Bia.Az

İrəvan böyük dəyişikliyə gedir - GƏLİŞMƏ

Region
 5-07-2024, 18:10     637

Son günlər erməni rəsmilərin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqları ilə bağlı fikirlər səsləndirməsi Ermənistanın rəsmi Bakının tələblərini icra edəcəyinin bir növ təsdiqidir.

Rəsmi Bakının əsas tələblərindən biri isə Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsidir. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı torpaq iddiasının olmasıdır ki, bu amilin özü sülh sənədinin imzalanmasını mümkünsüz edir. Bu baxımdan Ermənistan referenduma getmək məcburiyyətindədir. Görünən isə odur ki, Paşinyan hakimiyyəti artıq referenduma getməyə hazırlaşır. Nəzərə alsaq ki, bir neçə gün əvvəl Ermənistan rəsmilərinin, sülh sənədində razılaşdırılmayan məqam qalayıb deməsi də referendum məsələsini aktuallaşdırır. İyulun 11-də isə Ermənistan parlamentinin növbədənkənar iclası çağırılacağı ilə bağlı məlumat yayılıb.

Müvafiq qərar iyulun 4-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Qeyd edək ki, Milli Məclisin növbəti sessiyası iyunun 20-də başa çatıb, növbəti iclası isə sentyabrda işə başlayacaq. Növbədənkənar sessiyada isə referendum elanının olacağı istisna edilmir.

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi-şərhçi Əziz Əlibəyli “Cümhuriyət”-ə deyib ki, indiki vəziyyətdə Ermənistanda referendum keçirmək mümkündür:

“Çünki Ermənistanda artıq referendumun keçiriləcəyi ilə bağlı mesajlar Baş nazir səviyyəsində verilir. Təbii ki, referendum təklifi deputatların ən az üçdə birinin səsi ilə verilə bilər. Digər tərəfdən Prezident və Baş nazirin də belə bir təklif vermək səlahiyyəti var. Eyni zamanda müəyyən sayda seçici imzası ilə də mümkündür.

Amma bütün hallarda referendum təşəbbüsü parlamentin təsdiqindən keçməlidir.

Paşinyan 2021-ci ildə növbədənkənar parlament seçkilərində səs çoxluğunu ala bilib. İndiki vəziyyətdə Paşinyan parlamentdə sahib olduğu səs çoxluğundan istifadə edib referendum elan edə bilər. Paşinyan ictimai dəstəyi də arxasına alıb bu qərarına siyasi dəstək ala bilər. Paşinyan üçün hazırda müxalifətin referendumla bağlı razılığına da ehtiyac yoxdur. Siyasi stabillik üçün də müxalifətin mövqeyi nəzərə alınmalıdır, amma son proseslərə nəzər saldıqda, Paşinyanın buna ehtiyac duymayacağı aydın görünür”.


скачать dle 12.1