Bəşər Əsəd etiraf etdi – Suriyanı “terrorçulara” təhvil verən odur

“Bəşər Əsədin Suriyadan qaçdıqdan 8 gün sonra açıqlama verməsi özünə haqq qazandırmaq cəhdindən başqa bir şey deyil. O, həmin açıqlamada bir neçə maraqlı məqama toxunub. Dəməşqin müxalifət tərəfindən ələ keçirilməsi zamanı Xmeymin hərbi hava bazasında olduğunu bildirib. Həmin baza Rusiyanın Suriya ərazisində fəaliyyət göstərən iki hərbi bazasından biridir”.
Bu fikirləri Globalinfo.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Bəşər Əsəd Dəməşq tutulmamışdan qabaq hərbi hava bazasında gizləndiyini etiraf edib:
“Xmeymin hərbi hava bazası Rusiyanın hərbi aerodromu rolunda çıxış edirdi. Əsəd həmin hərbi bazadan da Rusiyaya uçub. Sabiq prezident ən yaxın ətrafına belə ölkədən qaçdığını bildirməmişdi. Nəticə etibarı ilə bu da tərəfdarları arasında böyük narazılıq yaratdı. Rusiyada olduğu aşkara çıxdıqdan sonra bir çox tərəfdaşları onu qınayan mövqe ortaya qoymuşdu. Bəşər Əsəd də bu cür açıqlamalarla özünün guya başqa yolunun qalmadığını, məcbur olub Rusiyaya getdiyini bildirir.
Hakimiyyətə gələn qüvvələri də terrorçu qruplar adlandırır. Bəyanatında da deyir ki, terrorçu qruplar tərəfindən Dəməşqin tutulması ölkədən qaçmaqdan başqa çıxış yolu qoymurdu. Bu isə Bəşər Əsədin Rusiyaya qaçmasından 1 gün sonra rəsmi Moskvadan verilən açıqlama ilə ziddiyyət təşkil edir.
Rəşad Bayramov
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səsləndirdiyi fikirlərdən məlum olur ki, Əsəd baş nazirə hakimiyyətin dinc yolla təhvil verilməsi ilə bağlı göstəriş verərək Moskvaya gedib. Əgər belə bir göstəriş verilibsə, müxalifət qüvvələrini niyə terrorçu adlandırır? Deməli, Əsəd hakimiyyətin terrorçulara təhvil verilməsi haqqında göstəriş verib. Bütün bunlar onu deməyə əsas verir ki, əslində Əsəd heç bir göstəriş verməyib. Onun ölkədən qaçmasından sonra hökumət məcbur olub özü bu qərarı qəbul edib”.
Politoloq qeyd edir ki, Əsəd rejiminin nə qədər qəddar olmasına baxmayaraq Suriyada onlar müxalifətlə mübarizə aparacaq gücdə deyillər:
“Uzun illər ərzində Əsəd rejimi hakimiyyətini Rusiya və İranın hesabına qoruyub saxlaya bilirdi. Hazırda həmin güclər dəstək verə bilmədiyi üçün Əsəd müqavimət göstərə bilmədi. Sonrakı mərhələdə də Əsədin Suriyaya böyük ölçüdə təsir imkanları olmayacaq. Əsəd konkret bir klanın lideri idi. Hakimiyyətin bütün qollarında da məhz elə druzlar yer alırdı. Həmin topluma müəyyən qədər təsir edə bilər. Lakin druzların vasitəsilə Bəşər Əsədin Suriyanı yenidən qarışdırmaq cəhdləri də baş tutmayacaq”.