Bia.Az

İrəvanla “vicdanlı” Qarabağ müzakirəsi - razılaşdırılmayan nə qalıb ki?

Region
 23-04-2024, 12:09     201

“Rusiya Qarabağdakı vəziyyətin vicdanlı şəkildə müzakirəsi üçün Ermənistanla ən yüksək səviyyədə təmaslara ümid edir”.

Bunu ötən həftəsonu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Nikol Vovaeviç Paşinyan dedi ki, onlar Rusiya ilə olanları dəyərləndirirlər. Rusiyanın təhlükəsizlik, iqtisadiyyat, suverenlik üçün etdiklərini qiymətləndirməmək çətindir, münasibətlərimizdə olanları qiymətləndirmək lazımdır. Ümid edirəm ki, o, prezident Vladimir Putinlə təmas quracaq, orada Qarabağ ətrafındakı vəziyyət bizim qərbli bədxahların irəli sürdüyü arqumentlər olmadan açıq şəkildə müzakirə oluna bilər”, - deyə Rusiya baş diplomatı bildirib.

Nikol Paşinyan isə ötən həftəsonu verdiyi açıqlamasında Putinlə görüşünü istisna etməyib. “Görüş olacaq, çünki bizim görüşməmək kimi planımız yoxdur. Ancaq necə, nə vaxt, bunu indi deyə bilmərəm”, - baş nazir əlavə edib.

Bəs Moskva və İrəvan Qarabağla bağlı “vicdanlı şəkildə” nəyi müzakirə edəcəklər? Yerdə nə qalıb ki?

Yada salaq ki, az öncə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova demişdi ki, Qarabağdan köçən ermənilərlə Ermənistandan qovulan azərbaycanlılar və Azərbaycandan gedən ermənilər məsələsini ayırmaq lazımdır. Zaxarova həmçinin Rusiyanın “Bakının ermənilərin Qarabağa qayıdışı ilə bağlı inteqrasiya planını alqışladığını” söyləmişdi.

Qeyd edək ki, erməni mediası baş naziri Nikol Paşinyanın həm Putinin mayın 7-dəki inauqurasiyasında, həm də mayın 8-də Avrasiya İqtisadi Birliyinin yubiley sammitində iştirak etmək üçün Moskvaya gedəcəyini yazıb.

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Sergey Lavrovun Qarabağdakı vəziyyəti Ermənistanla müzakirə etmək istədikləri barədə dedikləri suallar doğurur. Təbii ki, Qarabağ məsələsi ilə bağlı Rusiya Ermənistanın zamanında “müzakirələri” və “razılaşmalarının” nəticəsi olaraq Azərbaycanın torpaqları işğal altına düşmüşdü. 2020-ci ildə 44 günlük müharibə və ondan sonra baş verən proseslər nəticəsində bu problem artıq tarixə qovuşdu, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi, Qarabağ üzərində suverenliyimiz bir daha geri dönüşü olmamağı ilə bərpa edildi: “Hazırda Rusiya ilə Ermənistan arasında münasibətlər heç də yaxşı deyil. Tərəflərin bir-birinə qarşı ciddi iradları və narazılıqları var. Zaman-zaman hər iki tərəfdən səslənən bəyanatlar bunu deməyə əsas verir. Nəzərə alsaq ki, bir müddət öncə Lavrov məhz Rusiya mediasında çalışan erməni jurnalistlərlə görüşmüşdü və onlara verdiyi açıqlamalarda diqqət çəkən məqamlar olmuşdu. Bunlardan biri Rusiyanın hələ Ermənistanı strateji müttəfiqi hesab etməsi fikri idi. Hesab edirəm ki, Lavrov bu məsələləri deyərkən, məhz onu nəzərdə tutub ki, hazırda Ermənistan cəmiyyətində Rusiyaya yönəlik iradlar, suallar var və bu məsələlərə aydınlıq gətirilməsini təklif edir. Ermənistan hakimiyyətində, cəmiyyətində belə bir fikir formalaşıb ki, guya 44 günlük müharibə zamanı Ermənistan müraciət etsə də, Rusiya proseslərə qarışmadı. Yəni Ermənistan hesab edir ki, Rusiya onunla birlikdə Azərbaycan ərazilərində Azərbaycana qarşı döyüşməli idi. Bunun isə cavabını Rusiya prezidenti Vladimir Putin hələ o zaman vermişdi və qeyd etmişdi ki, müharibə Azərbaycan ərazisində getdiyi üçün Rusiya və KTMT bu prosesə qarışa bilməz. Putin düzgün mövqe nümayiş etdirmişdi. Bundan sonrakı zamanlarda şərti sərhəddə baş verən təxribatlar zamanı KTMT və Rusiya kifayət qədər təmkinli davrandı və haqlı olaraq bildirdilər ki, iki tərəf arasında sərhədlərin delimitasiya prosesi həyata keçirilmədiyindən sərhədlərin haradan keçdiyini müəyyən etmək çətindir. Ardınca keçən il Qarabağda baş verən proseslər Ermənistanla Rusiya arasında münasibətləri daha da soyuqlaşdırdı. Erməni tərəfi Rusiyanı onda ittiham edirdi ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan Ordusunun apardığı əməliyyatlara mane olmayıb. Rusiya isə bəyan etdi ki, məhz Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Qarabağ və anklavlar daxil olmaqla tanıdığı üçün artıq vəziyyət dəyişib və Rusiyanın müdaxilə etmək imkanları məhdudlaşıb, ona görə də bu məsələlər Ermənistanla müzakirə olunmalı deyil. Mən düşünürəm məhz vicdanlı müzakirə deyilən məsələ bundan ibarət ola bilər ki, tərəflər oturub açıq şəkildə bir-biri ilə bütün məsələləri müzakirə edə bilərlər və Rusiya da özünün haqlı mövqedə olduğunu izah edə bilər”.

Politoloq vurğuladı ki, hər bir halda təbii ki, Qarabağdakı vəziyyətlə bağlı Ermənistanla müzakirə aparılması məntiqsiz və əslində Azərbaycanın daxili işlərinə qarışmaq kimi qəbul edilə bilər. Qarabağ Azərbaycanın ərazisidir və orada istənilən vəziyyətlə bağlı müzakirə Azərbaycanla aparılmalıdır: “Rusiya ola bilsin ki, hesab edir Ermənistanla münasibətlərin düzəlməsi üçün Qarabağdan köçmüş ermənilərin geri qaytarılmasını İrəvanla müzakirə edə bilər. Lakin hətta bu məsələnin müzakirəsi istənilirsə belə, ərazi Azərbaycanın olduğu üçün Azərbaycanla müzakirə olunmalıdır. Bu məsələnin Ermənistanla müzakirəsi Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edə bilər”.
скачать dle 12.1