Dollara tələbatı nə artırır: İdxal, yoxsa narahatlıq? - AKTUAL
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini açıqlayıb.
"2024-cü ilin əvvəlindən bəri də valyuta bazarında tarazlıq qorunub. İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb".
Bu, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri haqqında məlumatında bildirilir.
Qeyd edilib ki, buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir.
Dogrudanmı dollara tələb buna görə artıb, yoxsa dolların bahalaşma qorxusu bu tələbi artırıb?
İqtisadçı-ekspert Əkrəm Həsənov "Cebhe.info"-ya bildirdi ki, dolların bahalşama ehtimalı yoxdur:
"Çünki bizdə dolların bahalaşmasının indiqatoru neftin qiymətinin düşməsi və valyuta ehtiyatlarımızın azalması ola bilər ki, bu da yoxdur. Ancaq dollara tələbatla bağlı, təkcə elə işğaldan azad edilmiş ərazilərdə gedən böyük işlər, xaricdən oraya idxal edilən mallar dollar hesbaına gerçəkləşir.
Məhz özəl sektorla bağlı istehlak nə dərəcədə artdığını deyə bilmərəm. Yaxşı olardı ki, Mərkəzi Bank deyərdi ki, bu hansı nisbətdədir. Məncə böyük ehtimalla əsas dövlət investisiyalarıdır. Ümumiyyətlə, Azərbaycanda əsas iqtisadi oyunçu dövlət sektorudur, ya birbaşa, ya da dolayısıyla dövlətə bağlı olan şirkətlərdir.
Onların da bu sahədə investisiyaları artıb və xaricdən çox mal aldıqları üçün onlara dollar lazımdır. Yəni bunun hansısa ciddi makroiqtisadi səbəb və nəticələri olmayacaq. Sadəcə tələbatdı və vaxtaşırı baş verir. Ajiotajı daima qaldırırlar, səbəbləri yoxdur.
Dünyada hansısa geosyasi vəziyyət dəyişsə, belə bir amil özünü göstərər. Bu dəqiqə belə bir təhlükəli vəziyyət var. Ancaq əksinə, belə bir hadisə baş versə, neftin qiymətinin bahalaşma ehtimalı daha çoxdur, nəinki düşməsi. Doğrudur, bizdə neft hasilatı azalır, ancaq qaz var.
Ümumiyyətlə, yaxın dövrdə belə bir təhlükənin olmadığını düşünürəm".