Bia.Az

“DƏMİR İPƏK YOLU” - Türkiyə dünya ticarətinin mərkəzi olacaq

İqtisadiyyat
 26-01-2021, 12:36     519

Naxçıvandan keçən dəmir yolu xətti İran, Əfqanıstan və Pakistanla birləşəcək

İranla imzalanan yeni müqaviləyə əsasən Türkiyədən İrana, Orta Asiyaya, Pakistana, Əfqanıstana və Fars körfəzi ölkələrinə həyata keçirilən yükdaşımaların həcmi illik 400 min tondan bir milyon tonadək artacaq. Qars şəhərindən başlayacaq 230 kilometrlik Naxçıvan dəmir yolu xətti üçün relslərin çəkilməsi işi bu il həyata keçiriləcək.

“Covid-19”-un təsirləri altında formalaşan yeni dünya nizamında Türkiyə yeni strateji vəziyyətin üstünlüklərindən daha çox istifadə edəcək.
Təkcə öz regionunda deyil, dünyada mühüm təchizat qovşağı olmaq üçün fəaliyyətə başlayan Türkiyə, qlobal ticarətin 35 faizini reallaşdıracaq çox vacib dəmir yolları layihələrini həyata keçirir.

Avropa - Çin yolu çəkilib

Sərmayə qoyuluşu çərçivəsində ilk olaraq Çindən Avropaya uzanan “Dəmir ipək yolu” ilə qatarların hərəkəti başladı. ”Türkiye” qəzetinin məlumatına görə, keçən ilin noyabr ayında Çinin Sian şəhərindən yola çıxan Çin qatarı Mərmərə tunelindən keçərək Çexiyanın paytaxtı Praqaya çatıb. Bundan sonra Türkiyə həmin yoldan öz ixracatı üçün istifadə etməyə başlayıb.
Çinə yük daşıyan ilk qatarımız 4 dekabrda təntənəli mərasimlə İstanbuldan yola salındı. Çerkezköy stansiyasından yola düşərək iki qitə, iki dəniz və 5 ölkə keçən bu qatar iki həftə ərzində Çinə çatıb.

İran istiqamətindəki xətt genişlənir

İran Dəmir Yolları ilə də yeni müqavilə imzlanıb. İranla alternativ dəhlizin təməli 1969-cu ildə qoyulub. Bağlanmış indiki müqavilə ilə mövcud şərtlər yenilənib. Bu istiqamətdə dəmir yollarının modernləşməsi və yük daşıyan qatarların sayının artırılması planlaşdırılır.

Naxçıvan xətti çəkiləcək

Hələ 2008-ci ildə ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gündəmə gətirilən ideya - Naxçıvan Dəmir Yolu üçün relslər çəkiləcək. Azərbaycanın Dağlıq Qarabağdakı qələbəsindən sonra həmin layihənin reallaşdırılması sürətləndirilib. Bu yol Qars və İqdırdan start götürəcək və Naxçıvana doğru 230 kilometrlik sıfırdan dəmir yolu xətti çəkiləcək. Həmin dəmir yolu xətti İran, Əfqanıstan və Pakistanla birləşəcək. Bu xəttin tikintisinə iki milyard türk lirəsinin xərclənəcəyi gözlənilir. Beləliklə, Naxçıvan iqtisadiyyatı da ümumi yük daşımlarına daxil olacaq.

Həmçinin, Avropa ölkələrilə yüksək standartlı dəmir yolu əlaqəsi yaradacaq Halkalı-Kapıkule xəttinin tikintisinin 25%-i yerinə yetirilib. Çerkezköy-Kapıkule hissəsinin inşasının 2023-cü ildə sona çatacağı gözlənilir. Uzunluğu 76 kilometr olan Halkalı-Çerkezköy hissəsi ilə bağlı tender çalışmaları üzərində hazırlıq işləri görülür. Halkalı-Kapıkule arası qatarla sərnişinlərin gediş müddəti 4 saatdan 1 saat 20 dəqiqəyə, yük daşıma müddəti isə 6,5 saatdan 2 saat 20 dəqiqəyə qədər enəcək. Bu layihə çərçivəsində Ədirnə, Kırklareli və Tekirdağ sürət qatarları şəbəkəsinə bağlanacaq.

Halkalı-Kapıkule dəmir yolu xəttilə Londondan Pekinə kimi uzanan “Dəmir ipək yolu”nun mühüm bir hissəsi daha da möhkəmlənmiş olacaq.

Bu sahələr fəallaşacaq

“Türkiyə - Çin Biznesin İnkişafı Assosiasiyası” bu il “Dəmir ipək yolu” ölkələrinin sammitini keçirəcək. Burada Türkiyə biznesmenlərinin Çinə və sözügedən dəmir yol xətti üzərindəki digər ölkələrə sata biləcəkləri müxtəlif çeşidli məhsullar nümayiş etdiriləcək. Mədən və qida sənayesi, kənd təsərrüfatı, energetika, elektron ticarət, informasiya texnologiyası, turizm və digər sahələr əhəmiyyətli dərəcədə böyüyəcək.

Türkiyə ərazisindən keçəcək bu dəmir yolu şəbəkəsi sayəsində ölkənin ticarət həcmi ilk mərhələdə illik 40 milyard dollar artacaq. Bu impuls ölkənin sənaye sektoruna əlavə sifarişlər gətirəcək və bu da öz növbəsində bir milyona yaxın yeni iş yerinin yaranmasına imkan verəcək. Türkiyə bu dəmir yolları hesabına sadəcə öz ticarətini artırmayacaq, o, həm də Asiya və Avropa ölkələri arasındakı ticarətdə təchizat xidmətləri göstərəcək.

Digər tərəfdən, buradan milyonlarla dollarlıq ”nəqliyyat xidmətləri” gəlirləri əldə olunacaq. Çindən Avropaya uzanan dəmir yolları şəbəkəsi sayəsində Türkiyə dünya ticarətində söz sahibi olan ölkələrin önündə gələcək.

“Haber7”
(Türkiyə)скачать dle 12.1