Bia.Az

Neft qiymətlərində təlatüm: Azərbaycanı hansı təhlükə gözləyir? - İNCƏLƏMƏ

İqtisadiyyat
 6-04-2025, 10:32     773

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,84 ABŞ dolları, yaxud 5,22 % azalaraq 69,64 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 67,9 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,79 ABŞ dolları və ya 5,28 % azalaraq 68,02 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Maraqlıdır, neftin qiymətinin azalması büdcəyə necə təsir edəcək?

Mövzu ilə bağlı "Cebheinfo.az "-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, neft qiymətlərinə gündəlik yox, daha çox aylıq, rüblük, yarımillik və illik dinamikada baxmaq daha məqsədəuyğundur.

Onun sözlərinə görə, bu halda orta qiymətlər əsas götürülür və bu, həm iqtisadi proqnozlar, həm də büdcə planlaşdırması baxımından daha etibarlı mənzərə yaradır:

"Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 70 ABŞ dolları həddində nəzərdə tutulub. Hazırda isə ilin əvvəlindən bu günə qədər “Azeri Light” markalı neftin orta qiyməti 76-77 dollar səviyyəsindədir. Bu, hələlik riskli vəziyyətin olmadığını göstərir.Lakin qiymətlərin son günlərdə ardıcıl ucuzlaşması müəyyən təhlükəli tendensiyaya işarə edir.

Hesab edirəm ki, yaxın gələcəkdə neftin qiymətində daha da ucuzlaşma müşahidə olunacaq. Bu isə Azərbaycanın iqtisadi sabitliyi üçün ciddi çağırışlar yarada bilər. Ən əsas təhlükə ondan ibarətdir ki, neftdən əldə edilən valyuta gəlirlərinin azalması ticarət dövriyyəsində mənfi saldonun dərinləşməsinə səbəb ola bilər.

Bu, ümumi iqtisadi balansı poza və sosial-iqtisadi problemlərin yaranmasına gətirib çıxara bilər. Buna görə də artıq indidən qabaqlayıcı tədbirlər görülməlidir".

Ekspert hesab edir ki, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən işlərin miqyası və intensivliyi artırılmalıdır:

"Bu sahədə bu günə qədər atılmış addımlar kifayət etməyə bilər. Gələcəkdə mümkün risklərin qarşısını almaq üçün daha sistemli, çevik və davamlı strategiyalara ehtiyac var”.скачать dle 12.1