Bia.Az

“Sizə azarkeşlik edirdik, ağa”

KÖŞƏ YAZARLARI
 1-11-2022, 11:54     628

Regionumuz ictimai-siyasi proseslər, dövlətlərarası münasibətlər baxımından böyük gərginliklər içindədir. Bunu ölkədən 3-5 günlük kənara çıxanda daha bariz şəkildə hiss edirsən.

Ötən həftə Qazaxıstanda yerli adamlarla müxtəlif mövzularda söhbət edərkən bəlli oldu ki, onların öz adi dərd-sərləri var, nə hansısa qonşu ölkəylə müharibə həddindədirlər, nə Rusiyanın açıq şəkildə dilə gətirdiyi “Pavlodar bizim qırmızı xəttimizdir” kimi təhdidi ilə üz-üzədirlər, nə də iqtidar-müxalifət münasibətləri bu qədər düşməncəsinədir.
İnsanlar sadəcə öz rutin həyatlarını yaşayırlar, bizim kimi çoxşaxəli əndişə çəkmirlər, çoxüzlü gərginliklər, narahatlıqlar içində deyillər.
Məndən tez-tez belə soruşurdular: “Sizin Ermənistanla münaqişəniz həll oldu, deyəsən, hə?”
Onlar bunu adi şəkildə, insandan “sizdə havalar necə keçir” təhkiyəsi ilə soruşurdular. Qarabağda və Ermənistanla sərhəddə intensiv hərbi əməliyyatlar və toqquşmalar barədə informasiyalar almadıqları üçün elə bilirlər ki. artıq hər şey həll olub, müharibə bitib, Ermənistanla münaqişə tamamilə həll olunub.
Buna görə onları, hətta başqa ölkələrdə yaşaya-yaşaya, məsələnin mahiyyətini, məğzini bilməyənləri qınamaq olmaz. Çünki camaatın öz dərdi-səri var, Ermənistanla münasibətlər bizim problemimizdir, o başqalarını yalnız idman azarkeşliyi səviyyəsində maraqlandıra bilər.
Elə qazax dostlardan bir-neçəsinin dediyi “iki il qabaq biz sizə azarkeşlik (bolet) edirdik, ağa” (qazaxlar qardaşa “ağa” deyirlər) deməsi bu ovqatın məhsuludur. Onlar bizi özlərinə daha doğma sayırmışlar və istəyirmişlər ki, bu münaqişədə qalib tərəf biz olaq. Eyni fikri bir qırğız həmkarım da dedi və əlavə etdi ki, bilirəm, ermənilər də özlərini taciklər kimi aparırlar, özlərinin olmayan şeylərə iddia edir, ortaya qan salırlar.
Əmin olun ki, Ermənistanla yaxşı dostluq, müttəfiqlik münasibətləri olan Fransada da sadə insanların Qarabağ ətrafında gedən münasibətlərdən xəbərləri yoxdur, sadəcə, bilirlər ki, 2 il qabaq Qafqazda müharibə olub, ermənilər hücuma məruz qalıb, amma indiki vəziyyət necədir, bilmirlər. Sadəcə, sadə fransızlar hansısa erməniylə rastlaşanda deyirlər ki, 2 il qabaq təcavüzkar azərbaycanlılar hücum edəndə sizə azarkeşlik edirdik.
Heç İranın bizə təhdidlərindən də sadə insanların, bəlkə də yüksək vəzifəli şəxslərin də məlumatı yoxdur. Hərçənd Türkiyə ilə Azərbaycanın hər cəhətdən yaxın olduduğunu hamı bilir, Türkiyə deyiləndə yadlarına dərhal Azərbaycan, Azərbaycan deyiləndə Türkiyə düşür. Bu, o deməkdir ki, Ankara və Bakının yeritdiyi “bir millət-iki dövlət” siyasəti uğurlu nəticələr verməkdədir. Xarici olkələrdə rast olduğunuz Türkiyə vətəndaşları Azərbaycandan olduğunuzu bildikdə mütləq həmin şüarı dilə gətirirlər.
Belə bir regionda və dünyada yaşayırıq. Burada müttəfiqsiz, arxa-dayaqsız baş çıxarmaq çətindir.
Siyasi gündəm də göstərir ki, sülh danışıqları müharibədən qat-qat çətin, qat-qat ləng gedir. Əgər bizim ordunun generalları hərbi əməliyyatları 44 günə başa çatdıra bilmişdisə, diplomatiya sahəsinin generalları düz iki ildir ki, eyni “strateji yüksəklik” uğrunda vuruşurlar, amma düşmənin o mövqedən çəkilməsinə nail ola bilmirlər.
Bəlkə də ən düz yol budur: müharibənin qan-qadasından, faciələrdənsə, diplomatların uzun-uzadı gedən danışıqlarda əsəb gərginliyi yaşamaları, hər dəfə nəticəsiz başa çatan danışıqlarda yorulmaları daha yaxşıdır. Ancaq hər şeyin bir sonu olmalıdır. Yoxsa ermənilər bu tövrləri ilə 100 il danışıq apara və heç cür yola gəlməyə bilərlər.
Elə 1994-cü ilin mayından ta 2020-ci ilin sentyabrın 27-nə qədər qatıldıqları saysız-hesabsız danışqlarda ermənilər tutduqları mövqedən bir santimetr də geri durmurdular, bir kəndi, bir postu belə xoşluqla vermək istəmirdilər. Bu gün onlar Xankəndidə Şuşaya aşağıdan yuxarı baxırlarsa, Cermuk, Gorus tərəfdə başlarının üstündə Azərbaycan ordusunun postlarını görürlərsə, bu, Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə aparılan danışıqların nəticəsi deyil, əsgərlərimizin reydinin nəticəsidir.
Uzun sözün kəsəsi, Qarabağ və onun ətrafında gedən proseslər yalnız bizim problemimizdir və onu gec-tez biz həll edəcəyik. Başqaları yalnız bizə azarkeşlik edə bilərlər. Sadəcə, ona da çalışmalıyıq ki, azarkeşlərimiz çox olsun.скачать dle 12.1