Bia.Az

Tehran və Eçmiəzdin kilsəsi Paşinyana qarşı - NƏ BAŞ VERİR?

Region
 30-04-2024, 12:48     242

İrandakı ermənilər Ermənistanda Azərbaycanla sərhəd ərazilərin delimitasiyasına qarşı keçirilən aksiyaları dəstəkləyirlər.

Belə ki, Tehranda erməni Yeparxiyasının rəhbəri, arxiyepiskop Ter Sepuh Sarkisyan Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Ter Baqrat Qalstanyana dəstək məktubu göndərib.

T.S.Sarkisyan öz məktubunda İrandakı erməni icmasının Ermənistanın Azərbaycanla sərhəd ərazilərində keçirilən aksiyalara dəstəyini ifadə edib.

“Gevond Yeretsyanın ruhu ilə siz Vətəni və imanı qorumaq naminə yeni Avarayr təbliğ edirsiniz. Tehranda yaşayan insanların çoxu uşaqları, gəncləri və qocaları ilə birlikdə sizin tərəfinizdə durub uğurunuz üçün dua edirlər, çünki sizin uğurunuz bizim uğurumuzdur. Tavuşda da, başqa yerlərdə də xalqımızın hüquqlarını qorumaq üçün hamımız birlikdə mübarizə aparmalıyıq.

Çünki xalqımız bu torpaqları qanını tökərək bizə vəsiyyət edib və biz axıdılan qanı tam unuda bilmirik", - deyə T.S.Sarkisyan vurğulayıb.

Görünən odur ki, İran hakimiyyətinin və ya müəyyən dairələrin göstərişləri əsasında Tehrandakı erməni Yeparxiyası Ermənistanın Azərbaycanla sərhəd ərazilərində yerli sakinləri kilsə xadimləri vasitəsilə delimitasiyaya qarşı etirazlara qoşulmağa təşviq edir. Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cebhe.info”-ya şərhində qeyd edib ki, Ermənistanda və İranda erməni kilsəsi eyni mövqeyi bölüşür:

“Nikol Paşinyan hakimiyyətə gələndən sonra hökumət ilə erməni kilsəsi arasında çox ciddi münaqişə yaranıb.

Paşinyan hakimiyyəti və Eçmiəzdin kilsəsinin Ermənistanın xarici siyasətilə bağlı baxışları ziddiyyətlidir. Həmçinin hazırki iqtidar Eçmiəzdin kilsəsini bir çox imtiyazlardan məhrum edib. Hətta ruhanilərin cangüdənlərinin dövlət tərəfindən maliyyələşdirilməsi dayandırılıb. O ki qaldı Tehranda erməni Yeparxiyasının Ermənistandakı aksiyalara münasibətinə, mahiyyət etibarilə Tehrandakı erməni kilsəsinin Eçmiəzdin kilsəsindən heç bir fərqi yoxdur.

Qeyd edim ki, bu ilin aprelin 24-də Tehrandakı erməni Yeparxiyasının qondarma erməni soyqırımı ilə bağlı bəyanatında Zəngəzur dəhlizinin açılmasının yolverilməz olduğu və İrandakı erməni icmasının Azərbaycanla sərhəd ərazilərin delimitasiyasına qarşı çıxdığı vurğulanır”.

Ekspertin fikrincə, İran hakimiyyətinin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mövqeyi Tehrandakı erməni Yeparxasiyasının bəyanatında öz əksini tapıb:

“Tehrandakı erməni arxiyepiskopu Ter Sepuh Sarkisyanın və Ermənistanın Tavuş vilayətində erməni kilsəsinin ruhanisi Ter Baqrat Qalstanyanın mövqeyinin eyni olması heç bir şəkildə təəccüb doğura bilməz. Çünki hər ikisinin hədəfləri eynidir. Yəni onlar Paşinyan hakimiyyətinin devrilməsində, o cümlədən Azərbaycan ilə Ermənistan arasında daim gərginliyin qalmasında maraqlıdırlar”.
скачать dle 12.1