Bia.Az

AZADLIQ ÇARCISI... - (Esse-tədqiqat)

KÖŞƏ YAZARLARI
 14-02-2026, 00:16     12 495

“Maskalar düşməyincə, yalanın öhdəsindən gəlmək çətin”

Əvvəli: https://bia.az/edebiyyat/34785-azadliq-carchisi.html

(Esse-tədqiqat)

(İkinci yazı)

Biz dəfələrlə demişik, (doğrudan da) poetik söz öz vəslinə yetəndə şair də, oxucu da şeiri qeybdən gələn səs kimi eşidir...
Qeyb dərin məna kəsb edir; bu oblastda sözü batini təcəllaya məruz qoymaq (çox) çətindir, ancaq bütün tərəddüdsüz ehtimalları bu nöqteyi-nəzərdə qəlibə oturtmaq (qismən) mümkündür. Etiraf edək ki, daha çox mistik düşünən, mücərrəd anlamlardan daha çox gerçək poetik təəssürat(lar) çıxaran Ədalət Nəbi – Ədalət Qarabulud şeiri də (əsas olaraq) Allah-insan faktları üzrə qabarıq, şüuraltı diqtələrlə təsnifat qurur, diqqətimizi zər-zibaya bükmək məqsədindən gendir, buna qəti (zərrə) ehtiyac da duymur. Onun ədəbi qənaətlərinin hamısında bu müfəssəl məcranı görə bilirik.

Şeir (batini mənada) şüurdan yuxarıda ovqat tapmırsa, deməli, oxucuya əxz olunanlar, sadəcə, ictimai-maddi təminatdır (tənqidə məruz qoyduğumuz şeirlərin əksəri buna (bir) sübutdur). Şeiri, sinəsi poetik gövhərdən əskik olmayan bulaq kimi xarakterizə etsək, əmin olarıq ki, sözün – diqqətcil fikrin də ruhu bəmbəyaz saflıqdan tökülmüş təmtəraq kimidir; ürək cuşa gələn vaxt bu fövqəllik özünü aydın üfüq şəklində bərqərar edir.

Səmimi deyək ki, Ədalət Nəbinin (Ədalət Qarabuludun) şeirləri də bu fövqəl məcrada şüursal fəhmlərlə üzvi-əlaqədədir, çılğınca hay çəkir, ani bir təsirdən təlatüm edir, lərzəsi ilə ətrafı sakit-süst baxışlara məruz qoyur...

Dediklərimizi şairin poetik qənaətləri ilə (də) sübut edək:

Ən böyük qəhrəmanlıq
bəzən qalmaq deyil,
ayağının altından torpaq sürüşəndə yox,
ruhun altından səma çəkiləndə qaçmaqdır...
Nankor su içdiyi bulağa daş atar.
Sonra daşın səsini “hikmət” sanar.
Boşluq taciridir.
Qaç.
Ayaqqabın yoxdursa,
dabanlarını torpağa möhür elə…

Ədalət Nəbi ayıq fəhmlə fikir ifadə edir. Onun qənaətində poetik sığal yoxdur, o, sözü birbaşa – kəskin eyhamla deyir, yerlə-göylə cəngə çıxan təlatümləri daxildəki vücuda ürcah edir, aşkardakı surətlərə iz salır. Toxunduğu mövzular keçici deyil, mistik təsbiti ilə təcəssüm edir. Diqqətindən heç nə yayınmır, o, doğma hədəfləri yad libas(lar)dan çıxarır, fikri sərrast atıcı kimi oxucu qəlbinə atır. Məsələn, “Ən böyük qəhrəmanlıq ...ayağının altından torpaq sürüşəndə yox, ruhun altından səma çəkiləndə qaçmaqdır...” fikrində biz heç bir mücərrəd diqtə görmürük, əksinə, şairin bu qənaəti bütün rakurslardan son dərəcə fəlsəfidir. Bu fikri isbat edək, görək nə üçün insanın “ayağının altından torpaq sürüşəndə yox, ruhun(un) altından səma çəkiləndə qaçması qəhrəmanlıqdır”. Bu zəmində insan (özü) iti (bir) yaddaşdır. Şeytan onun Allahla təmasını elə pozub ki, aradakı durğunluq heç vaxt səngiməyəcək. Belə anlayaq ki, torpağın insanı təkansız lərzələrə məruz qoyması faciə deyil, (zatən) insan da torpaqdır, bunu bilir, fəqət ruhun səma (əslində Allah ilə) birgəliyi hər adama müəssər deyil; o kəslər Allahla müqabil olacaqlar ki, ruhları səma ilə tarazlığını qura biləcək... Bu da çox az adamın qismətidir... O mənada ki, milyonlarla dua edən, namaz qılan, Həcc ziyarətində olan insan var, məgər hamısı nicat tapacaq? Əsla! Çünki o zahirən də, daxilcə də aldadıcı təsirlərə məruz kəslərin böyük qismini şeytan idarə edir... Onlar, şairin də dediyi kimi, “nankordurlar, çünki su içdikləri bulağa daş atır, daşın səsini “hikmət” sanırlar. Onları əhatə edən boşluq riyakar (bir) taciridir...” Ağılları varsa, şeytandan qaçsınlar. Cəhənnəm, “ayaqqabıları yoxdursa, dabanlarını torpağa möhür etsinlər…”. Görün ki, çılğınca hayqıran şair sözü necə qəlibə salır, fikri necə açır... Əlbəttə, onun yazdıqları haqqında “qəliz-qarışıq yazır” kimi iddialar eşidirik. O iddiaları səsləndirən naşılara sözümüz budur: Ədalət Nəbi səthi görünməyən girdablara daş atmır, təqdir və ifadə etdiyi təəssüratları “mən” təkəbbürü ilə yaymır, bütün imkanlarını sözün nisbi çəkisinə yönəldir, bu prosesi real təsəvvüfdə açır. Qısası, onu anlamaq üçün bir neçə rakursdan bilikli olmalısınız...

Ədalət Nəbinin digər təfərrüata varan şeirlərində də biz ədəbi təsircə oxşar poetik notlara rast gəlirik:

Bir gün nəfəsim göydən geri çəkiləndə,
Qəbrimin üstündə bitən otlara pıçılda:
“Bu ad torpaq deyil, əmanətdir,
Bu sükut ölüm deyil, hicrətdir.”
Başdaşım, sən mənim son aynamsan…

***
Ay səni..., hər dövrün cibinə girən səs.
Bir vaxt dua idin, sonra şüar,
sonra izsiz yoxa çıxan adlar…
Bıçaq parlayır, çünki gecə onu zikr edir,
sən parıldayanı nur sanırsan, kəsəni - vəli.
Boynundakı ilmə sirr deyil artıq,
sirrini itirmiş düyündür…

Bu nümunələrdə də sadə timsallı nəhəng ideyalar çarpışır. Burada şairin dürüst fəhmi ilə qabaq-qənşərik. O, demək istəyir ki, kainat misilsiz böyükdür, insan isə nəzərdən uzaq fərddir. Zamanın bütün sürət qatarlarında sürücü şeytandır, istədiyi vaxt qatarı yubadır, insanın həyat eşqini dəyişir, onu durğun hala salır. Bu an insan özünə deməyə söz tapmır, susur. Bu “sükut (da) bir ölüm deyil, hicrətdir...” Təəssüf ki, bəşər bunu anlamaq həvəsini itirib. Nə üçün? Bəlli ki, insan qorxduğunu hakim, ona surətcə adi gələni işıq sanır. Elə şairin dediyi “sən parıldayanı nur sanırsan, kəsəni - vəli” fikri də bu nəzəri anlamdadır... İndi vəsiyyət anında kim deyər ki, “başdaşım, sən mənim son aynamsan?”.

Əlbəttə, heç kim. Çünki günah hamını xirtdəyə qədər məftun qoyub. İndi dürüst, halal bir çöhrə tapmaq ac ikən çörək tapmaq qədər yaxıcıdır.

Aşağıdakı mistik nümunələrdə də biz bənzər təəssüratlar aşkar edirik:

...Zaman bazardır.
Haqq xırdalanır, vicdan paslanır,
hər addım sınaqdır, hər baxış hesablama.
Maskalar düşməyincə,
yalanın öhdəsindən gəlmək çətin.
Sükut hələ bir işarədir:
kim dayanır, qalibdir.
İnsanlar tanrılarını ciblərində gəzdirir…

Doğrudan da, “maskalar düşməyincə, yalanın öhdəsindən gəlmək çətin”dir. Çünki “hər addım (bir) sınaqdır, hər baxış (bir) hesablama”... “İnsanlar (da) tanrılarını ciblərində gəzdirir”lər... Diqqət edək, bu gün tasbehi, gözmuncuğunu, tikanı, at nalını, sınıq çayniki, qara toyuğun lələyini, (guya) gözqaytaran ot bitkilərini və s. Allah hesab azmı?

Əmin olaq ki, yazımızın Baş Obrazı – Lirik Məni Ədalət Nəbi (Ədalət Qarabulud) bütün situasiyalarda zahiri deyil, batini məzmundadır. Özü haqqında (pafosla, pəhə-pəhlə) heç nə deməz. Nə qədər absurd hal-hərəkət var, hamısını bir cahillik hesab edər. Əslində, o, bəşəriyyəti zəlil edən şeytana da asi deyil... Bilir ki, o da fanidir, fani olanla çək-çevirə girməyi mənasız bilir. Bu qəbildən, təbii ki, küt, cahil fərdlər onu savadsız sözlərlə “edam edir”, hər vəchlə ona qarşı çıxırlar. O (isə) bu “müharibə”də uduzmur, öz qələm-snayperi ilə cahillərə meydan oxuyur.
Və (tanıdığımız üçün) səmimi deyirik, Ədalət Nəbi sadə-müti görkəmdə adam deyil, onun insan surətini bəsit sananlar (özləri) heç ithürən səmtlərdə (belə) qərar tutmağa layiq deyillər.

Xülasə, Ədalət Nəbinin şeirləri bizə zamanca da, indi də qeybdən gələn səs kimi çatır...

Hikmət Məlikzadə.

BİA.az
скачать dle 12.1