Bia.Az

Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır – FETÖ-ün, yoxsa “canişin”ın?

Redaktorun seçimi
 2-06-2024, 13:54     16 620

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının ötən gün keçirilən plenar iclasında qəbul olunmuş qərarlar bir çox insanda bu sualı doğurdu: Əcəba, Azərbaycan hakimiyyəti monolitdirmi?

Cəmiyyətin üzərində baş sındırdığı bu sual əsassız deyildi. Naxçıvanın Baş naziri Ceyhun Cəlilovun təqdimatı ilə Ali Məclis Elxan Nəcəfovu təhsil, Samiq Sadıxov isə səhiyyə naziri vəzifəsinə təyin etdi. Halbuki ondan bir gün əvvəl Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin fəaliyyəti barədə audit yoxlamalarının nəticələrini açıqlamış və məlum olmuşdu ki, bu dövlət qurumunda dövlət əmlakından qanuna uyğun şəkildə istifadə olunmamış, dolayısıyla yeyintilər ortaya çıxmışdı. Baş nazirin təqdimatı və Ali Məclisin qərarı ilə Naxçıvan MR Təhsil naziri əvəzinin nazir vəzifəsinə gətirilməsi sanki Hesablama Palatasına meydan oxuma kimi görsənir və istər-istəməz yuxarıda zikr etdiyimiz suallara yol açırdı.

Ali Məclisin digər təyinatı isə Naxçıvanın yeni hakimiyyətində (bundan sonra “canişinlik”) adı yarıtmaz fəaliyyətlərdə ən çox hallanan Səhiyyə naziri ilə bağlı idi. Vasif Talıbov dövründə tibbi sığortaya nəzarət edən və muxtar respublika səhiyyəsinin az qala iflic vəziyyətə düşməsində müstəsna rol oynayan Samiq Sadıxov Ali Məclisin müvafiq qərarı ilə Səhiyyə naziri vəzifəsinə gətirilmişdi. Sözsüz ki, hər kəs Samiq Sadıxovun vəzifədən uzaqlaşdırılacağını gözlədiyi halda, onun nazir vəzifəsi ilə mükafatlandırılması da ağılları qurcalayan bəzi suallar doğurmaya bilməzdi.

Məsələnin ən maraqlı tərəfi təyinatların Naxçıvan MR Baş naziri Ceyhun Cəlilov tərəfindən təqdim olunması idi. Söz yox ki, Ceyhun Cəlilovun belə bir təqdimat verməsi qanunvericiliyə zidd olmaya bilər. Naxçıvan “canişinliyi” hökumətinin formal başçısı olduğundan, təqdimatın da Ceyhun Cəlilov tərəfindən verilməsi hardasa başadüşüləndir. Amma məsələ ondadır ki, bir il içərisində nazirlikdən Baş nazirliyə qədər astronomik sıçrayışlar etməyi bacaran Ceyhun Cəlilov da süddən çıxmış ağ qaşıq kimi görünmür. Onun barəsində Naxçıvanda xeyli söz-söhbətlər dolaşır, adı FETÖ-çülükdən tutmuş ən müxtəlif maxinasiyalara qədər ən müxtəlif qanunazidd əməllərdə hallanır.

Redaksiyamıza Ceyhun Cəlilovun “əmək təcrübəsi” barədə göndərilmiş şikayət məktubunu bəzi kiçik ixtisarlarla təqdim edirik. Qeyd etmək istərdik ki, yazıda ixtisara saldığım məqamlar məişət həyatı ilə bağlı idi və biz kiminsə özəlinə burun soxmaq niyyətində deyilik. Bizi istənilən məmurun əmək fəaliyyəti daha çox maraqlandırır. Beləliklə, Ceyhun Cəlilov dosyası ilə tanış ola bilərsiniz:

“Talıbov xanlığı”nı naxçıvanlılara sevdirən Nəcəfli “canişinliyi”

Vasif Talıbov vəzifədən uzaqlaşdırıldan sonra Naxçıvanın günü lap qara olmuşdur. Naxçıvanla bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlara yazılan rəylərdən də başa düşmək olur ki, vəziyyət hərtərəfli acınacaqlıdır. Bakıdan gətirilən kadrların fikri ancaq büdcəni talamaq, yerli əməkdaşları “talıbovçu” ittihamı ilə işdən uzaqlaşdırmaq, yerlərinə öz tanışlarını gətirmək olmuşdur (Yeri gəlmişkən, Azərbaycan Respublikası Hesablama Palatasının vaxtaşırı Naxçıvandakı yeyintilər barədə rəsmi hesabatları bu iddianın ən mühüm hissəsini təsqidlər – Ovqat.com). İşsizlik, əxlaqsızlıq ən yüksək səviyyəyə çatmışdır. Kəndlər, məhəllələr boşalmışdır. Əhali sürətlə Naxçıvanı tərk edir. Artıq əhali arasında Vasif Talıbova qarşı aqressiya yerini simpatiyaya buraxır. Olan isə bizlərə olur.

Oliqarxlıqdan baş nazirliyə yüksəliş hekayəsi

Sizə göndərdiyim məlumatlar Naxçıvanın hazırki baş naziri Cəlilov Ceyhun Ramiz oğlu barədədir. Bildiyiniz kimi, Ceyhun Cəlilov ötən ilin mart ayında Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub. Həmin dövrədək isə DOST Agentliyində sədrin müavini (kurasiyasında iqtisadi məsələlər olub) olmuşdur. Ceyhun Cəlilovun “Value Collection” adlı şirkəti (VÖEN 1903719241) var. Həmin şirkətə Novxanı qəsəbəsində yerləşən “Regnum” hotelini, Mərdəkan qəsəbəsindəki “Al Breeze” restoranını, Qəbələ rayonunda “White Boutique” hoteli daxildir. Şirkət C.Cəlilovun sinif yoldaşı Əli Bayramovun qaynatası Əsgərov Həsən Muxtar oğlunun adına açılıb. Bütün işləri isə Xəyal Talıbov tərəfindən idarə olunur.

Nazirliyin keçirdiyi tenderlərə qeyri-rəsmi olaraq Xəyal Talıbov nəzarət edir. Əli Bayramov Bakı şəhərində “nağdlaşdırma” işlərinə baxır. Tenderlərdə öz şirkətlərinə köçürülmüş pullar Əli tərəfindən nağdlaşdırılaraq C.Cəlilova qaytarılır.

FETÖ kölgəsi və tələbə Baş nazir

Cəlilov Ceyhun Ramiz oğlu Naxçıvan Türk Liseyində oxuyarkən Fətullah Gülən tərəfdarı olan müəllimlərlə daha yaxın olmuş, onlar tərəfindən 9-cu sinifdən etibarən Naxçıvan şəhərində yerləşən və Fətullahçı müəllimlər tərəfindən tutulan kirayə mənzillərdə universitetə daha yaxşı hazırlanmaq adı altında yaşamışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olduqdan sonra Fətullahçılara məxsus olan Yasamal rayonu ərazisində yerləşən mənzildə yaşamışdır. Universitet illərində örgütə gənclərin cəlb olunması istiqamətində fəallıq göstərmişdir. Türkiyədə FETÖ-nun çevriliş cəhdindən sonra həyat tərzini aldığı tapşırığa uyğun olaraq dəyişdirmiş, lakin gizli olaraq örgütə sədaqətini daima numayiş etdirmişdir. Belə ki, həmin dövrdə Naxçıvan Türk Litseyində dərs aldığı müəllimlər FETÖ təşkilatına üzv olmaq ittihamı ilə həbs olunduğu zaman sinif və tələbə yoldaşlarından həmin şəxslərə və “Sızıntı” jurnalına yardım adı altında pullar toplamışdır. Hazırda İngiltərədə qiyabi təhsil alır. Təhsil məqsədilə İngiltərəyə gedərkən FETÖ-nun yüksək rütbəli nümayəndələri ilə İngiltərə və Avropanın müxtəlif ölkələrində görüşüb, təlimatlar alır. Habelə tələbəlik illərində və sonrasında FETÖ-nün Naxçıvandakı iki ən yaxın şəxsi Hasan Avcı (Liseydə müəllim işləmişdır) və Süleyman Okumuş (Zaman qəzetinin Naxçıvan bölgə müdiri) ilə Ankara şəhərində gizli formada görüşlər keçirmişdir. Hazırda hər iki şəxs Fətullahçı terror örgütünə üzvlükdən axtarışdadır.

Süleyman Okumuşun FETÖ-nun Naxçıvan imamı olduğu barədə Müsavatda 11 aprel 2014-cü ildə “Naxçıvan imamı”nın Mirməhəmməd Seyidovun həbsi ilə hansı əlaqələri var? adlı məqalə dərc olunmuşdur.

https://musavat.com/news/olke/Naxcivan-imaminin-Mirmehemmed-Seyidovun-hebsi-ile-hansi-elaqeleri-var_190592.html

Tələbəlik dönəmlərində Ceyhun Cəlilov FETÖ sempatizanı olan gənclərin xaricdə oxumaqlarına şərait yaratmaq məqsədilə digər qruplaşma üzvləri ilə birlikdə Golden Gate xaricdə təhsil mərkəzini yaratmışdır. Mərkəz C.Cəlilov İqtisadiyyat Nazirliyində işə girənədək fəaliyyətini davam etdirmişdir.

Heydər bəy, Ceyhun Cəlilov əvvəllər Naxçıvan Dövlət Sosial Müdafiə Fondunda işləyən, sonra isə korrupsiya əməllərinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) uyğun olaraq işdən azad olunmuş, barəsində DTX və Prokurorluqda cinayət işləri olan İsmayılov Hikmət Nəsir oğlunun vasitəsilə Nazirlikdə və ona tabe qurumlarda bir neçə savadlı kadrı işdən uzaqlaşdırmış, bəzilərindən isə pul alaraq yüksək vəzifəyə təyin etmişdir. Ceyhun Cəlilov nazir təyin olunduqdan sonra vəzifə səlahiyyətlərindən istifadə edərək Hikmət İsmayılovun üzərində olan cinayət işlərinə xitam verdirmiş, əmək kitabçasında 70Ç bəndini götüzdürmüş, daha sonra ondan yüksək məbləğdə pul alaraq Bakıda DOST mərkəzlərinin birində şöbə müdiri vəzifəsinə düzəltmişdir.

Kəmaləddin Heydərovun işdən qovduğu mühafizəçi ilə Ceyhun Cəlilovu hansı tellər bağlayır?

Sizə Sədrəddin Səfərov barədə də məlumat vermək istəyirəm. Kimdir bu Sədrəddin Səfərov? S.Səfərov uzun müddət Fövqaladə Hallar naziri Kəmaləddin Heydərovun mühafizəçisi olmuşdur. Babək rayonunun Ceşməbasar kəndindəndir. Savadı sıfır dərəcəsindədir. C.Cəlilovun əsgər yoldaşı olub. Bəzi əməllərinə (detalları ixtisar olunub – Ovqat.com) görə K.Heydərov tərəfindən işdən qovulub. Bir dəfə isə məişət zəminində bıçaqlanıb. C.Cəlilov onu nazirliyə işə götürmüş, qeyri-rəsmi olaraq köməkçi funksiyasını tapşırmışdır. Baş nazir təyin olunduqdan sonra isə özünə köməkçi təyin etmişdir.

Ceyhun Cəlilov nazir kimi fəaliyyət göstərdiyi dövrdə barəsində redaktoru olduğunuz saytda yazılan məlumatları sildirmək məqsədilə Azərbaycanın xalq artisti, əslən Naxçıvandan olan Həsən Ağasoy vasitəsilə sizə rüşvət verdiyini bəzi dairələrdə səsləndirmişdir (Qeyd etmək istərdik ki, biz bir nəşr olaraq heç kimdən, xüsusilə də xalq artisitindən rüşvət götürmərik, sadəcə dəyərli ziyalılarımıza etibar edər və onların sözünü yerə salmarıq.

Naxçıvan “canişinliyi”ndə Şahbuz mafiyası

Bununla yanaşı Ceyhun Cəlilov vaxtilə DOST agentliyində işə düzətdiyi bəzi şəxsləri Naxçıvanda nazirlikdə müxtəlif vəzifələrə gətirmişdir. Həmin şəxslərin əksəriyyəti yerliləri, yəni şahbuzlulardır. Belə ki, o, Naxçıvan Türk Litseyinin məzunlarından Rasim Piriyevdən pul alaraq Dövlət Məşğulluq Agentliyində sədr təyin etmişdir. Rasim Piriyevin yaxın qohumu qeyd olunan faktı təsdiqləmiş. Hətta bu məqsədlə onun bankların birindən 16 min manat kredit götürdüyünü bildirmişdir.

Ən acınacaqlı olan isə Ceyhun Cəlilovun özü ilə birlikdə gətirib nazirliyə Aparat rəhbəri təyin etdiyi Bağırzadə Fərid Taləddin oğlu ilə bağlıdır. Fərid Bağırzadə ötən ilin iyul ayında nazirlikdə yaşadığı bir qalmaqal (Qalmaqalın detalları barədə iddialar ixtisar edilmişdir – Ovqat.com) MR-də geniş müzakirə mövzusu oldu. C.Cəlilov həmin qalmaqalda iştirak edən şəxsi hədələyərək ərizə yazdırıb işdən çıxartdı. Bununla belə, F.Bağırzadə öz əməllərindən vaz keçmədi, hətta bir dəfəsində iş üstündə polis tərəfindən yaxalandı (Detallar daxili senzuradan keçmədi- Ovqat.com).

Ceyhun Cəlilov nazir işlədiyi dövrdə sinif yoldaşı, qohumu, şöbə müdiri olan Həsən Abbasov vasitəsilə Culfa rayon sakini şəhid atası Məhəmməd Nəcəfovdan 6000 manat alaraq həmin ailəyə 2 mənzil vermişdir. Oğlunun biri şəhid, digəri isə qazidir.

C.Cəlilov baş nazir təyin olunduqdan sonra Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə bütün tenderlərə özünün nəzarət edəcəyini tapşırmışdır. Ceyhun Cəlilovun Naxçıvan əmək və əhalinin sosial müdafiəsi naziri olduğu dövrdə keçirdiyi tenderlərdə qalib olmuş şirkətlər barədə məlumatlar aşağıdakı kimidir.

Ceyhun Cəlilovun himayədarlıq etdiyi şirkətlər

ZN TRADE MMC ötən dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabe qurumları tərəfindən keçirilən 14 tenderin qalibi olmuşdur. Həmin tenderlər üzrə ümumi xərclənən məbləğ isə 5.943.294 (beş milyon doqquz qırx üç min iki yüz doxsan dörd) manat olmuşdur. ZN TRADE MMC 09.09.2022-ci ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Kərimov Nüsrəddin Yolçu oğludur. 10 manat nizamnamə kapitalına malıkdir. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi, 3/8-dir. 2007592551 nömrəli VÖEN-ə malikdir. Nüsrəddin Kərimov haqqında internet resurslarında heç bir məlumat əldə edilməmişdir. ZN TRADE MMC Ceyhun Cəlilovun DOST Agentliyinə təyinatından sonra nazirliyin və agentliyin keçirdiyi tenderlərin qalibi olmuşdur. ZN TRADE MMC Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi 1 tenderin də qalibi olmuşdur. Tender 16.11.2023-cü ildə keçirilmiş və həmin şirkətə 162.872 manat pul köçürülmüşdür.

https://etender.gov.az/main/competitions?params=EventType%3D2%26PageSize%3D15%26PageNumber%3D1%26EventStatus%3D2%26Keyword%3D%26buyerOrganizationName%3D%26PrivateRfxId%3D%26publishDateFrom%3D%26publishDateTo%3D%26AwardedparticipantName%3DZN%2520TRADE%26AwardedparticipantVoen%3D%26DocumentViewType%3D




“ENDLESS GOODS” QSC Azərbaycan Respublikası ƏƏSMN-nin keçirdiyi 16 tenderin qalibi olmuşdur. Həmin tenderlər üzrə xərclənən ümumi məbləğ 4.108.705 manat olmuşdur. “ENDLESS GOODS” QSC 01.09.2020-ci ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Allahverdiyev Səbuhi Tofiq oğludur. 100 manat nizamnamə kapitalına malikdir. Hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Bilgəh ŞTQ, Kadioloji sanatoriyasıdır. 5701317041 VÖEN-ə malikdir. İnternet resurslarında şirkətin 2023-cü ilin oktyabr ayında Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdiyi barədə məlumat var. “ENDLESS GOODS” QSC 16 noyabr 2023-cü ildə Naxçıvan MR ƏƏSMN tabeliyində olan Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin keçirdiyi 170.423 manatlıq tenderin qalibi olmuşdur.

B2B Group MMC ölkə üzrə keçirilmiş 127 tenderin qalibi olmuşdur. Həmin tenderlərin isə 58-i AR ƏƏSMN-nin keçirdiyi tenderlərdir. Naxçıvan MR ƏƏSMN-nin 1 tenderinin qalibi qeyd olunan şirkət olmuşdur. Nəticədə həmin şirkətə 123.333 manat vəsait köçürülmüşdür.

Şirkətin bu qədər tenderlərdə qalib olması onu göstərir ki, ƏƏSMN rəhbərliyi ilə bu və ya digər formada əlaqəsi vardır. Məhz bunun nəticəsidir ki, cari ilin 01 mart tarixində şirkətin B2B Group Naxçıvan şirkəti yaradılmışdır. Məqsəd isə Naxçıvandakı İKT sahəsində keçiriləcək tenderləri qeyd olunan şirkətə verməkdir.

C ENERGY MMC 04.07.2023-cü il tarixdə Babək rayonun Cəhri kənd sakini Quliyev Fariz Vaqif oğlunun adına, 0300937671 VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun 05.12.2023-cü ildə keçirdiyi 95.782 manatlıq tenderin qalibi olmuşdur.

Şirkət Fariz Quliyev kimdir? Fariz Quliyev Ceyhun Cəlilovun hotellərinə rəhbərlik edən, tenderlərdə iştirak edən şirkətlərlə müzakirələr aparan Xəyal Talıbovun xalasının oğludur.

VVOOD STREET MMC 23.08.2023-cü ildə Babək rayonunun Cəhri kənd sakini Quliyev Fariz Vaqif oğlunun adına yaradılmışdır. Ötən dövr ərzində Naxçıvan MR ƏƏSMN və tabe qurumlarının mebel avadanlıqlarının satın alınması ilə bağlı bütün 5 tenderlərdə qalib olmuşdur. Şirkət mebel istehsalı üçün heç bir maddi texniki vəsaitə malik deyil. İstehsalatı Zaur adlı şəxsin mebel sexində aparılıb. Görülən işin müqabilində Zaura ödəniş edilib. Tenderlərin ümumi məbləği 167.214 manat olmuşdur. Görüldüyü kimi, hər 2 şirkət eyni şəxsə məxsusdur və birmənalı olaraq da Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tenderlərinin qalibi olmuşlar.

SMART MASTER MMC 21.09.2023-cü ildə Qasımov Rövnəq Arif oğlunun adına qeydiyyata alınmışdır. Şirkət Naxçıvan MR ƏƏSMN-nin keçirdiyi 4 tenderin qalibi olmuşdur. Həmin tenderlər üzrə 113.948 manat ödənilmişdir. Rövnəq Qasımov kimdir? Bu şəxş Ceyhun Cəlilovun sahibi olduğu “Regnum” hoteldə mühafizəçi işləyir.

Ceyhun Cəlilov baş nazir təyin olunduqdan sonra Nazirlər Kabinetinin bir neçə dövlət qulluqçusu əməkdaşlarını ərizə yazdıraraq işdən uzaqlaşdırmışdır. Ərizə yazmayanları isə təhdid edir. Nazirlər Kabinetinin bir əməkdaşı ərizə yazmadığına görə hazırda çox ciddi şəkildə hədələnir. Nazirlər Kabinetində işləyən tanıdıqlarınızdan qeyd olunan faktı təsdiqlədə bilərsiniz.

Bəylər özümün və ailəmin təhlükəsizliyi üçün sizə bu məlumatları anonim formada göndərirəm. Hazırda Naxçıvana rəhbərlik edən şəxslərin qəddarlıqda V.Talıbovdan daha yaxşı olduğu aşikardır. Amma lazım bildiyiniz təqdirdə sizinlə əlaqəyə çıxa bilərəm.

Hörmətlə.

P.S. Qeyd etmək istərdik ki, Ceyhun Cəlilov barədə irəli sürülən ittihamlar bizə aid deyil. İddialar konkret faktlara əsaslandığından dərc etməyi məsləhət gördük. Naxçıvanın Baş naziri barədə ittihamlar birbaşa milli təhlükəsizlik sahəsinə aid olduğundan, ümid edirik ki, müvafiq dairələr bu yazını diqqətlə araşdıracaq.

Bir informasiya vasitəsi olaraq, sözçülərinə bizi “Vətənə xəyanət”də ittiham etdirən Ceyhun Cəlilov müəllimin də iddialarla bağlı fikirlərini yayımlamağa hazırıq. (ovqat.com)скачать dle 12.1