Bia.Az

Reyestr haqqında

KÖŞƏ YAZARLARI
 8-02-2023, 11:21     382

Bəzi xaricdən maliyyələşən qara jurnalistlər əl-ayağa düşüblər, dövlətimizin media siyasətinə baxan Əhməd müəllimin zarafatını düzgün anlamayıblar.
Nədən gedir söhbət? Bizdə keçən il media haqda qanun qəbul edildi. Qanun yaxşı şeydir. Hər bir şey üçün qanun olmalıdır. Media da buna daxildir. Məsələn, biz keçən ilə qədər qanunsuz fəaliyyət göstərirdik, ona görə mən son 30 ildə yazdığım bütün cızmaqaralardan rəsmən imtina edirəm. Allaha şükür, artıq gül kimi qanunumuz var (özümü qanuni köşə yazarı elan edirəm). Həmin qanunda bir reyestr mövzusu var, açığı, heç bilmirəm burada nədən söhbət gedir. Ancaq yuxarıda adlarını çəkdiyim, daha doğrusu, çəkmədiyim qara jurnalistlər iddia edir ki, guya hökumət hamını siyahıya alacaqdır. Əgər sən hökumətin siyahısında olmasan, daha jurnalist işləyə bilməzsən. Bir növ, yazarların birkalanması prosesidir.
Bunun nəyi pisdir? Əvvəl küçədə qalmışdıq. İndi, maşallah, hər şeyimiz var. İsti sığınacaq, pulsuz sup, yazmağa qələm, hətta xəbərin özünü də verirlər. 90-cı illərdə jurnalist işləmək çox çətin idi. Rəhmətlik İsgəndər bəy Zərdüşt Əlizadəni şəxsən döymüşdü, Mahal İsmayıloğlunun isə eynəyini sındırmışdı. Hər gün bir jurnalisti şaqqalayıb “Azərbaycan” nəşriyyatında, Elmira xalanın kafesinin qabağından asırdılar. Korrektorların gözü çıxarılır, kor qoyulurdu. Müxbirlər çap maşınına mıxlanırdı. Fotoqrafların ətindən qara qovurma bişirilirdi. Redaktorlar səhər evdən çıxanda arvad-uşaqla vidalaşıb, vəsiyyəti yazıb, kəlmeyi-şəhadəti oxuyub qəzetə gedirdilər. İndi mən soruşsam ki, axırıncı dəfə hansı jurnalisti öldürüblər, cavab verməyə çətinlik çəkəcəksən. Əgər lazımdırsa, yada sala bilərəm: erməni separatçıları Qarabağda telejurnalistləri minaya salmışdılar. Bəlkə bu da media reyestrinin günahıdır? Xeyr. Obyektiv olmalıyıq. Dəqiq, qərəzsiz, vicdanlı.
Təzəlikcə çox sevindirici bir xəbər oxumuşdum: dəmir yolunun mətbuat katibi miqrasiyanın mətbuat katibi qoyulmuşdu. Görürsən? Hər idarənin öz mətbuat xidməti var. Bəzi idarələrdə hətta mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr üzrə mətbuat katibinin köməkçisinin müavininin yardımçısı ştatları açılıbdır. Sanarsan ABŞ Dövlət Departamentidir. Halbuki 12 ayda uzağı 2 dəfə Sumqayıt qatarında Biləcəriyə qədər neçə bilet satıldığı haqda açıqlama verməlidir və verir. Di gəl, vəzifə var. Əsas da budur! Vəzifə olmalıdır. Vəzifəsiz mümkün deyil. 
Yeri gəlmişkən, hazırda ölkəmizdə hamının vəzifəsi var. Bizim hər birimiz özümüzə görə vəzifəli şəxslərik. Qəfildən görürsən Üstüaçıq rayonunun İtqapanlı kəndində məktəbin xadiməsi dəhlizi siləndə sürüşüb yıxıldı, başı betona dəydi. Dərhal mediamız başlıq atır: “Filan rayonda vəzifəli şəxs öldü”. Prinsipcə, vəzifənin böyüyü, kiçiyi yoxdur ki? Yalan yazılmır. Mən özüm qəzetdə köşə yazarı vəzifəsi daşıyıram, oxuculardan tələb edirəm hörmətimi saxlasınlar. Ən azı, yazımı qəzetdə, saytda görəndə ayağa durmaq lazımdır.
Bu da yalnız iqtisadi inkişaf sayəsində baş tutubdur. (“Baş tutmaq” - necə gözəl dilimiz var! Qədrini bilin). Əks halda, hamının vəzifəsi olmazdı. Sovetin vaxtında hər rayonda uzağı 3-4 vəzifəli şəxs dolaşırdı. Raykom, prokuror, milisyənin rəisi, raypo, selpo, zavmaq, kolxozun sədri. Vəssalam. Deyəsən, bununla vəzifələr bitirdi. Nəticədə ölkə dağıldı. Hamıya vəzifə versəydilər, dağılmazdı.
Sovetdən danışmışkən, onun vaxtında media reyestri də indiki kimi deyildi. Zəif işləyirdi. Məsələn, müxbir rayona gedəndə uzağı bir şaqqa qoyun əti ala bilirdi. O vaxt hansısa kənddə bu istiqamətdə maraqlı əhvalat yaşanmışdır. Deyir raykomdan kəndə, fermaya zəng vururlar, Bakıdan qəzet müxbirinin gələcəyi, hər inəkdən 1000 litr süd sağan sağıcı Gülbadam xaladan müsahibə alacağı çatdırılır. Ferma müdiri Gülbadam xalanı çağırır, deyir sabah müxbir gəlir, ona müsahibə verməlisən. Gülbadam xala soruşur: “Müdir, müsahibə nə deməkdir?” Müdir deyir: “Azz, düzü bilmirəm nə deməkdir, ancaq sən hər ehtimala qarşı sabah çimib gələrsən”.
Məncə, reyestr müsahibədən daha yaxşıdır. скачать dle 12.1