Bia.Az

Ermənilər “Valday”da Putini ələ alır, biz “qafiyə” tuturuq

KÖŞƏ YAZARLARI
 29-10-2022, 12:43     202

Aynur Camalqızı

Dünən Feysbuk hesabımda da yazmışdım: sosial şəbəkələrin Azərbaycan seqmenti bu günlərdə “Aşıq Pəri məclisi”ni xatırladır. Mütləq əksəriyyətin qızğınlıqla Yazıçılar Birliyinin qurultayı üçün büdcədən ayrılan 203 min manatın nəyə və necə xərclənməsini müzakirə etməsi fonunda “Valday” Beynəlxalq Diskussiya Klubundakı müzakirələr arxa plandadır.
“Valday”da isə... Rusiya Prezidenti Vladimir Putin Qarabağdan danışırdı - Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişindən...
Həddən ziyadə əsəbgərici açıqlamalar idi. Büsbütün erməni auditoriyasına fokuslanmışdı; bütün mesajlar Ermənistan cəmiyyətinə yönəlik idi. Niyə? Nə qədər qəribə də olsa, kifayət qədər mötəbər bir tədbirdə Qarabağla bağlı Rusiya prezidentinə sual ünvanlayanların hamısı ermənilər idi.
Təkcə sual ünvanlamırdılar, həm də salonda “boy” verirdilər…
Putinin daha çox Paşinyan hakimiyyətinə yönəlmiş cavabının alt qatında Azərbycanın suverenliyinə təhdid də sezilirdi.
Və o, ermənilərə açıq şəkildə seçim təqdim etdi:
- Ya Qarabağda Azərbaycan suverenliyini tam tanıyan “Vaşinqton sənədi”nə razılaşın;
- Ya da Rusiya sülh sazişinə “Qarabağ məsələsi”ni də daxil etmək imkanı yarada bilər.
Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqazda açıq müstəviyə keçdiyi son proseslər Putinin bu açıqlamasının hədəfini bəlli edir: Moskva ön plana çıxan Qərbin vasitəçiliyini sıradan çıxarmaq və bunun ön plana çıxmasına şərait yaradan Paşinyan hakimiyyətinə “daxili təzyiq”ə nail olmaq üçün gediş edir. Amma həm də qapını Qarabağda hələ də qalan separatizmə açıq saxlayır, bununla Bakıya bəlli mesajlar göndərməklə yanaşı, Xankəndidə rəsmi İrəvanın imtina etməyə hazırlaşdığı və mövcudluqlarını qorumaq üçün qapı-qapı düşən separatçı-terrorçu rejimi stimullaşdırır.
Putinin cavabı Rusiyanın bölgə üzərindəki maraqları və bu maraqların təmin edilməsi üçün ünvanlı, bir qədər də təhdid mesajları idi.
Amma...
Rusiya prezidentini yönləndirənlərin erməni politoloqlar, jurnalistlər olması da ayrı bir gerçəklikdir. Bu gerçəklik həm də Qarabağla bağlı həlledici proseslərin yaşandığı vaxt bizim cəmiyyət olaraq “Aşıq Pəri məclisi”ndə “qafiyə açıb” deyişmə qurmağımızın da acı mənzərəsini özündə ehtiva edir.
Sizi heç düşündürmürmü ki, “Valday”da niyə Azərbaycanın, azərbaycanlıların mövqeyindən bircə sual da verilmədi? Axı bizim dövlət və xalq olaraq Rusiya prezidentindən cavabını gözlədiyimiz qalaq-qalaq suallarımız var...
Cavab sadədir: ermənilər “Valday”da Putini yönləndirəndə biz Bakıda AYB-ni, onun qurultayını müzakirə edir, lətifələr qoşur, “kim daha maraqlı şərh yazacaq” yarışına çıxmışdıq və çıxmışıq – davam edir hələ də. Yazıçıları, ədəbiyyat adamlarını anladıq, bəs, bircə azərbaycanlı politoloq, siyasətçi, jurnalist, deputat “Valday”a getməyi niyə ağlına gətirməmişdi?!
İlboyu “Valday”la bağlı analizlər, təhlillər hazırlayan ekspertlərimiz də “unutmuşdular”. Çünki yuxarıdan göstəriş yox idi. Heç kəsə “biznes klass” bilet alınıb, əlinə “tezis” verilməmişdi və 203 min manatı “semiçka pulu” sayan deputatlarımız məsafəcə o qədər də uzaq olmayan Soçiyə getməyə, ölkəmizin maraqlarını müdafiə etməyə gərək duymamışdılar. Beləcə “Valday” meydanı boş buraxıldı və nəticə etibarilə ermənilər bundan gen-bol yararlandılar.
Halbuki bütün dünyanın gözünü zillədiyi, Putinin ağzından çıxan sözləri incələdiyi bir vaxtda həqiqəti dünya miqyasında yenidən hallandırmaq üçün bircə replika, bircə sual bəs edirdi.
- 10 noyabr bəyanatının imzalanmasından 2 il vaxt ötsə də, razılaşmanın 4-cü bəndi – Ermənistan hərbi birliklərinin Azərbaycan ərazilərini tamamilə tərk etməsi öhdəliyi hələ də icra olunmayıb. Niyə?
- Razılaşmanın 9-cu bəndində qeyd olunan Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək “maneəsiz keçid” öhdəliyi hələ də yerinə yetirilməyib. Niyə?
- Rusiya prezidenti altına imza atdığı bu razılaşmanın tam icrası haqda nə düşünür, ötən 2 ildə niyə bu bəndlərlə bağlı hansısa addımlar atılmayıb? Ermənistanın öz öhdəliyini yerinə yetirməsi üçün Putin nə etməyi düşünür?
- Azərbaycan razılaşmada götürdüyü öhdəlikləri icra edir, Qarabağda qalan ermənilərlə Ermənistanın təmasını yaradan Laçın yolunu açıb, Rusiya sülhməramlıları bu yolda yerləşir. Bəs, Naxçıvana “maneəsiz keçid”in açılması, Rusiya sərhədçilərinin ora yerləşdirilməsi prosesi niyə həyata keçirilmir?!
Biz niyə bütün dünyanın gözü qarşısında bəyanatın həmin bəndlərini “üzündən oxuyaraq”, Rusiyanın Ermənistandan keçəcək yolu nəzarətə götürməsi üçün məsuliyyət üstləndiyini yada salmadıq? Qərbə doğru qaçmaqda olan Ermənistanı cilovlamaq üçün çalışan Rusiya prezidentini bu suallarla Azərbaycan auditoriyasına yönləndirmək, Azərbaycanı narahat edən məsələlərin həlli ilə bağlı açıqlamalar ala bilməzdikmi?
Bilərdik və bunun yolu çox asan idi.
Amma…
Başımız “Aşıq Pəri məclisi”ndən ayılmır axı…
скачать dle 12.1