Bia.Az

Əhməd Oğuzun xatirəsinə

KÖŞƏ YAZARLARI
 30-08-2022, 12:34     609

Şair, publisist, kino xadimi Əhməd Oğuzun ölümündən bir il ötür.

Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanda, Dağ Borçalı mahalında doğulub. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Qubada və Qərbi Azərbaycanda dil-ədəbiyyat müəllimi, “Azərbaycan” qəzetinin (Sabir Rüstəmxanlının baş redaktor olduğu nəşrin) müxbiri, “Xəzər” jurnalının şöbə müdiri, “Oğuz eli” qəzetinin məsul katibi vəzifələrində işləyib. 1993-cü ildən indiki “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində çalışıb, Respublika Radiosunun şöbə müdiri olub.

Şeir kitablarının, sənədli filmlərin, publisistik əsərlərin müəllifi Əhməd Oğuz 2021-ci ilin avqust ayının 31-də onkoloji xəstəlikdən vəfat edib.
Novator.az saytı yazıçı Fəxri Uğurlunun Əhməd Oğuzun xatirəsinə yazdığı şeiri oxucuların diqqətinə çatdırır.

ƏHMƏD OĞUZA

Bir qatarın dalınca qaçırdıq yorğun-yorğun,
Qatar məni gözlədi, sən gözləmədin.
Enlikürək qaçışına qurban olduğum,
Arxanca gələn oğlanı heçmi sezmədin?
Üzü qaranlığa getdin, sənə çata bilmədim,
Kürəyindən nur axdı ürəyimin yoluna.
Ölümünə batardım, sənə bata bilmədim,
Ötürə bilmədim səni ölümünün sonuna.
O qaçan ayaqların noldu axsadı, Əhməd,
Ölüməmi axsadı, həyatamı axsadı?
Yolmu döydü ayağını, yolmu axsadı, Əhməd?
Fələk səni axsadıb hamıdan tez haxladı…
Yadındamı Qalakəndə endiyimiz dar zaman,
Dar dərələr, dar körpü, dar göylər, dar çay, dar kənd…
Sən onda elə ağladın, varım yox oldu vardan,
Onda inandım – hələ var ümid, var, var, Əhməd!
Avtobusla enəndə o dağların döşündən
Bir qibləni sağa saldıq, birini sola.
Baxışların buz bağladı sazaq döyən şüşədə,
Fələyin təkərinə söydük şəhərə az qala.
Ayrılıq şeirini denən, ayrılaq dedim – dedin.
Kor olsun ayrılıqları… Koralmadı ayrılıq.
…Dünyada səndən betər şeytan yoxmuş dünyada –
Yorulmadın, ayrılıq?! Yorulmadın, ayrılıq?!
İndi səni necə tapım bu oğursaq yurdunda, –
Qatar dalıncamı qaçım, avtobuslamı gəzim?
Oturduğun kafelərin əylənirəm yanında,
Qonduğun masalarda gözlərim səni gəzir.
Sənsiz qaldı bu dünya. Sənsiz qaldıq sənlə mən.
Evimə gələcəkdin, evim sevinəcəkdi…
Hey balkona çıxıram, baxıram pəncərədən,
Nə yaman uzun çəkdi, nə yaman uzun çəkdi…
Artıq alışdıq sənsiz yaşamağa, ay Əhməd,
Atıb getdiyin həyatın gerçək üzü bax budu.
Bu dünyada yiyəsiz qoyduğun o yüz min dərd
Səndən sonra bu yüz min dostuna övlad oldu…

Fəxri Uğurlu
16.01.2022скачать dle 12.1