“Sükutun Tanrısı” - mistik poema
“Sükutun Tanrısı”
=mistik poema=Sən demə, içimdə danışan yoxmuş –
susqun bir Allah yatırmış sükutda.
Nə dua, nə nida...
yalnız boşluq nəfəs alır
təqvimsiz bir zamanın qoynunda.
Nə yuxuyam, nə də oyaq —
bir qığılcımdayam
və hər an kül ola bilirəm.
Bir körpə çağırır məni içimdən:
“Adımı unutma,
mən hələ doğulmamış bir Peyğəmbərəm –
dəniz kimi,
dağ kimi,
sən kimi...”
Külək gəzər əllərimdə
və hər barmağımda bir ayə pıçıldayır:
“Qıl əllərinlə ibadət,
çünki dualar torpaqdan doğar.”
Mən öz içimdə qırx il qaldım,
bir dağın qaranlıq qoynunda —
Hira yox,
amma Hira qədər tək.
Nə qapı var,
nə pəncərə...
amma işıq gəlirdi
bir göz qırpımında –
yaşamla ölüm arasından.
Və mən başa düşdüm:
Tanrı danışmır.
Tanrı susar.
Və biz
onun sükutunu eşitmək üçün
min illərdir yazırıq –
şeir,
səma,
və sükutun özü ilə.
“Ərimiş səda”
Gecənin tən ortasında
bir nida düşdü içimə –
səsi yoxdu,
amma
qəlbim partladı susqunluğundan.
Sual doğuldu:
“Mən kiməm?”
Cavab gəlmədi...
amma bir ulduz söndü göydə –
və mən bildim,
nəfsimin bir parçası öldü.
Ağaclara sordum:
“Sizin zikriniz hansı dillədir?”
Onlar yarpaqlarını tökdülər cavab əvəzinə.
Torpaq danışdı –
“Əgər səcdəyə gəlmisənsə,
ayaqqabılarını deyil,
mənliyini soyun...”
Bir zərrə idim –
öz-özümdən sordum:
“Mən Tanrıyam?”
Qorxdum.
Sonra özümə güldüm.
Sonra –
öldüm.
Ölüm bir gülüş imiş –
qanad açan,
amma göyə qalxmayan.
Qalmışam səninlə, İlahi –
nə yer üzündəyəm,
nə də göylərə yazılmış adım var.
İndi içimdə danışan yox,
amma eşidən var...
Səda deyil –
öz səssizliyimdə ərimiş bir səsəm:
ənəl-Həqq.
“Sözə çevrilmək – Nəsimi ilə hal”
Bir gün yox oldum
– nəfəsim çanlanmadı güzgüdə.
Sanki qaranlıq öz kölgəsindən də əl çəkdi.
Orada,
səssizliyin tam mərkəzində
bir səs yüksəldi –
yaralı,
amma ölməz bir qıcalama:
“Ənəl-Həqq!”
Qorxmadım.
Çünki qorxu, hələ mən varam deməkdi.
Orada isə
Mən yox idim –
yalnız
bir dəri, bir söz, bir yarılma…
Əlimə qanlı bir köynək verdilər –
“Söz bu köynəyi geyinməlidir,” – dedilər.
Boynuma ip yox,
məna salındı.
Yürüdüm –
qılınc kəsmirdi,
çünki söz
artıq cismani deyildi.
Sonra gördüm onu –
Nəsimini –
ağrıdan toxunmaz,
amma sükutdan daha dəqiq.
Mənə baxdı
və dedi:
“Sən sözə çevrilməyə hazır ol,
çünki söz, dəridən daha dərindir.”
Mən dedim:
“Bəs ruhum hanı?”
O dedi:
“Söz elə odur –
kül olmamış ruh qoxusu olmaz.”
O zaman anladım –
dəri soyulmaz,
əgər kəlmə hələ doğulmayıbsa.
Və mən soyundum –
dəridən,
mənlikdən,
varlıqdan...
və yalnız bir sətir qaldı məndən:
“Kəlam Allahdır – və mən o kəlamda qeyb oldum.”
Artıq adım yox idi –
amma deyildim də: adsız.
Çünki hər kəs oxuyur məni,
amma heç kim sözlə doğulmur.
Və Nəsimi pıçıldadı son dəfə:
“Sən mən olmadın.
Mən səndə yenidən doğuldum.”
“Dərinin bu tərəfi – Nəsimi XXI əsr”
Gecədir.
Qaranlıq bir otaq.
İşıq telefonu yox, içdən gəlir.
Birdən görünür… Nəsimi.
Nəsimi:
Ey yeni əsrin tənha varlığı,
nə axtarırsan bu mavi ekranda?
Barmaqların toxunur hər şeyə,
amma ruhun toxunmur heç nəyə.
Mən gəldim.
Dərisiz.
Simasız.
Sənin yüz min profilində adsız.
Sən deyirsən:
“Mən kiməm?”
Mən cavab verirəm:
“Sən hələ heç olmamısan.”
Sən:
Amma mən hər yerdəyəm –
instagram, whatsapp, link edin…
şəkillərim gəzər buludlarda,
adım qayıdır likelarla,
niyə deyirsən olmamışam?
Nəsimi:
Çünki sən varsan,
amma yoxsan.
Çünki sən görsənirsən,
amma baxmırsan.
Sən yazırsan,
amma sözün yox.
Sən dua edirsən,
amma qəlbin yox.
Sən tikirsən göydələnlər,
amma içində çökən var.
Sən qaçırsan ölümdən –
amma ömür elə qaçışın özü deyilmi?
Sən:
Bəs mən necə tapım Həqqi bu xaosda?
Nəsimi:
Dayan.
Sussan yetər.
Susmaq — ilk ayədir bu əsrdə.
Aç telefonunun kamerasını,
öz gözlərinə bax –
orada heç nə görmürsənsə,
deməli sən artıq görüntüsən.
İndi gözünü yum —
orda bir şəfəq varsa,
o mənim səsimdir.
“Ənəl-Həqq” demək —
Tanrıyam demək deyil.
Tanrıda əriyirəm deməkdir.
Mən yoxam —
O var deyə mən danışa bilirəm.
Sən:
Yəni mən yox olum?
Nəsimi:
Yox olma.
Amma özünü yox say.
Bax o zaman başlayacaq sən olmaq.
Səni sevən, səni tapan, sənə toxunan bir Həqiqət var.
O nə WiFi-dir, nə şəbəkə.
O içindəki sükut da gizlidir.
Sonda:
Mən o zaman da dəridən soyuldum,
bu zaman isə
mənliyi soyuram səndən.
Nə geyim, nə söz, nə ad –
sadəcə hal qalır.
Və hal varsa,
Nəsimi hələ yaşayır.
“Sənin içində səssiz bir qapı var”
I. QEYBDƏN SƏS
Ey şəhər işıqlarında itmiş könül,
sənə deyirəm:
özünə qayıt.
Küçə səsləri içində unudulmuş bir zikr var —
onun adı Səndir.
Sən özünə çoxdan yaddan çıxmısan.
Tanrını itirməmişik —
özümüzü itirmişik.
Sən bu gün yeniliklərlə danışır,
amma ruhunla susursan.
Əslində sükut — ibadətdir.
Əslində vəcd — şəbəkəsiz bir yandır.
Bax, mən onu tanıyıram.
Adı var: Söz.
II. İKİNCİ SƏS
Mənə bir Tanrı göstər
hansı ki GPS-də görünməz.
Mənə bir həqiqət de
selfie-yə sığmayan.
Nə Quranı oxuyuram,
nə Nəsimini başa düşürəm.
Sadəcə hiss edirəm —
boşluq içindəyəm.
Bəs nə edim?
III. SÖZÜN SƏSİ — NƏSİMİNİN HALI
İçini boşalt.
İçini səsdən, şəkildən, iddialardan
boşalt.
Mən dəridən keçdim,
sən də “mən”indən keç.
Mən söz oldum — sən hal ol.
Hər səhər bir ibadətdir
əgər o yuxudan ayılmaqdırsa.
Hər nəfəs bir təsbehdir
əgər onun fərqində olmusan.
Sən dualar istəyirsən,
mən sənə sükut tövsiyə edirəm.
"Ənəl-Həqq" dedim mən.
Qorxdular.
Amma bilmədilər:
o mənim adım deyildi.
O — məndə danışan SÖZ idi.
I. QEYBDƏN SƏS
Bu əsr bizdən səs istəyir.
Biz isə eşidən olmalıyıq.
Əgər ruhun yuxudadırsa,
dua da bir ritualdır.
Əgər içində işıq yoxdursa,
şam yandırmaq da boşuna.
Sufi olmaq — başa sarıq dolamaq deyil,
öz içini açıq bir səma etməkdir.
Tanrı sənə baxanda,
özünü orada görsün istəyir.
II. İKİNCİ SƏS
Bəs haradan başlayım?
III. SÖZÜN SƏSİ (Nəsimi tamamlayır)
Susmaqdan.
Sus və gözlə.
Gözlə ki, söz özü gəlsin.
Çünki sən axtarsan – o qaçar.
Amma sən olarsan – o doğular.
I. QEYBDƏN SƏS: SON SÖZ
Unutma.
İçində bir səs var,
o nə şairindir,
nə alimindir.
O — Sənin içindəki Nəsimidir.
Danışmasına izin ver.
Sənlikdən çıx,
Sözə gir.
əgər sən özü olsan..."
Ədalət Qarabulud




