Bia.Az

“Yaşma” necə yenilənib?

İqtisadiyyat
 9-02-2022, 11:34     343

Fevralın 8-də prezident İlham Əliyev Bakıda yenidən qurulan “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Rusiya və Azərbaycanın enerji sistemlərini əlaqələndirən “Yaşma” yarımstansiyası 1971-ci ildə tikilib. Yarımstansiya rəqəmsal qaydada tam yenidən qurulub. “Sumqayıt”, “Qobu”, “Xaçmaz” elektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə isə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirilən “Yaşma” qovşaq yarımstansiyasının “Qobu” Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və tikintisinə başlanacaq yeni “Yaşma” Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən “Yaşma” yarımstansiyasında 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb. “Qobu” Elektrik Stansiyasından “Yaşma” yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.

Enerji sistemində ilk dəfə məhz bu yarımstansiyada şimal-şərq rayonlarının və Abşeron yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntlayıcı reaktor quraşdırılıb. Reaktor 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək, xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.скачать dle 12.1