Bia.Az

Düşmən nə qədər vəhşiləşsə də, heç bir məqsədinə çatmayacaq - Bələdiyyə sədri

İqtisadiyyat
 4-11-2020, 12:15     663

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Abşeron rayonu Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə.. 

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev
 Vətənə ləyaqət nümunəsi sayılacaq bələdiyyə sədrlərindəndir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən bələdiyyə sədrlərindəndir.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Rüfət Fətullayevi yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Rüfət müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Rüfət Fətullayev haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Rüfət Fətullayev təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Rüfət Fətullayevin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız- hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya yüzlərlə xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki...) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda ”Rüfət Fətullayevin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, siz hər şeyi baş-ayaq anlamısız…

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!

Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Rüfət müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır.  Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!


P.S
Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi üçün işğalçılara bir-birinin ardınca sarsıdıcı zərbələr vurur. Ordumuzun qələbə əzmi erməni işğalçılarını lərzəyə salmaqda davam edir. Hər saat, hər gün uzun illər səbirsizliklə gözlədiyimiz qələbə xəbərlərini alırıq. Rəşadətli ordumuz qısa müddətdə çox mühüm strateji yüksəklikləri, Cəbrayıl şəhərini və rayonun bır sıra kəndlərini, eləcə də Tərtər istiqamətindəki Suqovuşan yüksəkliyini, Talış kəndini, Füzuli istiqamətində bir neçə kəndi işğaldan azad edib. Azərbaycan xalqı Qarabağı mənfur düşməndən azad etmək əzmini və iradəsini ortaya qoyub. İndi heç bir qüvvə bizi bu tarixi mücadiləmizdən çəkindirə bilməz.

Bu sözləri BİA.az-a müsahibəsində Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev söyləyib.

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan bələdiyyə sədri deyib: “Torpaqlarımızın düşmən işğalından tamamilə azad olunacağı, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, digər yurd yerlərimizdə əzəmətlə dalğalanacağı artıq bir həqiqətə çevrilir. Xalqımızın sarsılmaz birliyi, yüksək vətənpərvərliyi düşmənin rüsvayçı məğlubiyyəti ilə tamamlanacaq. Bizim yolumuz haqq yoludur, torpaqlarımızın düşmən işğalından azad edilməsi yoludur. Bu yolda böyük hünər və cəsarət göstərən ordumuz şanlı tarix yazır. Bu tarixin hər səhifəsi şan və şöhrətlə süslənib”.

O, bildirib ki, döyüş meydanında ciddi məğlubiyyətlərlə üzləşən xain düşmən öz alçaq və barbar xislətini bir daha nümayiş etdirir. Dinc əhalini hədəfə alaraq cəbhəyanı və digər yaşayış məntəqələrimizə intensiv artilleriya və raket zərbələri endirir, beynəlxalq hüququ və konvensiyaları açıq-aşkar tapdalayır. Mülki əhalimiz arasında xeyli sayda ölən və yaralananlar var. Yaşayış binalarına, infrastruktura ciddi ziyan dəyib. Erməni vəhşilərinin bu alçaq hərəkətləri vətəndaşlarımızın dəyanətini əsla sarsıda bilmir.

Rüfət Fətullayev deyib: “Çox təəssüf ki, beynəlxalq təşkilatlar, bəzi dövlətlər baş verən bu vandalizm hərəkətlərini görməməzlikdən gəlirlər. Fransa kimi təcavüzkar dövləti dəstəkləyən qüvvələr özlərinin insanlığa qarşı törətdikləri qırğınları unudaraq, haqq işimizə hər vəchlə mane olmağa çalışırlar. Bu haqq və ədaləti tapdalayanlar unutmasınlar ki, xalqımız mənfur düşməni torpaqlarımızdan birdəfəlik qovub çıxaracaq. Güclü dövlətimiz və rəşadətli ordumuz hər zaman vətəndaşlarımızın arxasındadır, onların həyatlarını etibarlı şəkildə qorumaq qüdrətindədir. Düşmən nə qədər vəhşiləşsə də, heç bir məqsədinə çatmayacaq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”
BİA.az
скачать dle 12.1