Bia.Az

“Kişinin başına iş gələr”, amma o vəziyyətdə yox...

KÖŞƏ YAZARLARI
 11-10-2022, 12:16     352

Qabaqlar kişilərin başına iş gələrdi, adları dillərə düşərdi, ellərə yayılardı, çayxanalarda kişilər, doqqazlarda qadınlar onlardan danışardı.

Məsələn, kişilər asta səslə deyərdilər ki, əmoğlu, filankəsin haqq-hesabını eşitdin də, bir arvad da saxlayırmış, üstü açılıb, kimsə arvadına çuğullayıb, indi evində qırğındır. Söhbətə yeni kurs olan şəxsin reaksiyası yüzdə doxsan halda belə olardı: “Kişidir də. Nə etməlidir? Pulu var, imkanı var, saxlayacaq”.
Eyni hadisəyə qadınların yozumu bir başqa olardı. Onlar çeşmə qırağında, çəpər başında tematik brifinq keçirərdilər: “Aaz, xəbəriniz varmı, o başıbatmışın bir arvadı da varmış, dünən köhnə arvadı gedib təzəni saçlayıb, sürüyüb, zorla əlindən alıblar”. Bu xəbəri dinləyən həmsöhbətlərin reaksiyaları həmişə rəngarəng olardı. Biri deyərdi, onun əri elə şey eləsə, dərhal boşanardı. O biri deyərdi ki, vəzifəsi olsun, yaxşı pul qazansın, harda sümsünür, sümsünsün. Başqa biri deyərdi, ağıllı arvad belə şeylərə görə dava salmaz və sair və ilaxır. Yüz variant.
Nəticədə adı dilə-dişə düşmüş kişi beç-on gün ortalıqda görünməzdi, gündəm dəyişərdi, ondan sonra heç nə olmamış kimi, hətta şəstlə adam içinə çıxardı, niyyəti pozuq olanlar ona həsədlə baxardılar. Bu barədə söz açılsa, zarafata salıb deyərdilər, əşi, kişinin başına iş gələr.
İndi kişilərin başına elə işlər gəlir ki, açılıb-büküləsi deyil. Vallahi, kişinin başına o cür işlərin gəldiyi ilk günlərdə adam düşüb ölsə, meyidi ortalıqda qalar. Yaxşı ki, sonradan vəziyyət dəyişir, ortalığa malyarlar, vizajistlər girir, “pis işi” malalayır, üzüqaranın sifətini bəzəyir, bir hala gətirirlər.
Yoox, söhbət korrupsiya və rüşvətxorluq üstündə ifşa olunanlardan, qandallanıb içəri qoyulanlardan getmir. O iş bu ölkədə çoxdan qəbahət sayılmır, “kişi işi” sayılır, ictimaiyyət arasında da ciddi bəraəti var. Çox insanlar istərdi ki, maşınlarından, villalarından 50-60 milyon (minimum) avro pul tapılsın və onları içəri bassınlar. Bu arzuda olan adamlar görmüşəm, deyirlər ki, 2 il yatıb çıxaram, lap 50 milyonumu da əlimdən alsalar da, 5-6 milyon da özümə qalar, gül kimi yaşayaram.
Yəni bu kişinin başına gələcək “ən pis işlər”in ilk onluğuna girmir. Daha pis şeylər var. Məsələn, heç bir kişi istəmir ki, meyidi otel otağında, özü də şalvarsız tapılsın, üstəlik, həkimlər də epikriz versin ki, adam ürəktutmadan ölüb. Bax, biabırçılıq budur.
Bu məsələni bu hala salan komediya ustası Cem Yılmaz olub. Onun “viaqra” içərək cavanlıq etmək istəyən və qismən ölən Bahəddin amca barədə danışdığı monoloqun replikası (“kalp diyorlar”) həkimlərin diaqnozunu alt-üst edir. Yadımdadır, 4-5 il əvvəl bir vəzifəli şəxs 70 yaş civarında qəfildən ürəktutmadan ölmüşdü. Saytlar hamısı xəbər yazmışdı. Biz də xəbəri vermişdik. Bir-iki saatdan sonra bir xətirli həmkar zəng edib xahiş elədi ki, xəbərdən “qəfil ürəktutma” kəlmələrini çıxaraq. Çıxarmağına çıxardıq, amma fikirləşə-fikirləşə qaldıq. Axırda anladıq: mərhumun oğlu atasının vəfatı barədə hansısa gicbəsər bloqqerin “kalp diyorlar” yazacağından qorxub, hesab edib ki, ortaya belə bir söz atılsa, anındaca sosial şəbəkədə trendə çevriləcək və ağsaqqalın adı bədnam olacaq.
Yaxud, kim istəyər ki, hörmətli və ağıl-kamalı adam ikən adı narkoman çıxsın, insultdan ölsə də, desinlər, dozadan artıq maddə qəbul etdiyi üçün ölüb. Heç kim istəməz.
Kompüterin qabağında soyunduğu yerdə çəkilən videosunun yayılmasına görə ül üzünə çıxa bilməyənlər var.
Eləcə də heç kəs hamamda çəkilmiş çılpaq şəkilləriylə şantaj olunmaq da istəməz, əgər belə bir şantajla üzləşərsə, istəyər ki, o şəkillər ictimailəşməsi. Buna görə dələduzlara ətək-ətək pullar tökənlər olur ki, nə diş bilsin, nə dodaq.
İntəhası, dələduz və reketlərdə insaf-mürvət, qanacaq-qabiliyyət olmalıdır ki, o cür şəkillərə görə bir adamdan uzağı üç dəfə pul alsınlar, məsələ bitsin. Yoxsa budur, məhkəmədə açılır ki, həyasız dələduzlar pullu adamın ömrünə oturublar, gedib-gəlib pul tələb ediblər, o da axırda bezib, şikayət edib, şantajçıları tutdurub.
İndi çox adam maraqlanır ki, görəsən, əslində o necə şəkillərdir. Hətta bəziləri quşqulanır ki, şəkil söhbəti boş şeydir, ortada başqa haqq-hesab var. Nə olacaq, uzağı, masaj olub, adamı üzüquylu uzandığı yerdə şəklini çəkiblər, sonra da şantaj ediblər. Yaramaz şantajçı, get qürur duy ki, o boyda vəzifəli adamı masaj eləmisən, ta şantaj nədir?
Ona görə də, bu işlər, eləcə də şantajçının elədiyi iş “kişinin başına iş gələr” qrafasına girmir.
Bir sözlə, bax, zəmanənin zayı belə çıxıb. İki və daha çox arvadla yaşamaq artıq şərait məsələsinə (hələlik şəriət qaydası deyil) çevrilib və xəcalət çəkilməsinə səbəb olmur.
Keçəl və padşahın hamam vaqiəsi barədə bir köhnə lətifə bilirdim, tələbə yoldaşım Yasif danışmışdı, nəsə biədəb söhbət idi, düzü, detalları da yadımdan çıxıb.
Samir SARIскачать dle 12.1