Bia.Az

Seçkidən sevgiyə

KÖŞƏ YAZARLARI
 12-05-2023, 14:36     1 945

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Azərbaycan 30 ildən çoxdur müstəqil dövlətdir, amma hələ də millət və xalq, dövlət və hökumət anlayışlarını qarışdırır, bu məfhumları doğru-düzgün sahmanlaya bilmirik.
Azərbaycan xalqı vətəndaşlıq anlamı verir, azərbaycanlı – vətəndaş olmaqdır, üst kimliyimiz, hamımızı birləşdirən dəyərdir. Məmləkətdəki bütün etnik kimliklər ayrıca bir qazancımız, ayrıca bir dəyərimizdir, hamımızı bir bayraq, bir xalq, bir dövlət ətrafında birləşdirən isə azərbaycanlı üst kimliyimiz, vətəndaşlıq mənsubiyyətidir.
Bizdə dövlət institutlaşmadığına görə hökumət anlayışı ilə qarışdırılır, hökumət gəldi-gedər, dövlət isə daimidir – bunu da hələ tam qavramamışıq.
Dövlət institutlar toplusudur, hakimiyyət isə bu institutların yalnız biridir, yəni hakimiyyət şəxs və şəxslər deyil, institutlardır. Bəzən müxalif kəsim olaraq hakimiyyəti institut olaraq gözdən salırıq, halbuki hakimiyyətə iddiaçı kimi hakimiyyət institutunun yaranıb güclənməsində maraqlı olmalıyıq.
Bizdə hakimiyyətə gəlməyi də doğru anlamırlar, düşünürlər hakimiyyətə gəlmək vəzifəyə gəlməklə eynidir.
Dövlət adlanan institut yaranan gündən bu günədək iki ana məsələni həll edib – vergi toplayaraq vətəndaşlarının, əhalinin təhlükəsizliyini təmin edib. Şəhər-dövlətlər yarananda vergi məsələsi çıxan kimi seçki problemi də yarandı – vergiləri toplayan və həmin vəsaitə sərəncam verənlərin seçilməsi gündəmə gəldi. Əvvəl seçkiyə mülkiyyəti olanları buraxdılar – məntiq bu idi ki, mülkiyyəti varsa, vergi verirsə, səsvermə hüququ da olmalıdır, sonra əsgər-zabitlərə də seçki hüququ verildi, çünki dövləti onlar qoruyurdular.
Bizdə heç vaxt seçki mübarizəsi olmadığına, əvvəl çar Rusiyası, sonra SSRİ-də yuxarıdan bəxş edildiyinə görə bunun qədrini hələ də bilmirik, bu institutun bütün problemlərin həlli üçün açar olduğunu dərk etmirik.
Ölkədə vergi də institutlaşmayıb, inkişaf etmiş ölkələrdə dövlət büdcəsinin 80-90 faizini gəlir vergisi təşkil edir, bizdə isə büdcənin birbaşa 50 faizi, dolayısı ilə 25 faizi neftə bağlıdır – yəni hələ ki, büdcənin 75 faizi birbaşa resurs üzərindədir. Anormal və dayanıqsız sistemdir, amma iqtidar təmsilçilərində əminlik yaranır ki, vətəndaşın vergisindən çox da asılı deyiliksə, nədən onlara seçki hüququ da verməliyik? Amma biz vətəndaş olaraq seçki hüququmuzu bərpa etsək, bu, milli gəlirimizin artmasına, rifaha da birbaşa təsir göstərəcək.
Bu gün populizm dəbdədir, müxalif kəsimin bir qismi də, iqtidarda olanlar da mövcud “piroqun” populistcəsinə paylanması üzərinə təbliğat qurublar – əsas məsələ isə o “piroqu” böyütməkdən ibarət olmalı, bütün müzakirələr bu sahəyə yönəlməlidir. Bunun üçün isə rəqabətli siyasi mühit – seçki vacibdir. Bəli, seçkilərdə də populizm önə çıxır-çıxacaq, amma seçki prosesi işlək olanda populistlər vətəndaşı maksimum bir dəfə aldada bilir, sonra isə məhz iş bacaranlar, nəticə göstərənlər önə çıxır.
Vergi və seçki institutu sağlam təsis olunandan sonra vətənə sevgi orqanik, təbii yolla yaranacaq, çünki bu iki institut rifaha aparan yoldur…

скачать dle 12.1