Bia.Az

Müjdə! Efirə bir gözəl axçi gələcək – adı da Elza...

KÖŞƏ YAZARLARI
 26-09-2023, 11:49     6 964

Qasım bəy Zakirin 150 il əvvəl yazdığı şeirdə belə misralar var:

“Qarabağda nə day qaldı, nə dana,
Bu gün-sabah qaçar hərə bir yana”.


Bu misraların ilk sətrinin üçüncü sözünün ilk hərfini “h” ilə əvəz eləsək, söhbət hələ də aktualdır. Erməni vətəndaşlarımız ayıb edirlər, bizim humanimimizə şəkk gətirir və mahaldan gedirlər, düşünürlər ki, bizdən uzaq olsalar, yaxşıdır.

İndi onlar seçim qarşısındadırlar. Şair demişkən, iki yoldan birini seçmək, ya oddan-alovdan, ya da vətən üçün canından keçmək söhbəti arxada qalıb deyə, hazırda Laçın sərhəd-keçid məntəqəsindən keçməyi üstün tuturlar.

Amma heç də hamısı bu fikirdə deyil, I Qarabağ müharibəsinin veteranı Vitali Balasanyan deyib ki, Xankəndidən getməyəcək. Adam nəyə arxayındır, bilinmir. Bizdə onun adı Xocalı qətliamının təqsirkarları sırasında çəkilir, ermənilər isə onu 5-6 ay öncə bizə işləməkdə suçlayıb tutmuşdular. İkinci məsələ heç, amma birincidə əli olubsa, onu fələk də qurtara bilməyəcək.

Bir də Qarabağda yaşayan erməni müğənni Elza Simonyan Azərbaycan vətəndaşlığını alacağını, Xankəndidə qalacağını bildirib.

Bax, bu xəbər ölkəmizdə ciddi həyəcan yaradıb. Tərs kimi, xəbəri verən mənbə yeni Elzanın şəklini də paylaşıb. Fotosundan görünür ki, Elza göyçək qızdır. Axçi həm gəncdir, həm göyçəkdir, həm də müğənnidirsə, ta nə demək olar, axan sular durmazmı?

Bəzi dostlar lağlağı edirlər, deyirlər, bu qız Xankəndidə qalsa, iki Elzamız olacaq və yeni Elza efirlərimizi, ekranlarımızı bəzəyəcək. Başqa biri də deyir ki, xanım tezliklə özünə Həci də tapacaq, toylar kraliçası olacaq və s.

Ucundan tutub ucuzluğa getməkdə bir can olduğumuz üçün Simonyan Elzanın gələcəyinə dair versiyalar çoxdur – hamısı da zarafat, qeyri-ciddi söhbətlər.

İndiki cavanlar bilməz, biz Nayruhi Allahverdiyanın tele-konsertləri ilə böyümüşük. O, indiki standartlarla olmasa da, öz dövrünün standartları ilə göyçək qadın idi və iki aydan bir AzTV-də yarım saatlıq konserti verilirdi. Bəlkə də bu, kvota məsələsiydi, amma deyirdilər, böyüklərdən kimsə Nayruhini saxlayır. O vaxtın “saxlamağı” da bir az fərqli idi, indiki kimi villa, “Porşe”-zad almırdılar. Söhbət himayə etməkdən, müəyyən şərait yaratmaqdan gedirdi.

Bu baxımdan, 100 faiz əmin olun ki, bu saat bu ölkədə axçi Elzaya müştəri gözü ilə baxan, ona yaxşı mənzil və yaradıcılıq şəraiti yaratmaq istəyən onlarla adam var. Bizim erməni qonşularımızın zərif nümayəndələrinə lap qədimlərdən tabımız olmayıb.

Zarafat deyil, 200 il əvvəl iki erməni qızına görə Rusiyanın səfiri Qriboyedovu 33 nəfərlə birlikdə öldürmüş Allahyar xan Qacarın soydaşlarıyıq. Belə məsələlərdə zarafatımız yoxdur.

Ona görə də bir çox pulli hetereseksual qardaşlar reinteqrasiya məsələsini çox vacib və aktual hesab edirlər.

Bir həmkarımız isə çox ciddi şəkildə yazıb ki, yenə axçilərlə evlənməklər artacaq. Əlbəttə, elə olacaq. Reinteqrasiyanın şərti budur. Yeni qohumluqlar olmasa, reinteqrasiyamız yarımçıq qalar. Hərtərəfli qaynayıb-qarışmaq üçün mütləqdir ki, yeni bahadırlar yeni sonalarla, yeni sonalar yeni baxşılarla məhrəm inteqrasiya prosesi başlatsınlar. Prinsipcə, yeni kərəmlər də yeni əslilərlə köhnə söhbəti təzələyə bilərlər, amma ortada bildiyiniz kimi, yanğın söhbəti olub, FHN belə ilişkilərə qarşıdır.

Bir sözlə, reinteqrasiya söhbətinin baş tutması, iki xalq arasında köhnə münasibətlərin zamanla bərpa olunması üçün bizim sıyıq camaat hazırdır (dirəşənlər də var, təbii ki). İndi hələ təzədir, 5-6 aydan sonra yeni Elza sari köynək geyibən ekrana çıxsa və ana dilimizdə bircə dəfə “Sarı gəlin” oxusa, köhnə Elzanın kitabını tamam bağlayacaq.

Mən sağ, siz salamat, bu dediklərim olmasa, nə deyirsiniz, deyin. Mütləq olacaq.

Ara yerdə ötən əsrin 60-70-ci illərində doğulanlar bədbəxt oldular – müharibədə bahadır olsalar da, Sona axçiyə Bahadır ola bilmədilər. Sağ qalanların da artıq reinteqrasiyalıq halı qalmayıb.

Bu xüsusda mənə belə bir olmuş əhvalat danşıblar:

1989-cu ildə bir tikinti trestinin cəbhəçi fəhlələri rəisi qısnayırlar ki, katibəsi və məşuqəsi Rozanı işdən çıxarsın. Rəis görür ki, kabinetinin qapısını mıxlayacaqlar, məcbur olur, qızı işdən çıxarır və Krasnodara yola salır. Bir-iki həftədən sonra rəis idarə binasına gələndə görür ki, cəbhəçi fəhlələr boy-boya durublar, maşından düşür, gəlir, onların tuşuna çatanda hansı duyğulara qapılırsa, deyir: “Üzünüz qara olsun, indi mən Krasnodara gedim?”/musavat.comскачать dle 12.1