Bia.Az

Palatanın büdcə rəyi sual doğurur

İqtisadiyyat
 11-06-2021, 11:38     363

Hesablama Palatası 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata rəy verib.

Novator.az-ın məlumatına görə, rəyə nəzər salan iqtisadçı Rövşən Ağayev sual qoyur: “Palatanın rəyində qeyd olunur ki, 2020-ci ildə dövlət büdcəsinin sərbəst qalığından 201,9 milyon manat vergi orqanlarına və yerli icra hakimiyyəti qurumlarına ayrılıb. Bu ayırma üçün iki hüquqi əsas göstərilir: Vergi Məcəlləsinin 22-1-ci maddəsinə əsasən, vergi orqanlarına verilib (bu maddə vergi orqanlarının maliyyə sanksiyalarına görə daxilolmalardan pay götürməsini rəsmiləşdirir); yerli icra hakimiyyətlərinə köçürmə edilib (prezidentin 3 iyun 2019-cu ildə təsdiqlədiyi qaydalara əsasən, rayon və şəhərlərdə proqnozdan artıq toplanan büdcə daxilolmalarının 50 faizi yerli icra hakimiyyətlərinin büdcədənkənar fondlarına gedir).

“Büdcə sistemi haqqında” qanunun 19.5-ci maddəsi isə sərbəst qalığın istifadəsi istiqamətlərini və təyinatını çox dəqiq göstərir: büdcə kəsirinin maliyyələşdirilməsi; müdafiə olunan xərc maddələrinin (əməkhaqqı, pensiya, dövlət borcu) maliyyələşdirilməsi – qanunda bu həcm üçün limit var; dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminat fondu – qanunda bu həcm üçün limit yer alır.

Göstərilən istiqamətlər üzrə xərcləmələrdən sonra yerdə qalan vəsait idarəetməyə verilməli və Dövlət Neft Fonduna köçürülməlidir.
Yuxarıda qeyd olunan 201,9 milyon manat “Büdcə sistemi haqqında” qanundakı hansı istiqamətə uyğun gəlir? Hesablama Palatası nədən öz rəyində bu cür vacib məqamın üzərindən sükutla keçib?”

Milli Məclisin yaratdığı, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olan Hesablama Palatasının icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına rəy vermək səlahiyyətləri də var.скачать dle 12.1