Bia.Az

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

İqtisadiyyat
 27-09-2022, 15:51     366

Aparılan araşdırmalar zamanı bəlli olur ki, əslində daxili bazarda benzin satışını həyata keçirən kiçik bir qrup var. Həmin qrup əslində bir mərkəzdən idarə olunur. Onların eyni qaydada, 1 qəpik də olsun fərq olmadan idxalatda iştirakı ona gətirib çıxarıb ki, daxili bazarda qiyməti də bir mərkəz təyin edir. Deməli, bu qədər iddia edilən “müstəqil iş adamları” anlayışı, əslində, bir və bir neçə maraqlı qrupun əlindədir...

Azərbaycanda son aylarda sürücülər arasında pərakəndə satılan Aİ 92 benzinin keyfiyyəti ilə bağlı ciddi narazılıqlar var. Sürücülər bildirir ki, benzinin keyfiyyəti aşağı olduğundan, istifadələrində olan nəqliyyat vasitələri tez-tez sıradan çıxır.

Hazırda Azərbaycan Aİ-92 markalı benzini idxal edir. Bunun da səbəbi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılmasıdır. Cari ilin yanvar ayının 31-də bu markalı benzinin idxalı ilə bağlı olaraq vergi və rüsum güzəştləri tətbiq edilib. 4 aylıq güzəştlərdən sonra may ayında güzəştlər müddəti bitib. Bundan sonra da Azərbaycanda pərakəndə olaraq satılan Aİ-92 markalı benzinin qiyməti artmayıb. Hansı ki, Tarif Şurası deyil, qiymətləri bazarda iştirakçıların tənzimlədiyinə dair dəfələrlə açıqlamalar verilib.

Lakin nədənsə son günlər dünya bazarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycanın daxili bazarına heç bir təsiri olmayıb. Dünya Birjalarında neftin qiymətinin aşağı düşməsi səbəbindən Avropa bazarlarında pərakəndə qiymətlərdə enmə müşahidə edilməyə başlayıb. O zaman ortaya obyektiv bir sual çıxır – əgər Azərbaycanda da qiymətləri idxalçılar və bazar tənzimləyirsə, bizdə qiymətlər niyə dəyişmir?

Neft məsələri üzrə ekspert İlham Şaban hesab edir ki, qiymətlərlə bağlı açıqlanan statistikada cavabsız suallar var. Ekspert hesab edir ki, bu açıq qalan suallara cavab almaq çətindir.

Eynilə İlham Şaban da deyir ki, neft qiymətləri ucuzlaşır, bu gün Brent-in ən ucuz partiyası 83 dollar 45-sentə satılıb. 13 iyul tarixdə Ai-95 marlakı benzinin 1 litrinin qiyməti bazar iştirakçılarının KARTEL sövdələşməsi ilə (çünki yüksəkoktanlı benzinlərin qiyməti rəsmən dövlət tərəfindən tənzimlənmir) bütün Azərbaycanda 2 manat təyin edildi. Həm hökumət, həm də istehlakçılar seyrçi mövqe tutdular. Yəni hökumət bunun bazarda İNHİSAR halı olmasını heç araşdırmadı. İstehlakçılar da etiraz etmədilər: yəni olan budur, alırsan al, almırsan maşınına milli istehsal olan 92 vur (xeyli istehlakçı elə sonuncu yolu tutub, çünki Ai-95-in satışları ötən illə, əsasən də 2020-ci illə müqayisədə xeyli azalıb).

O zaman KİV-lər nə yazırdı? Bəs dünya bazarında neftin qiyməti 100 dolları, ona görə də idxal benzininin qiymətindəki artım da obyektivdir.

Bəs dünya bazarında neftin qiyməti 85 dollardan aşağı düşüb, bu, özünü Ai-95 və Ai-98-in qiymətlərində göstərəcəkmi?

İlham Şaban hesab edir ki, məntiqlə göstərməlidir. “Çünki hələ sentyabrın 7-də Brent markalı neftin qiyməti ilk dəfə olaraq 86 dollardan aşağı qiymətə ticarət edilməyə başlamışdı. Düzdür, sonrakı günlərdə 93-94-ə qədər yüksəlsə də, amma sentyabrın 22-dən 90 dollardan aşağı qiymət diapozonunda ticarət edilir. Azərbaycanda yanacaq bazarında (o cümlədən idxalda) real rəqabət mühiti olsaydı, təbii ki, hər YDM-də alıcılar müxtəlif qiymətlər görə bilərdilər və bu, daim üzü yuxarı gedən qiymətlər olmayacaqdı”.

“Hürriyyət” xəbər verir ki, hazırda ölkə ərazisində YDM-lərin sayı 900-dən çoxdur. Lakin bu günə qədər heç bir istehlakçı hansısa YDM-də digərlərindən fərqli qiymətə rast gəlməyib. Bu qiymət fərqi heç 1 qəpik də müşahidə olunmayıb.

Ortada açıq qalan suallar kifayət qədərdir. Hökumət açıqlamır ki, hazırda Azərbaycan daxilində litri 1 manata satılan Aİ-92 markalı benzindən əldə olunan gəlir nə qədərdir. Hökumət yenə də yaxasını kənara çəkib iddia edə bilər ki, bazarda idxalçılar da, pərakəndə satıcılar da müstəqil və özəl şəxslərdir. O zaman bu idxalçı hüquqi və ya fiziki şəxslər gəlirləri ilə bağlı olaraq niyə cəmiyyətə hesabat vermirlər? Onlar bu hesabatları ictimayyətə açıqlamırsa, vergi, gömrük orqanları bu hesabatları açıqlaya bilər.

İlham Şaban qeyd edir ki, belə hesabatlar Rusiyada və Türkiyədə mütəmadi olaraq açıqlanır.

Və adətən biz bu iki ölkədə taariflərin dünya bazarındakı qiymətlərə uyğun olaraq artıb-azaldığını da müşahidə edə bilərik.

İndi Azərbaycana idxal edilən Aİ markalı benzinlə “Premium” markalı benzin hesab olunan Aİ-95 markalı benzinin qiymətlərinə diqqət edək. Ekspert çox mühim bir məqama toxunur. Daxili bazarda pərakəndə formada satılan Aİ-95 markalı benzin, yəni “Premium” benzinin 1 tonu 978 dollar 17 sentə idxal edilir. Lakin bu benzin bazarda 1 litr üçün 2 manata satışa çıxır.

Bazarda 1 litri 100 faiz aşağı satılan, yəni 1 litri 1 AZN olan Aİ-92 markalı benzinin isə 1 tonu 1149 dollar 84 sentə idxal edilir. Sadə məntiqlə belə nəticə çıxarmaq olar ki, ölkədə “Premium” markalı benzin daxili bazarda 1 manatdan da aşağı satılmalıdır. O zaman qiymətləri bu şəkildə kim tənzimləyir? İdxalçılar ümumiyyətlə bu işin harasındadır? Təəssüf ki, hökumət bu suallara cavab vermir. Deməli, ortada olan fakt ondan ibarətdir ki, Azərbaycana aşağı oktanlı benzin idxal edilib. Və bunun üçün 2022-ci ilin birinci yarısında 150.8 min ton benzin idxal edilib və 173 milyon manat vəsait xərclənib.

“Elə bilməyin ki, Ai-92 markalı benzinin idxalı H.Əliyev adına NEZ-da aprelin 4-dən mayın 25-dək davam edən təmirlərlə əlaqəlidir. Bəli, əlaqəsi var, amma tam yox. Çünki cari ilin ilk rübündə, təmirdən əvvəl Azərbaycan 50 min tondan çox Ai-92 markalı benzin idxal etmişdi, II rübdə isə bu 100 min tona çatıb. Elə iyulda da idxal olub. Bilirsiniz nə qədər? Gündə 1,5 milyon litr! Əgər Ai-92 markalı benzini ölkəyə gətirmək belə baha başa gəlirsə, onda nədən Ai-95-in qiymətini aşağı salıb, onun satış həcmlərini artırmağı düşünmürlər?, - deyə ekspert ritorik bir sual qoyur.

Aparılan araşdırmalar zamanı bəlli olur ki, əslində daxili bazarda benzin satışını həyata keçirən kiçik bir qrup var. Həmin qrup əslində bir mərkəzdən idarə olunur. Onların eyni qaydada, 1 qəpik də olsun fərq olmadan idxalatda iştirakı ona gətirib çıxarıb ki, daxili bazarda qiyməti də bir mərkəz təyin edir. Deməli, bu qədər iddia edilən “müstəqil iş adamları” anlayışı, əslində, bir və bir neçə maraqlı qrupun əlindədir.

Hurriyyet.az
İqtisadiyyat Şöbəsi
скачать dle 12.1