Bia.Az

Bir problem, üç məsələ

İqtisadiyyat
 25-01-2022, 11:08     330

Baş nazir Əli Əsədov ərzaq təhlükəsizliyi və qiymət artımı problemlərinə həsr olunmuş 18 yanvar müşavirəsində dövlət qurumlarına inflyasiyaya qarşı tədbirləri gücləndirmək planı hazırlamağı tapşırıb. Yanvarın 21-də yayılan rəsmi məlumata görə, baş nazirin tapşırığı əsasında işçi qrup yaradılıb və inflyasiyaya qarşı tədbirlər planının ilkin layihəsinin iki həftə ərzində hökumətə təqdim edilməsi gözlənir.

İqtisadçı alim, siyasətçi Qubad İbadoğlu prezident İlham Əliyevin 31 may 2005-ci ildə imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” fərmanı xatırladaraq yazır: “Fərmanda Nazirlər Kabinetinə Rəqabət Məcəlləsinin layihəsini hazırlamaq tapşırılmışdı. Rəqabət Məcəlləsinin layihəsi 2009-cu ildə parlamentə göndərilib, o vaxtdan 13 il keçsə də, qəbul olunmayıb. Dövlət rəqabəti dəstəkləməsə, istehsal və onun da ardınca istehlak qiymətləri sabitləşməyəcək. Odur ki, hökumətin hazırladığı antiinflyasiya tədbirlərindən ciddi gözləntim yoxdur.

Bazar iqtisadiyyatının təməl prinsiplərindən biri sərbəst qiymətqoymadır, bu isə sağlam rəqabət olan yerdə mümkündür. İqtisadiyyatda inhisarçılıq varsa, istehlak bazarında bahalaşma da olacaq. Çünki inhisarçılar rəqabət şəraitində formalaşacaq qiymətdən daha yuxarı qiymət müəyyənləşdirib inflyasiyaya artırıcı təsir göstərirlər”.

Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu hakimiyyəti inflyasiyanı cilovlamaq üçün üç məsələni həll etməyə çağırır: Rəqabət Məcəlləsinin qəbulu; müstəqil antiinhisar xidməti yaratmaq; məhkəmələrə müstəqillik verilməsi, qanunun aliliyinin təmin edilməsi.скачать dle 12.1