Bia.Az

Abırlı adamın abır saxlamağı

KÖŞƏ YAZARLARI
 28-11-2022, 10:47     528

Şakir Yaqubov

…Ağa ilə Dövlət Universitetinin əsas korpusuyla doqquzmərtəbəli yeni korpusunun qovuşağı önündə rastlaşdıq. Zənnimcə, heç vaxt əlindən düşməyən sadə, meşin çantası yenə qoltuğunda olduğu halda səkinin kənarındakı ağacların birinə söykənmişdi. Əynində narıncımavi miləmil qısaqol köynək vardı. Avqustun şaxıyan istiləri adamın əhdini kəsdiyi vaxtlardı, amma nədənsə bu istilər Ağanın çöhrəsindən sezilmirdi. Həmişəkitək “yenə göylərdəydi şair xəyalı”. Amma bizi – məni və bir yığın ədəbi-bədii jurnalda, hərəsində də bir vəzifədə işləyən həmişəcavan Tofiq Mahmudovu görəntək söykəndiyi ağacdan aralanıb irəli gəldi, neçə ilin tanışı və müəyyən mənada həm də həmkar kimi əl verib görüşdük, hal-əhval tutduq.
Sorğu-suala əvvəl Tofiq başladı:
– Ağa müəllim, Kamili bu yanlarda görməyibsən ki? – Sanki Kamillərin çox ola biləcəyini anlayıb dərhal əlavə elədi: – Kamil Vəliyevi deyirəm…
Məncə, ilk kitabından elə Laçınlı olan Ağadan fərqli olaraq, indilərdə, yəni müstəqillik illərində daha çox Kamil Vəli Nərimanoğlutək tanınan Kamil müəllim o vaxt eləcə Kamil Vəliyevdi və Tofiq də onu bu cürə soraqladı. Əslində, Kamil müəllim Tofiqə yox, mənə lazımdı: tətbiqi riyaziyyat fakültəsinə imtahan verən sonbeşik qardaşım Məzahirin universitetə qəbul olunması üçün sonuncu – Azərbaycan dili və ədəbiyyatı imtahanından bir möhkəm “3”ə ehtiyacı vardı ki, onu da yardımçının yardımı olmadan alacağına şəxsən məndə inam yoxdu. Buna da müəyyən qədər əsasım vardı: əvvəla, bizim ailədə (elə mənim də ailəmdə) ədəbiyyata maraq bir elə də çox deyil və bu, təbii ki, fikrin ədəbi-bədii cəhətdən ifadəsində də özünü göstərir; ikincisi də oydu ki, Məzahir artıq üç ildi ki, orta məktəbi bitirmiş və əsgərlikdən təzəcə tərxis olunmuşdu ki, bu da onun müəyyən dərəcədə orta məktəbdə aldığı, indisə qəbul imtahanları üçün gərəkli olan bilik-məlumatlardan uzaqlaşmasına birbaşa təsirini göstərməmiş deyildi. Dolayısıyla Məzahirin universitetə qəbul olunması üçün hava-su kimi gərək olan Azərbaycan dili və ədəbiyyatı imtahanından möhkəm “3”ün əldə edilməsi, böyük qardaş olaraq, mənim boynuma düşmüşdü.
Soraq… soraq… məlum olmuşdu ki, sabahkı imtahanı qəbul edənlərdən biri də professor Kamil Vəliyevdir, mənimsə onunla şəxsi tanışlığım yoxdu; ümid Tofiqə qalmışdı, o da indi – avqust ayının 20-nə yaxın, təxminən saat 5 radələrində qabağa düşüb bu məsələnin həlli ilə bağlı mümkün variantları ələk-vələk eləməkdəydi.
Tofiqin sualına Ağa hədəfi xeyli dərəcədə düz göstərən cavab verdi:
– Kamil imtahandaydı, təxminən bir saat bundan irəli işini qurtarıb çıxıb, yəqin ki, evə gedib…
Belə məlum olurdu ki, biz, yəni Tofiqlə mən Kamili artıq universitet məhəlləsində deyil, “Bakı” univermağı məhəlləsindəki evlərində axtarmalıyıq…
– Ağa müəllim, xeyir ola, bu vaxtı sən nə əcəb burdasan? – Necə deyərlər, etika xətrinə, əsl müsəlman düşüncəsiylə soruşdum.
Biz yaşıd deyildik – Ağa məndən azı 10 yaş böyükdü; bildiyimə görə, məndən neçə il qabaq jurnalistlik də eləmişdi, indi isə uzun illərdi ki, həmin bu Dövlət Universitetinin müəllimiyidi və mən ömrüm boyu bütün müəllimlərə olduğu kimi Ağa Laçınlıya da eləcə şagirdin müəllimə bəslədiyi hörmət-ehtiramı bəsləyirdim, onunla danışarkən cavanlıq eləmirdim və təbii ki, münasibətlərimiz rəsmiyyətçilikdən uzağa getmirdi. Bu münasibət “Azərbaycan gəncləri”nə gəldiyim ilk günlərdən, azı üç şöbənin əməkdaşlarının oturduğu otaqda, ədəbiyyat və mədəniyyət şöbəsinin müdiri Tofiq Mütəllibovla son dərəcə sakit, eləcə ikicə nəfərin eşidə biləcəyi tərzdə keçən söhbətindən sonra yaranmışdı. Mən bu bənzətməni çox-çox illər öncə universitetin elmi işlər üzrə prorektoru professor Qədir Sultanov barədə Nəriman Həsənzadənin yazısından oxumuşam: “o sanki yerimir, çəkisiz fəzada uçurdu”. Ağa məhz bu cür, “çəkisiz fəzada uçduğu”tək otağa daxil oldu, başıyla hamıya salam verib Tofiq müəllimin oturduğu stolun önünə keçdi və… eyni qaydayla otağı tərk elədi. Hamıya şəbədə qoşmağı sevən “Cücələrim”in müəllifi Ağa barədə ürəkdolusu: “Yaman abırlı adamdır bu Ağa”, – dedi. Yusif İsmayılov da ona dəstək verdi: “Heç elə bil dağ adamı deyil. – Sonra da əlavə elədi: – Əslində, burda dağ-aranlıq bir şey yoxdur, nə varsa adamın özündədir”…
Bu fikrə hamının şərik çıxması heç kimin müzakirə açmamağıyla bəlli olurdu.
İndi – üstündən on-on beş il keçəndən sonra da Ağa “abırlı adam” xasiyyətini tərgitməmiş, mən deyərdim ki, eləcə saf, təmiz uşaqlığını qoruyub saxlamışdı. Mənim sualıma reaksiyası da bunu deyirdi: Ağa elə bil mərci boyda düyünə dönüb dilinin ucunda dolaşan daxili narahatlığını kiminləsə paylaşmağa girəvə gəzirdi, ona görə özünün adi danışıq tərzinə uyğun, dilini sürüyə-sürüyə olsa da ağbədiyyə dedi:
– Böyük oğlum sabah imtahan verməlidir, onun narahatlığını çəkirəm…
– Harda? – Tofiq soruşdu.
Cavab ləngimədi:
– Şərqşünaslıqda…
Budəfəki sual mənimki oldu:
– Problem nədədi ki?
Görünür, həm özünün təbii sadəliyi və həm də müsahiblərini özünə yaxın bilməsi onu hər şeyi olduğutək söyləməyə sövq elədi:
– Əslinə qalsa, problem olmasın gərək. Çünki həm uşaq özü yaxşı hazırlaşıb, həm də Faiq müəllim, – o, rektor Faiq Bağırzadəni nəzərdə tuturdu, – tapşırıq verib ki, hər müəllimin yalnız öz uşağına güzəşt olunsun və universitetə qəbul edilsin. Amma…
– Rəhmətliyin nəvəsi, daha bundan sonra nə narahatlıq?!. – Sözünü yarımçıq kəsdim: – Sən deynən ki, oğlum artıq universitet tələbəsidir və sizi də qonaqlığa çağırıram…
“Vurmaq”la arası pis olmayan Tofiq dərhal aldı:
– Qağa, sən ki simic deyildin, indi bəs nə oldu?
Ciddiyyət qırışığı açılmağa doğru gedən Ağa yenə ahəstə-ahəstə dedi:
– Tofiq, mən yenə səninçün əliaçıq adamam, amma bu uşağın məsələsi məni bir az təntidir. Belə, necə deyim, adamlara o qədər də etibar yoxdu. Düzdü, hamısı iş yoldaşlarımdı, hamısıynan salam-kəlamım var, duz-çörək kəsmişik, amma heç də hamı düz adam ola bilməz axı. Ağlın özünə getməsin ey… redaktorun üç şeirimi götürüb üç il məni süründürüncə sən həmin şeirləri elə növbəti nömrəyə boyun olursan, bununla da məsələ bitir. Burda bizdə ayrı cürədi işlər… Nə olsun ki, rektorun göstərişi var? Bir də gördün ki, biri uşağın qiymətini aşağı yazdı, sonra da başladı o yan-bu yan eləməyə ki, bəs bilməmişəm, unutmuşam, nə bilim, yüz cür belə söz…
Necə deyərlər, əsl Ağa Laçınlı söhbəti: heç nədən ötrü heç kimə ağız açmayan, hər işini özü həll edən, özünə güvənərək həll edən Ağa Laçınlı xasiyyəti!
***
…Kamil müəllimi elə həyətlərində tutduq və xahişimi çatdırdıq. Sağ olsun, nəinki bir möhkəm “3”, hətta bir yağlı “4” ilə xahişimə əməl elədi. Qardaşım o il “tətbiqi riyaziyyat”a qəbul olundu. Üstündən təxminən 20 il sonra, Ağa Laçınlının haqq dünyasına köçməsinin ildönümünə həsr olunmuş mərasimdə, yarıməlil kimi iştirak edərkən söz sözü gətirdi və öyrəndim ki, Ağanın ata narahatlığı əbəsmiş: oğlu Fəxri qəbul imtahanlarında yüksək nəticə göstərərək elə həmin 86-cı ildə universitetin şərqşünaslıq fakültəsinə daxil olubmuş…
May 2013
Şair, publisist, alim, pedaqoq Ağa Laçınlı 1940-cı il mayın 5-də Laçının Oğuldərə kəndində doğulub. Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetinin şeir şöbəsində ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunun müdiri vəzifələrində çalışıb. 1970-ci ildən ömrünün sonunadək Bakı Dövlət Universitetində (1991-ci ilədək: Azərbaycan Dövlət Universiteti) dərs deyib, dünya ədəbiyyatı kafedrasının dosenti olub.
Ağa Laçınlı 2007-ci ilin noyabr ayının 25-də vəfat edib.
Jurnalist, publisist, tərcüməçi Şakir Yaqubov 1951-ci il fevralın 25-də Astaranın Balaca Şahağac kəndində doğulub. Bakı Dövlət Universitetini bitirib. “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində rəhbər vəzifələr tutub, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub.
Şakir Yaqubov 2022-ci oktyabrın 15-də vəfat edib
скачать dle 12.1