Bia.Az

Qaynamayan xətt

KÖŞƏ YAZARLARI
 6-03-2021, 22:00     955

Qulu Məhərrəmli
Filologiya elmləri doktoru
Bir ay əvvəl Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda qaynar xəttin dayandırılması və bu sistemə aid otağın hansısa şuraya verilməsi barədə “Feysbuk” statusumun mediada işıqlandırılması və ictimaiyyətin reaksiyası müəyyən bəhrə verdi, amma problemi həll etmədi. Mövzunun həssaslığını anlayan Dilçilik İnstitutu 2020-ci ilin dekabrından fəaliyyəti dayandırılmış (dediklərinə görə, pandemiya səbəbindən(?) xəttin şəhər nömrəsini tez-tələsik əlaqə telefonu kimi işə salıb, amma bütövlükdə söndürülmüş serveri, interneti və elektron xidməti bərpa etməyib. Sadəcə, bir adam ayırıb ki, iş saatlarında dədə-baba qaydası ilə zənglərə cavab versin. Saat 17-dən sonra və şənbə-bazar günlərində həmin zənglərə cavab verilmir. Daha bunun nəyi qaynar xətt oldu?
Bu bacarıqsızlıq bir yana qalsın, hələ ictimaiyyətə yanlış məlumat da verilir. Milli Elmlər Akademiyasının saytı Dilçilik İnstitutuna istinadla belə bir məlumat yayıb ki, qaynar xəttin fəaliyyət göstərməməsi barədə deyilənlər həqiqəti əks etdirmir. Adamı heyrət bürüyür: ya bunlar ümumən müasir texnologiya kimi elektron sistemə əsaslanan qaynar xətt anlayışından xəbərsizdirlər, ya da ana dilinə gerçək münasibətləri budur.
Bütün dünyada, xüsusən dil qurumları olan ölkələrdə qaynar xətt müasir dildə gedən prosesləri öyrənməyə, nöqsanları aradan qaldırmağa və dildə üzə çıxan mübahisələri aydınlaşdırmağa xidmət edən sistem kimi fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı dövlət proqramı”nda xüsusi maddə ilə Dilçilik İnstitutunda qaynar xəttin yaradılması vacib hesab olunub və akademik Tofiq Hacıyevin rəhbərliyi dövründə həmin xətt böyük əziyyətlər hesabına ərsəyə gətirilərək istifadəyə verilib.
Təəssüf ki, indi bu işə cavabdeh olanlar ana dilinə xidməti yalnız “möhtəşəm” iclaslar keçirib dilin inkişafı haqqında moizələr oxumaqda, yalançı tədbirlərlə gözə kül üfürməkdə görürlər. Bir aydan çoxdur ki, problemin ictimailəşməsinə baxmayaraq elektron sistem kimi qaynar xəttin bərpası üçün heç bir addım atılmayıb, yalnız işin üstünü malalamağa, sadəcə, nömrəni şəhər telefonuna qoşmaqla görüntü yaratmağa çalışıblar. Bu, ictimai əhəmiyyəti olan bir işə saymazyana münasibətdir, millətin dil probleminə, dövlətin dil quruculuğu siyasətinə hörmətsizlikdir. Qaynar xəttin serverinin söndürülməsi, avtomat xətlərin sıradan çıxarılması, proqram təminatının pozulması məsuliyyətsizliyin nəticəsi, ana dilinə qəsddir.скачать dle 12.1