel olaraq hakimi-mütləq olan Putin vasitəsilə “xalqların həbsxanası”nda qurulan düzəni daha da möhkəmləndirildi. AzToday.az xəbər verir ki, seçki sistemində aparılan korrektələrlə mərkəzdənqaçma meyillərinin qarşısını alındı, çar dövründə olduğu kimi, yerlərdə knyazlar təyin etmək yolu ilə idarəçilik həyata keçirildi. Bu azmış kimi, bütün beynəlxalq norma və prinsipləri kobud şəkildə pozmaqla, özünün ekspansiya siyasətini açiq şəkildə büruzə verməklə 2014-ci ildə Krım Respublikasını ilhaq etdi, Ukraynanın cənub şərqini də işğal etdi.

Bütün bunlar, təbii ki, Rusiyada demokratiyanın tam bərqərar olmasına zərrəcə xidmət etmədi. Ona görə də indiki dövrdə Rusiya prezidentinə qarşı əsas ittihamların məğzini onun avtoritar rejim yaratmaq və qorumaq üçün addımlar təşkil edir.

72 yaşlı V.Putinin hələ növbəti 10 il də hakimiyyətdə qalmaq fikrindədir

Bütün bunlar bir tərəfə, 2020-ci ilə qədəm qoyanda müxtəlif üsullarla 20 ildir Rusiyanın başında qalmağı bacaran 68 yaşlı V.Putinin hələ növbəti 10 il hakimiyyətdən əl çəkmək fikrində olmadığı ortaya çıxdı.

Bu ilin yanvarından həmyerlisi Dmitri Medvedevdən imtina edən dövlət başçısı tərəfindən hökumətin başına D.Muşitsinin gətirilməsi V.Putinin iqtisadiyyatda dəyişim etmək niyyətindən qaynaqlansa da, RF prezidentinin bütün dünyada ciddi müqavimətlə qarşılanan çarsayağı imperialist siyasətdən əl çəkməməsi yaxın gələcəkdə Rusiyanın sosial-iqtisadi inkişafa qədəm qoyacağına ümidləri puça çıxarır.

Lakin artıq ötən 4 il göstərdi ki, hətta tətbiq edilən beynəlxalq sanksiyalar da Rusiya prezidentinin əsl məqsədlərini həyata keçirmək yolunda əngəl deyil. Belə ki, ciddi ittihamlara baxmayaraq, V.Putin parlamentdəki bütün siyasi qüvvələrin də dəstəyini alaraq Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklər etməklə yenidən ən azı iki dəfə ölkəyə rəhbər seçilmək və ümumi götürəndə bundan sonrakı 16 il ərzində hakimiyyətdə qalmaq fikrindədir.

Xatırladaq ki, Rusiya Federal Məclisinin hər iki palatası – Dövlət Duması və Federasiya Şurası tərəfindən qəbul edilən sənəd Rusiya regionlarının parlamentlərində də təsdiq olunub. Rusiyanın bütün bölgələrinin qanunvercii orqanlarının dəstəklədiyi sənəd Federasiya Şurası tərəfindən təsdiq edildikdən sonra Prezident Vladimir Putin tərəfindən imzalanıb və dərc olunub.

Onu da xatırladaq ki, Əsas Qanuna edilən dəyişikliklər dövlət başçısına, hökumət üzvlərinə və müxtəlif səviyyələrdə fəaliyyət göstərən məmurlara qarşı irəli sürülən yeni tələblərdən, sosial təminatları möhkəmləndirməkdən, parlamentin səlahiyyətlərini dəyişdirməkdən, rus dilinin statusunun müəyyənlədirməkdən və s.-dən ibarət olub. AzToday.az xəbər verir ki, düzəlişlər V.Putinin 2024-cü ildə yenidən prezidentliyə namizəd olmasına imkan verir.

Çarlara simpatiyası olan Putinin ömürlük hakimiyyət iddiası həyata keçir

Bütün dünyada kütləvi tədbirlər təxirə salındığı bir vaxtda artıq Putin referendumun vaxtını da təyin edib. Sovet dövlətinin qurucusu Leninin anadan olmasının 150 illiyinin qeyd ediləcəyi 22 aprel tarixində ümumxalq səsverməsi keçiriləcək. Koronavirusun həmin tarixdə referendum keçirilməsini əngəlləsə belə, bu səsvermə 12 iyunda mütləq baş tutacaq. Bu isə Putinin ömürlük dövlət başçısı postunda qalması deməkdir. Yəni belə çıxır ki, V.Putin artıq Rusiyada özünü çar elan etmək fikrinə düşüb.

Bu səpkili ittihamlar geniş yayılmaqdadır və təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin onun əhali arasında “çar” adlandırılmasına KİV-ə açıqlamasında reaksiya vermək zorunda qalıb. Təbii ki, bu iddiaları da özünəməxsus şəkildə inkar etməyə çalışıb. Onun sözlərinə görə, çar yalnız əmr verir və o isə hər gün işləyir: “Bu həqiqətəuyğun yanaşma deyil. Bu belədir ki, başqa birini “çar” adlandırmaq olar. Mən axı hər gün çalışıram, hökm etməklə məşğul olmuram. Çar odur ki, oturub yuxarıdan aşağı baxaraq deyir: “Buradan əmr verəcəm və orada hansısa işləri görəcəklər”. Özü isə yalnız başına qoyduğu papaqlarını dəyişməklə bütün günü güzgünün qabağında dayanır. Mən hər gün işləyirəm”.

Çox təəssüf ki, prezident Putinin öz üzərindən ittihamları uzaqlaşdırmaq naminə çox cılız arqumentlərə uzun illər Rusiyanı idarə edən çarları bu cür səciyyələndirməsi heç bir mühüm əhəmiyyət kəsb etmir.

Ən azı sual oluna bilər ki, indiyə qədər hakimiyyətdə olan Rusiyanın bütün çarlarının əsas işi güzgüyə baxmaq olub? Habelə çarlar haqqında belə bir dəyərləndirmədə bulunan V.Putinin güzgüyə baxmaqla işini bitmiş hesab etdiyi I Pyotra açıq şəkildə, eyni zamanda hərtərəfli olaraq böyük sayğı və simpatiyasını nümayiş etdirməsi yalnız həmyerli olmasından qaynaqlanır? Güzgü məsələsini ruslara dünyaya hakim xalq kimi xüsusi status qazandıran Böyük Pyotra şamil edilməməsi ilə razılaşmaq da olar. Bununla yanaşı, belə bir fakt mövcuddur ki, çar Rusiyasında hakimiyyətin bolşeviklərin əlinə keçməsinin və imperiyanın dağılmasının əsas səbəbkarı olan, başıpozuq bolşeviklər tərəfindən hörmətsizcə ailəsi ilə birlikdə qətlə yetirilən Rusiyanın sonuncu çarı II Nikolaya V.Putin tərəfindən hörmət göstərilməsi onun papaqlarına və güzgüyə baxmasına görə deyil.

Və sonda… Rusiya prezidenti V.Putinin hakimiyyətdə “ömrünün sonuna qədər qalmaq istəyi” barədə sullara cavabında əhaliyə xitabən “istəsəniz”, deyə cavab verərək ona ünvanlanan ittihamların və gələcək planların düzgünlüyün təsdiq edib. Bununla da RF prezidenti ömrünün sonuna qədər hakimiyyət qalmaq niyyətini açıq şəkildə büruzə verir. Bu niyyətin həyata keçməsinin ömrünün vəfa edəcəyindən asılı olsa da, onun ən geci 2024-cü ildə yenidən Putin Rusiyasının dövlət başçısı seçilməsinə artıq şübhə ilə yanaşılmır. Bütün qeyd edilənlərə baxmayaarq, Putinin gələcək planlarını ölkə əhalisinin iradəsindən asılı olduğunu söyləmək məcburiyyətindəyik. Bu zaman Rusiya vətəndaşlarının dövlətçilik və vətənpərvərlik baxımından tarixən formalaşmış öz çarına sadiqliyi və son illərin də sübut etdiyi kimi dözümlü olması reallığını nəzərdən qaçırmaq olmaz.

Hikmət Ağayev

Bia.az
Oxşar xəbərlər