Bia.Az

Zırıldaşan uşaqlar

KÖŞƏ YAZARLARI
 2-12-2023, 12:09     3 495

Fransanın baş naziri Elizabet Born göstəriş veribdir: dekabrın 8-nə qədər bütün hökumət üzvləri Vatsap, Teleqram və Siqnal mesencerlərindən istifadəni dayandırmalıdır. Təhlükəsizlik səbəb kimi göstərilir. Deyir milli Olvid platformumuz var, zəhmət çəkin telefona onu köçürün. 

Bax, söz azadlığı, insan hüquqlarının pozulması deyil, nədir? Əgər bizdə Vatsap, Tik-tik bağlansa, xaricdən bəyanat sel kimi gəlir. Orda isə çıqq eləyən yoxdur. Baxmayaraq o beynəlxalq söz azadlığı idarələrinin çoxunun baş ofisi elə Parisdə yerləşir. Düzdür, Vatsapına qadağa qoyulanlar adi adamlar yox, məmurlardır, lakin nə dəxli? Məmurun insan hüquqları yoxdurmu? 
Hatəmxan ağa yadıma düşdü: “Bu saatda mən sənə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz başımızı qırxırıq, onlar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanırıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas; bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq”. Mirzə Fətəli Axundovu indi hardan tapaq? 
İnsan hüquqları sərhəd tanımır, fundamentaldır və bir az da instrumentaldır, yəni, bunu həyata keçirərkən instrumentə - alətlərə, üsullara diqqət edilməlidir. Təzəlikcə bir jurnalisti tutmuşdular. Sən demə həmkarımız qanunsuz ev tikirmiş. Dəhşətdir. Təbii ki, bu hal ölkəmizdə ən ağır cinayətlərdən sayılır. (500 mindən çox qanunsuz ev AXC-Müsavat və çar hökumətinin dövründə tikilib, onları yada salmırıq). Əlqərəz, jurnalisti tutmağa gediblər, evdə arvad-uşaq varmış, balaca bir qız uşağı yapışmışdı jurnalistin ayaqlarından, qoymurdu getməyə. Nəticədə əməliyyatçılar, kadrları izləyən zəhmətkeşlərimiz, dünya ictimaiyyəti bir-birinə qoşulub xeylax ağlaşdılar. Hətta Fələstin-İsrail münaqişəsində bu videoya görə atəşkəs elan olundu, Netanyahu və Mahmud Abbas da qucaqlaşıb hönkürüşdülər. Xalqımız kövrək xalqdır. Elə işlər var 1400 ildir ağlayırıq. 
Bəs təklif nədir? Necə edək ki, həm qanunlar qorunsun, həm balacaların gözü yaşlı qalmasın. Bu haqda müdriklərdən biri böylə yazıbdır: “Dünyanın bütün konstitusiyaları və qanunları bir körpənin göz yaşlarına dəyməz”. Pah. Guya böyük kəşf eləyib. Bir uşağın hırıldamağı üçün, başqa uşağın zırıldamağı vacibdir. Bunlar biologiyadır, vaxtında öyrənin. 
Nəsə, mövzudan uzaqlaşmayaq. Təklif gecikmədi. Dəyərli həmkarlarımız hökumətdən xahiş etdilər ki, indən belə jurnalistləri, baş və sairə redaktorları tutmaq lazımdırsa, bunu uşaqlar olmayan yerdə eləsinlər. 
Həqiqətən, mükəmməl təklifdir. Mən göz yaşlarımı saxlaya bilmirəm. Niyə bu indiyəcən bizim rəhbərliyin ağlına gəlməyibdir? Axı humanizm oralarda əsas, xarakterik xüsusiyyətlərdən biri, hətta deyərdim birincisidir. 
Jurnalistləri, başqa kriminal ünsürləri tutarkən əslində daha çox subaylara üstünlük verilməlidir. Ancaq əlac yoxdursa, bu zaman uşağın məktəbə, repetitor yanına, qumda eşələnməyə getməsini gözləmək olar. Ondan sonra valideyni bas maşına, rahat apar. Heç kim də zıqqıldaşmasın. 
İntəhası, bəzi uşaq da çox sırtıq olur, valideyndən sallaşır, aralaşmır. Biz balaca olanda belə deyildi. Uşağa şapalağı qoyurdun, gedirdi küncdə kirimiş otururdu. Müəllimlərimiz bizi soba odunuyla, şallaxla, mismarlı zopa ilə döyərdilər. Allah rəhmət eləsin, elm, hörmət, məhəbbət hamısı Sovetnən getdi. Keçən həftə baxıram, iki uşaq məktəbdə toqquşub, birinin gözünün altı qaralıb, elə həşir çıxardıblar sanarsan Suraxanı 45-ci ilin Xirosimasıdır. Olmaz. Vallah, olmaz. Deyir müəllimə qızılgül alın, bunlar qızıl və gül alır. 
Yenə qayıdaq Axundova: “... əgər mən Qarabağa gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur?”



Zamin HACIскачать dle 12.1