Bia.Az

Çıxış yolu

KÖŞƏ YAZARLARI / İqtisadiyyat
 22-10-2021, 11:08     992

Qubad İbadoğlu
ADR Partiyasının sədri
Ağır zəmanədir: qiymətlər artsa da, əmək haqları, pensiyalar, müavinət və təqaüdlər yerində sayır, nəticədə yaşam şərtləri ağırlaşır, əhali sürətlə yoxsullaşır, işsizlik kütləviləşir; mənəviyyatsızlıq, yaltaqlıq, məddahlıq baş alıb gedir, yalan, saxtakarlıq ayaq tutub yeriyir; Azərbaycanı ruslar yuxarıdan, farslar aşağıdan sıxır, milli təhlükəsizlik və suverenlik üçün təhdidlər çoxalır, müstəqilliyə təhlükələr artır.
Hakimiyyət bütün bunları görür, özünü görməzliyə vurur; cəmiyyət sanki müxalifətin tənqidlərini eşitmir – bəziləri yuxu ilə gerçəklik arasında var-gəl edir, bəziləri də belə gəlib, belə də gedəcək deyir.
Bu durumda məşhur “olum, ya ölüm” dilemmasından geri qalmayan sual belədir: nə etməli?
Bu sualın qısa cavabı birləşməkdir.
Yaxın dövrün iki təcrübəsinə nəzər salaq.
Macarıstanda 6 müxalifət partiyası birləşərək 2010-cu ildən hakimiyyətdə olan baş nazir Viktor Orbanla vidalaşmaq üçün geniş və güclü koalisiya qurdular. Məqsəd 2022-ci ilin parlament seçkisində birlikdə iştirak etməkdir. 6 partiyadan baş nazirliyə iddiaçılar arasında ilkin seçki keçirilib. İki turdan ibarət seçkini “Hər kəs üçün Macarıstan” ictimai hərəkatının lideri Peter Marki-Zai udub. Parlament seçkisinə qədər koalisiyaya rəhbərlik edəcək Peter Marki-Zai deyir ki, bizim üçün sağ, sol yoxdur, yuxarı var.
Türkiyədə Kamal Kılıçdaroğlunun Cümhuriyyət Xalq Partiyası ilə Maral Akşenerin lider olduğu Yaxşı Partiya Millət ittifaqı qurur, onun genişləndirilməsi üçün Əli Babacanın Demokratiya və Yüksəliş Partiyası, Əhməd Davudoğlunun Gələcək Partiyası ilə danışıqlar aparırlar.
Yaxşı nümunələrdir.
Bəs biz nəyi gözləyirik?
ADR Partiyası olaraq gerçək müxalif mövqedə olan siyasi partiyalara ilk mesajım öz müstəqilliklərini saxlamaqla birlik yaratmaqdır.
Cəmiyyətdən isə müxalif birliyinə dəstək umuram.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 2021-ci il oktyabrın 17-də təsis olunub. 2015-ci ildən fəaliyyət göstərən Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın sədri Qubad İbadoğlu 1971-ci il təvəllüdlüdür. İqtisad elmləri namizədidir. Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunub.
скачать dle 12.1