KORONAVİRUS PANİKASI: ADİ QRİPDƏN DAHA TƏHLÜKƏLİ DEYİL! - Mütəxəsislər və rəqəmlər nə deyir?

KORONAVİRUS PANİKASI: ADİ QRİPDƏN DAHA TƏHLÜKƏLİ DEYİL! -
Mart 9, 2020 00:42

Dünya gündəmini zəbt edən koronavirusun yeni növü ilə bağlı xəbərlər bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ciddi narahatçılıq, hətta təşviş yaradıb.

Bunun əsas səbəblərindən biri şişirdilmiş, yalan xəbərlərin sürətlə yayılmasıdırsa, digəri əhalinin koronavirusla bağlı məlumatsızlığıdır. Bu baxımdan mediada koronavirusun yeni növü ilə bağlı elm adamlarının, rəsmi qurumların və şəxslərin fikirlərinə əsaslanan yazıların verilməsi bu sahədə ajiotajın qarşısının alınması baxımından əhəmiyyətlidir.

İlk nöbbədə qeyd edək ki, koronavirus yeni deyil. Ötən əsrin 60-70-ci illərindən koronavirus müxtəlif forma və adlarda meydana çıxıb. Ona görə də, COVİD-19 koronavirusun yeni növü adlanır.

Əvvəllər, məsələn, 2003-cü ildə koronavirus SARS (Şiddətli Kəskin Respirator Sindromu), 2012-ci ildə isə MERS (Yaxın Şərq Tənəffüs Sindromu) şəklində özünü biruzə vermişdi.

Koronavirus, əlbəttə, təhlükəli xəstəlik sayılır. Ancaq sosial şəbəkələrdə, mediada iddia edildiyi qədər də təhlükəli deyil.

Təsadüfi deyil ki, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) keçirdiyi sonuncu iclasında koronavirusun yeni növünü qlobal təhlükə kimi qəbul etməyib. Ona görə də, COVİD-19 hətta epidemiya belə hesab edilmir.

Çünki epidemiya – yoluxucu xəstəliyin müəyyən zaman və məkan daxilində insanların 5 faizdən çoxuna yayılmasıdır. Ancaq koronavirus ən geniş yayıldığı ölkədə - Çində belə əhalinin 0,01 faizindən azında aşkar edilib. Başqa ölkələrdə isə daha aşağıdır.

Belə ki, virusun yayıldığı gündən bu yana 93 min nəfər bu xəstəliyə yoluxub, onlardan 50 min 690 nəfəri, başqa sözlə 54,7 faizi artıq sağalıb. Yəni, hər koronavirus xəstəsi dünyasını dəyişmir, xəstəlik vaxtında aşkarlandıqda müalicə olunur.

Çində indiyədək koronavirusa yoluxmuş şəxslərin, demək olar ki, 70%-i sağalaraq xəstəxanadan evə buraxılıb. Bu da koronavirusa yoluxanların sağalmadığına dair iddiaların yalan olduğunu, təşviş yaratmağa xidmət etdiyini göstərir.

 

 

İsrailli alimlər də hesab edir ki, panikaya düşməyə dəyməz. COVİD-19 da, koronavirus ailəsidən olan digər viruslar kimi,  atipik pnevmaniyanın (SARS) törədicisi kimi tanınır. Vəziyyətin mürəkkəbliyi, sadəcə, COVİD-19-a qarşı vaksinin olmaması ilə bağlıdır. Vaksinin icadı istiqamətində edilən cəhdlər davam etməkdədir.

Digər tərəfdən koronavirusun yeni növündən ölüm halları da yüksək deyil. Bu günə qədər 3 mindən bir qədər çox insan ölüb. Bu da 3,4 faiz ölüm deməkdir, yəni qripdən orta ölüm faizini keçmir.

Statistik məlumatlar göstərir ki, normal qrip xəstəliyindən ölən insanlar koronavirusdan ölənlərdən 60 dəfə çoxdur. Adi qripin ölüm faizi 0,1 faizdir və il ərzində dünyada 400 min insanın ölümünə səbəb olur. Adi, mövsümi qripdən il ərzində ABŞ kimi bir ölkədə 35 min nəfər ölür ki, bu da ay ərzində 2900 nəfərin məhz bu adi qripdən öldüyünü təsdiqləyir. Halbuki, 2 ay müddətində dünyada 2800 nəfərin koronavirusdan öldüyü bildirilir. Belə olan halda, yəni koronavirusu necə digər viruslardan daha təhlükəli hesab etmək olar?

Koronavirusa yoluxanlar əsasən xroniki xəstəliyi səbəbindən immuniteti zəif olanlar və yaşlılardır. Həmin insanlar virusdan qorunmaq üçün daha diqqətli olmalı, immun sistemini gücləndirməlidirlər.

İnsanları təşvişə salan əsas amillərdən biri də, koronovirusun yeni növünün yayılma sürətinin adi qripdən iki dəfə, SARS-dan 6 dəfə çox olmasıdır. Bunun başlıca səbəbi böyük şəhərlərdə yaşayan insanların sayının xeyli artması ilə bağlıdır. Məsələn, virusun ilk çıxıb və sürətlə yayıldığı Vuhan və ətraf şəhərlərdə 40 milyona yaxın insan yaşayır, amma yoluxma və ölüm faizi bu rəqəmlə müqayisə olunmaz dərəcədə aşağıdır.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, adi qızılca virusu havada onlarla metr asılı vəziyyətdə qala, bu məsafədə olan sağlam insana ötürülə bildyi halda, koronavirus cəmi iki metr məsafəyə yayılma qabiliyyətinə malikdir. Koronavirus xəstəsi virusu sağlam insana öskürərək, nəfəs alıb-verərək, təmasda olaraq ötürür. Elə bu baxımdan də koronavirusun, məsələn, qızılca kimi adi bir xəstəlikdən, quş qripindən, vərəmdən daha az yayılma riskinin olduğu üzə çıxır. Bu isə o deməkdir ki, koronavirusun yayılma sürəti digərlərindən çox olsa da, onun yayılma riski digərlərindən daha aşağıdır və bu xəstəlik cəmiyyətin bu vaxta qədər rastlaşdığı viruslardan heç də daha təhlükəli, daha qorxulu deyil.

Başqa bir amil: koronavirus da pnevmoniya və vərəm xəstəliyi kimi məhz ağ ciyər xəstəliyinə səbəb olur və hava-damcı yolu ilə yayılır. Onu da unutmaq lazım deyil ki, bütün dünyada, eləcə də Azərbaycanda pnevmoniya və vərəm xəstəliyi müalicə olunan xəstəlik hesab olunur. Təbii ki, pnevmoniya və vərəm də vaxtında müalicə olunmazsa, bu xəstəliyə tutulan insanlar öz həyatlarını itirə bilirlər. Bir sözlə, istənilən xəstəliyin vaxtında müayinəsi və müalicəsi əsas şərtdir və ən vacib olanı da narahatlıq, yaxud təşviş deyil, məhz xəstəliklə mübarizə tədbirləridir.

Virusa yoluxanlarda ölüm hallarının daha çox yaşlı insanlarda müşahidə edilməsi göstərir ki, immun sistemi zəif insanlar xəstəliklə sadəcə mübarizə apara bilmir. Bu fakt isə təkcə koronavirusa aid deyil və istənilən xəstəliyin müalicəsində aparıcı rolu immunitet oynayır və immuniteti zəif olan insanlar istənilən xəstəliyə qalib gələ bilmirlər ki, sonda bu da ölümlə nəticələnə bilir. Deməli, koronavirusla mübarizənin bir yolu da immun sisteminin möhkəmləndirilməsidir. Yəni, immun sisteminin möhkəmləndirilməsinə xidmət edən sağlam həyat tərzi və normal qidalanmadır.

Digər tərəfdən, lazımi tədbirlər görülsə, koronavirusdan qorunmaq mümkündür. Xəstəliyin başlıca yoluxma yolu öskürək və asqırma yolu ilə yayılan tüpürcəklərdir. Ümumdünya Səhiyyə Təşkilatı əvvəlcə xəstəlik əlamətləri (öskürək, asqırma, burun axması, yüksək hərarət) olan insanlardan azı 1 metr aralı dayanmağı vacib hesab edirdi. Ancaq hazırda bu məsafə xəstəliyin geniş yayılması səbəbindən 2 metrə yüksəlib. Bundan başqa, gigiyena qaydalarına mütləq şəkildə əməl olunmalıdır.

Əllərin təmiz saxlanılması vacib detallardandır. Əlləri yumaq, spirt və digər dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir.

 

 

Maskalar və xüsusi geyimlər adətən xəstəliyin geniş yayıldığı ərazilər üçün tətbiq olunur. Gündəlik həyatda isə bunlara ehtiyac yoxdur. Kütləvi yerlərdə maskalardan istifadə edə bilərsiniz.

Ümumiyyətlə, infeksionistlər bildirirlər ki, koronavirus öz yoluxma qabiliyyətinə görə bənzər viruslardan çox da fərqlənmir, profilaktikası və müalicəsində daha dəyişik metodlar tələb etmir və həyati təhlükəliliyinə görə digər viruslarla eynidir, hələ bəzilərindən zəifdir də deyə bilərik. Bu səbəbdən, yuxarıda qeyd olunan təhlükəsizlik tədbirləri yetərli olmaqla bərabər, əhalinin həyəcanlanmasına lüzum yoxdur. İnfeksiyanın hava-damcı yolu ilə yoluxduğunu nəzərə alaraq, kütləvi toplanış yerlərindən (konsert salonları, havalanması pis olan qapalı məkanlarda toplantılar və s) uzaq olmaq lazımdır. Gündəlik həyatda birdəfəlik kağız dəsmallardan istifadə, ətraf mühitin təsir amillərinə uyğun geyinmək (bədəni soyumaqdan qorumaq), düzgün qidalanmaq (yetərli karbohidrat və zülal qəbulu), xəstəlik əlamətləri (yüksələn bədən hərarəti, asqırma, öskürək, halsızlıq və s.) müşahidə olunan zaman cəmiyyətdən təcridlə bərabər həkim-mütəxəssisə vaxtında müraciət və s. kimi tədbirlər görmək məsləhətdir.

Bir sözlə, tibb sahəsi üzrə mütəxəssislərin açıqlamaları göstərir ki, koronavirus müalicəsi mümkünsüz və sağalmaz olan xəstəlik deyil! 

Bia.az
Oxşar xəbərlər