Bia.Az

“ASAN xidmət”də gördüklərim

KÖŞƏ YAZARLARI
 1-08-2021, 12:24     78

Qubad İbadoğlu

“ASAN xidmət”də oldum. 50 yaşıma az qaldığından şəxsiyyət vəsiqəsini təzələyirdim.

Onlayn növbə üçün dəfələrlə cəhd etsəm də, Bakı şəhəri hüdudlarında bütün “ASAN xidmət”ləri nəzərdən keçirsəm də, boş yer tuta bilmədim. Məcbur olub səhər saatlarında 3 saylı “ASAN xidmət”ə gəldim. Orada öyrəndim ki, onlayn növbə tutmaq üçün səhər saat 6-da oyanmaq və sistem açılan kimi yer tutmaq lazımdır. Əks təqdirdə saat 6:30-dan sonra bütün yerlər tutulur.
İşçilərdən ən azı 1 saat tez gəlsəm də, məndən öndə 12 nəfər vardı. Buna baxmayaraq 133-cü oldum. Soruşdum nədən belədir, izah verdilər ki, sistemdə ən azı 70 onlayn növbədə olduğundan sıralama onun üzərindən aparılır. Amma yenə də 133-cü olmağıma şübhəli qaldım.
Öncə ödəniş etməyi məsləhət bildilər, Beynəlxalq Bankın ödəmə məntəqəsində də növbə yaranmışdı. “Nədən mən 5 manatlıq rüsuma görə 40 qəpiyi mütləq bu banka köçürməliyəm” sualım cavabsız qaldı. Belə məlumat aldım ki, “ASAN xidmət”in Bakıxanov qəsəbəsində yerləşən ofisi istisna olmaqla (orada Kapital Bank fəaliyyət göstərir) hamısında rüsumlar Beynəlxalq Banka ödənməli və 40 qəpik xidmət haqqı da onlara çatmalıdır.
Nədən hər kəs müştərisi olduğu bankın kartından birbaşa ödəniş etməsin? Məgər onu təşkil etmək çətindir? Beynəlxalq Bankın və Kapital Bankın dövlət rüsumlarının toplanmasında, pensiya və müavinətlərin ödənməsində hökmran mövqeyinə nə zaman son qoyulacaq? Belə diskriminasiyaya niyə başqa banklar, Banklar Assosiasiyası etiraz etmir?
Gözləmə otağında “ASAN xidmət” könüllülərinin əsgərlər üçün təşkil etdiyi məktub kampaniyası diqqətimi çəkdi. Sərbəst zamanımın bir hissəsini məktub yazmağa sərf etdim.
Səhər obaşdan növbə tutmağıma baxmayaraq “ASAN xidmət”də şəxsiyyət vəsiqəmi dəyişdirməyə 2 saat yarıma qədər zamanım getdi. Xidmət asan olsa da, onun düzgün olmayan təşkili, növbə mədəniyyətinin olmaması hər kəsi yorur.
Maraqlıdır: nədən “ASAN xidmət”ə üz tutanların sayı artır? Niyə barmaq izi və foto tələb olunmayan bəzi müraciətlər onlayn təşkil olunmur, yeni vəsiqə və sənədlər sahibinin ünvanına poçtla çatdırılmır?
Suallar çoxdur, onların cavabları üzərində fikirləşib “ASAN xidmət”i xeyli təkmilləşdirmək mümkündür.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir.
скачать dle 12.1