Bia.Az

“Müalicəsi çox bahadır, dövlətdən yardım gözləməyin” - Tanınmış naşirin COVİD-19 gündəliyi

KÖŞƏ YAZARLARI
 14-12-2020, 17:08     453

Tanınmış naşir, "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xudoğlu koronavirusa yoluxub. O "Facebook"-dakı hesabında müalicə oldunduğu müddətdə keçirdiyi hisləri qələmə alıb, aldığı tibbi xidmətlərdən, dərman preparatlarının qiymətindən yazıb, ümumiyyətlə ölkədə COVİD-19-la mübarizənin mənzərəsini təsvir edib. Şahbaz Xudoğlunun qeydlərini oxuculara təqdim edirik:

"İşdə hiss etdim ki, qızdırmam var, termometr gətirdilər, 37.3 göstərdi. İstiliksalan dərman içdim; ilıq suya Nemisil qatıb içdim, dalınca Parasetamol və Ampisillina həbləri. Ardıcıl bir neçə stəkan çay. Mürəbbə ilə, iki cür mürəbbə vardı: gilas və böyürtkən. Böyürtkən daha xoş gəlirdi.
Növbəti gün işə gəlmədim. Kürəyimdə və bədənimdə ağrılar əmələ gəldi. Halsızlaşdım. Heç nə etməyə həvəs olmadı.
Dadbilmə və qoxubilməmi yoxladım. Məncə dəyişən bir şey baş verməmişdi. Hər səhər tezdən 6-da bir saat parkda qaçan adam indi sadəcə uzanıb tənbəlliyinə tamaşa edirdi.
Səhərlər kök, alma, bal, boranı çəkib şirəsini içirəm. Demək olar, hər gün bu reseptimə əməl edirəm və mürəbbəli çayı da əlimdən qoymuram.
İştahamda dəyişiklik olmayıb. Sadəcə bir səhər şirə içəndə gödüm ki, dadbilməm itib. Bu bir az həyəcanlı məsələdi. Ən kəskin dadlar belə yox olmuşdu, sarımsaq yedim, onun dadı qalmışdı.
3 gündən sonra qızdırmam itib-getdi. Amma bəzən geri döndüyünü hiss edirdim. Qızdırma da aldadıcı olur; gedir, gəlir.
Evdə qaldığım günün axşamı təcilli yardım gəldi. 3 tibb işçisi gəlmişdi, boğazdan yaxma götürdülər. Elə həmin axşam müalicəyə başladıq, əlamətlərdən COVİD-ə bənzəyirdi; istilik var, bir də halsızlıq, həm də bədən ağrıları.
Təcilli yardım komandasında gələn biri çox təcrübəli və qayğıkeş insan idi, dərmanların siyahısını verdi, "ziyanı yoxdur, nəticəni gözləmədən qəbul edin".
Aptekə gedib onları aldım. 380 manat etdi, amma dərmanların hamısı deyildi.
İlk resepti sizə təqdim edirəm:
Azitromisin 500 mg gündə 1 dəfə, 3 gün
Zinkorot 25 mg gündə 1 dəfə
Vit C 1000 mg gündə 3 dəfə
Arbidol 200 mg gündə 3 dəfə
Kardiomagnil 150 mg gündə1 dəfə
Selen 1 tab gündə 1 dəfə
Maqnerot 1 tab gündə 1 dəfə
Tamiflu 1 tab gündə 1 dəfə.
Deksametazon gündə 1 ampula sistemlə birlikdə,
Sistem olaraq Pascorbini və Dematon T
Nacl 200 mg, sistem şlanqı
Devitor 8 damcı
Aptekə axşam, hava qaralandan, küçələrdən adamlar yığışandan sonra getmişdim. Əczaçı siyahını görən kimi məsələdən hali olsa da, bir söz demədi, bir an üzümə diqqətlə baxdı, sonra başı öz işinə qarışdı.
Elə o axşam atma dərmanlara başladım.
Gündəlik iynə və sistemlər üçün evə gələn tibb bacısı tapmaq müşkül məsələyə çevrilsə də, bir dostun sayəsində o da həll olundu. Növbəti gün axşam telefona sms gəldi, nəticə pozitiv idi. Sonra icra hakimiyyətindən zəng edib vəziyyətlə maraqlandılar. Bu zəng hər gün təkrar olurdu. Çox nəzakətli, qayğıkeş avazı olan o səsi bu gün də eşitsəm, dərhal tanıyaram. Başqa dövlət strukturlarından da zənglər gəldi. Bir neçə gündən sonra o zənglərə cavab vermədim. Başa düşdüm ki, bu mələk səsli zənglər çox formaldır. Real heç bir yardım etmək üçün deyil. Əksinə adamın əsəbini pozur. O zənglər yardım etməkdən daha çox hələ ölməmisən demək üçündür; nə həkim təyin edirlər, nə də tərmanla təmin.
***
Bir gecə yuxum qaçdı. Beynimi məşğul edən hər hansı fikir yox idi, sadəcə özümü burulğan içinə düşmüş kimi hiss edirdim. Həyatım, xatirələrim tam dumana bürünmüşdü. Havasız bir durumda, boş fəzada məqsədsiz dolanan yarpaq kimiydim. Havam çatışmadı. Bunun necə olduğunu hiss etmədim. Naməlum bir güc məni balkona çıxardı. Orda gecənin mübhəm çağında, sakit və sərin havanı var gücümlə içimə aldım. Dərin öskürək tutdu. Xəstələndiyim vaxtdan ilk dəfə belə güclü öskürək yaşadım. Ciyərlərimin dibində məskunlaşmış hansısa düyünün açıldığını duydum. Bir neçə nəfəs hərərkətləri etməyə davam etdim. Artıq nəfəsim maneəsiz hərəkət edirdi. Hətta nəfəsimi buraxmasam belə içəridə heç bir qıcıq yaratmırdı. Gözlərimdən yaş gəldi. Görünür, öskürəyin təsiri idi. O gecə rahat yatdım.
Gecə yaşadıqlarımı həkimə danışdım. KT-yə getməyi təkid etdi. Medical Center-ə getdim. 140 manat xərcim oldu. Bir gün sonra cavabı gəldi. Həkimə göndərdim, dedi 15% buzlaşma var. Qan analizləri də vermək lazım gəldi. "Sağlam Ailə"yə analizlər üçün 189 manat ödədim.
Qan analizlərinin cavabına görə covid itmişdi.
Daha doğrusu, yolxucu formasını dəyişmişdi. Artıq kiməsə məndən yoluxa bilməzdi.
KT və qan analizlərindən sonra həkim radikal tədbirlər görməyə başladı. Bir həftə sistem təyin etdi. Eyni zamanda sistemə dekzametozunun da qatılmasını təkid etdi.
Sümüklərimin ağrısı tədricən azaldı, quru öskürəyə bəlğəm əlavə oldu. Qızdırmam qaydaya düşdü. Amma dadbilməm hələ də bərpa olmadı.
Sistemlər, iynələr bitənə qədər evdən çıxmadım. Dərmanları və ərzağı dostlar və qohumlar alırdı. Onlar da qapıda qoyub gedirdilər. Belə başa düşdüm ki, covid müalicəsi çox bahalıdır. Üst-üstə toplayanda 1500 manatdan çox xərc çıxdı. Əgər tanışlar və qohumlar olmasaydı, vəziyyət çox gərgin ola bilərdi.
İndi aptekə girəndə demək olar ki, əksəriyyət o dəmanları soruşur. Onlar da yoxdur. Kleksanı bir tanışa alıb göndərdim, bir iynəsi 70 manat, özüm üçün alanda isə bu 17 manat idi. Qanda qatılaşmanın qarşısını alır. Əsas dərmanlardan biri Arbidol ümumiyyətlə apteklərdə yoxdur. Arbidolun əvəzinə indi Favipiravir təklif edirlər. Onun qiyməti bir ay əvvəl 250 manat idi, indi isə 500 manatdır. Türkiyədə bu dərman reseptlə verilir, bizdə isə reseptsiz.
Xəstə olduğum müddətdə iki dəfə qanunu pozaraq evi tərk etdim, həkim müayinəsi üçün. Təcilli yardım çağırmaq real deyildi, halımı soruşmağa zəng edən dövlət qulluqçuları da "görək nə edə bilirik" - deyib qeybə çəkildilər.
Bu məsələni qadağa qoymaq yaxud cəza verməklə nizama salmaq olmaz. Qanun ən köməksiz və kimsəsiz insanların halını göz önünə gətirərək qəbul edilməlidir.
Lazım olan dərmanları online sifariş etdik, 1 həftə sonra zəng edib, "gətirək", deyə soruşdular.
Yaxşı ki, ilk yardıma gələn komandada gizlin qalmasını dönə-dönə xahiş edən təcrübəli bir həkim varmış. Əgər onun məsləhətləri olmasaydı, vəziyyətim yaxşılaşmazdı. O, məsafədən də olsa müalicəsini uğurla apara bildi.
Tövsiyələrim:
1. Dünyada sizi sevən və sizin sevdiyiniz kimsə varsa, bura övladlar və yaxınlar aid olur, onda covid sizə qələbə çala bilməz.
2. Qrip əlaməti varsa, mütləq həkimə müraciət edin.
3. Həkimlə bütün halınızı paylaşın, yazılan dərmanları vaxtında qəbul edin.
4. COVİD-19 zarafatı sevmir. Bir an özünüzü rinqdə hiss edin. Səhlənkar olsanız, rəqibiniz zəif yerinizdən vurub məhv edəcək.
5. Dövlətdən yardım gözləməyin. Xeyri yoxdur. Özünüz dərhal hərəkət edin, dost-tanışların köməyini istəyin, çəkinməyin".скачать dle 12.1