Bia.Az

Bizi qoruyan tarix

KÖŞƏ YAZARLARI
 11-01-2022, 10:58     1 598

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Dünyanın müxtəlif yerlərində, əsas da yan-başımızda xalqların haqlı etirazları zamanı bəzi siyasi xadimlər, vətəndaş cəmiyyəti nümayəndələri, vətəndaşlar “filan xalq kimi də olmadıq” deyib xalqımızı aşağılamağa çalışırlar. Hətta “ərəb baharı” zamanı da bunu çox gördük-eşitdik, o “ərəb baharı” ki, tam fiaskoya uğradı, xalqlara zülm, daha böyük dərdlər gətirdi, avtoritarizmin möhkəmlənməsinə, daxili münaqişələrin artmasına, vətəndaş müharibələrinə səbəb oldu.
Amma yan-başımızda olan Gürcüstan, Ermənistan, Ukrayna və Moldovada vəziyyət başqa cürdür. İndi Qazaxıstanda Rusiyanın oyun qurduğuna inanmaq, aşkar faktları görmək istəməyən bəziləri arqument kəşf ediblər: “Rusiya bunu Qazaxıstanda edirsə, niyə Ukrayna, Moldova, Gürcüstan və Ermənistanda etmir, axı onlar Qərbpərəst siyasət yürüdərək Moskvanın əleyhinə gedirlər?”
Moskva Ukrayna, Moldova, Gürcüstanın ərazilərini işğal edib, Ermənistana da təzyiqlər var. Hər dörd ölkədə institusional olaraq müxalifət, sivil toplum, media ayaqda idi, ayaqdadır və belə ölkələrdə Kremlin hər istəyini tam yerinə yetirmək mümkün olmur, işlək institutlar təzyiqləri amortizasiya etməyə imkan yaradır. Həm də Qazaxıstan müsəlman-türk respublikası olduğu üçün Kreml orada daha sərt, daha qəddar davrana bilir.
Gələk bizim məmləkətə. Bizim tariximizdə fəxr, güvən, istinad nöqtəmiz olan Azərbaycan Demokratik Respublikası var, bu, çox vacib faktdır, Xəzərin o tayındakı respublikaların belə tarixi istinad nöqtələri yoxdur. Millətimizin tarixi yaddaşında ADR çox vacib “vaksin” rolunu oynayıb deyə biz millət və toplum olaraq Xəzərin o tayındakı qardaşlardan daha üstün durumdayıq.
Azərbaycan hakimiyyətinin bütün cəhdlərinə, avtoritarizminə, basqılarına, təqiblərinə baxmayaraq ADR “vaksini” və müxalif siyasi partiyalarda, sivil toplumda, mediada olan fədakar insanlar hesabına müxalif düşüncə tam məhv edilmədi, zəifləsə də, basqılara məruz qalsa da, müxalif düşərgə ayaqda qala bildi. Məhz bu faktora görə bizdə heç vaxt Qazaxıstandakı kimi xaos ola bilməz, inşallah, olmayacaq.
Azərbaycan iqtidarı müxalif institutları əzmək əvəzinə onların dayanıqlı və sivil qaydada ayaqda qalmasında maraqlı olmalıdır, çünki məhz belə institutlar xaosun qarşısını kəsən ən vacib amilə çevrilirlər. Ərəb coğrafiyasında, Xəzərin o tayında institutlaşmış müxalifətin olmaması xaosun əsas səbəblərindən biridir.
Müxalifət olaraq bizim də üzərimizə düşən odur ki, yan-başımızda olan hadisələri anlamağa intellektimiz yetsin, bayağı sözlərlə xalqı aşağılamayaq, tək müxalifət yox, alternativ olduğumuzu da ortalığa qoymağı bacaraq – onda ölkədə sivil siyasət üçün məkan genişlənəcək.
Amma hər bir halda ən böyük məsuliyyət hakimiyyətin üzərindədir – ADR “vaksinini” doğru oxumalı, sistem dəyişikliyinə getməyin vacibliyini anlamalı, yeni sivil konstitusiyanın məmləkətimiz üçün ADR “vaksinindən” sonra lazımlı və vacib “buster” rolunu oynayacağını dərk etməlidir.скачать dle 12.1