Əsl xoşbəxtlik
Hikmət Sabiroğlu
…İçimizdə bir rahatlıq var. Hərdən yuxu kimi gəlir bu rahatlıq – düşmənin qovulduğu, çəkilib getdiyi yurd yerləri doğma ciyərlərlə nəfəs alır.
Bir vaxt da hər şey yuxu kimi görünürdü – elimiz tapdaq altına düşmüş, çilik-çilik olmuşduq.
O qara yuxudan çox yol gəldik, hamıya qismət olmadı bu gün. Bir savaş veteranının son nəfəsdə dediyinə baxın: “Həkim, qoyma ölüm, Şuşanı görmək istəyirəm”.
Adamlar yara ilə çərləyirdi, indi ölüm bir o qədər nisgilli gəlmir.
Qələbənin müəllifi – adamlardır. Şəhidlər, qazilər, savaş veteranları, onları halal böyütmüş, onlara kamillik dərsi keçmiş, doğru yol cızmış adamlar. Ən ağır şərtlər altında vətəndən üz çevirməmiş, məqam yetişəndə inciklikləri kənara qoyub baş komandanın əmrinə müntəzir olmuş adamlar.
Heç kim zəfərdə baş komandanın rolunu danmır. Prosesi aparan o oldu. Siyasi şərtlərin Azərbaycana sərfəli yöndə dəyişməsinin verdiyi fürsətə baxmayaq, komandan qətiyyət göstərməsə, mümkünsüzlər mümkün olmazdı.
Baş komandanın da arxasında adamlar durmuşdu. Kim o adamlarsız addım ata bilərdi?
…İçimizdə bir məyusluq var. Canını sipər eləmiş adamlar ədalətə təşnədir yenə. Üç yüz illik savaş möhürlənib, ən çətin iş görülüb, adam kimi yaşamaq imkanı yaranıb, amma əks istiqamətdə gedirik. Dikələn bayraq zülmə bəraət kimidir sanki.
Yerevan hər gün qaynayır, heç bir görünməmiş hadisə baş vermir.
Tbilisidə toplaşıb etiraz eləmək cinayət sayılmır.
Bakıda… bir piket belə qiyamət sayılır. Biz etirazın sinələrdə qabar bağlamasına öyrəşmişik.
Meydanların qapandığı, dillərin qıfıllandığı yerdə əsl xoşbəxtlik mümkün deyil. Əsl xoşbəxtlik – azadlıqdır.