Bia.Az

Azərbaycana milyardlar qazandıracaq layihə - Ekspert danışır...

İqtisadiyyat
 9-03-2024, 15:12     462

Rusiyanın Yaxın Şərq və Hind Okeanı ilə bağlı geostrateji hədəflərində Azərbaycanın əhəmiyyəti artmaqdadır.

Qeyd edək ki, Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin Rusiyanın Soçi şəhərində keçirilən “Ümumdünya Gənclər Festivalı”nda bildirib ki, Rusiya Azərbaycan və İran ərazisindən keçməklə Hind okeanına çıxış üçün nəqliyyat dəhlizi formalaşdırır. Onun sözlərinə görə, bu nəqliyyat dəhlizinin reallaşması üçün Moskva avtomobil və dəmir yolları inşa edir:

"Biz Xəzər dənizindən, Azərbaycan və İrandan keçməklə, Süveyş kanalından və Bosfordan yan keçməklə Hind okeanına çatmaq istəyirik, bu, bizim strateji hədəfimizdir”.

Sözügedən məsələ ilə bağlı bəzi ekspertlər hesab edirlər ki, Moskvanın bu strateji hədəfinin baş tutması Azərbaycan və Türkiyə ilə normal münasibətlər, o cümlədən Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsindən asılıdır. Onlar bununla əsaslandırırlar ki, yalnız bu halda Moskva bu hədəfinə nail ola bilər.

Həmkarları ilə eyni fikirləri bölüşən politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, məhz bundan irəli gələn səbəblərə görə, Rusiya Azərbaycan və Türkiyə ilə münasibətləri daha da möhkəmləndirəcək:

“Rusiya Ukrayna müharibəsi səbəbindən bir çox nəqliyyat-kommunikasiya xətlərini itirib. Ona görə də Moskva yeni nəqliyyat dəhlizləri axtarışındadır. Hazırda Moskva üçün iki kommunikasiya xətti xüsusi əhəmiyyət kəsb edir. Sözsüz ki, yeni kommunikasiya xətləri Rusiyanın iqtisadi-ticari maraqlarının təmin olunmasında çox mühüm rol oynaya bilər.

Xüsusi önəm daşıyan birinci marşrut, əlbəttə ki, Zəngəzur dəhlizidir. Yəni Rusiya bu dəhliz üzərindən Türkiyəyə və ərəb dünyasına, oradan isə Şimali Afrikaya çıxış əldə etmək imkanları qazanacaq. İkinci marşrut isə Xəzər dənizi və İrandan keçməklə Hind Okeanına qədər uzanacaq. Demək olar ki, hər iki marşrut xətti Rusiyanın həm hərbi-siyasi, həm də iqtisadi-ticari konsepsiyasında geostrateji hədəflər hesab olunur. Moskva hər vəchlə bu strateji hədəflərini həyata keçirməyə çalışacaq. Kremldəkilər buna nail olmaq üçün bu istiqamətdə addımlar atmaqda davam edəcək”.

Politoloq, həmçinin vurğulayıb ki, Azərbaycan və Türkiyənin bu iki marşrutun reallaşmasında münasib imkanları danılmazdır:

“Bunu çox yaxşı anlayan Kreml Türkiyə və Azərbaycanla münasibətləri daha da inkişaf etdirəcək. Moskva yalnız rəsmi Bakı və Ankara ilə yüksək səviyyəli münasibətlər fonunda özünün iqtisadi-ticari maraqları üçün əhəmiyyət daşıyan strateji hədəflərinə nail ola bilər. Bu baxımdan, Rusiyanın Azərbaycana son münasibəti anlaşılandır. İstər Xəzər dənizi, istərsə də Zəngəzur üzərindən keçəcək dəhliz Rusiyaya xeyli iqtisadi dividentlər qazandıracaq”.

E. Xalidbəyli əlavə edib ki, Rusiyanın Xəzər dənizi üzərindən və İran ərazisindən keçməklə Hind Okeanına qədər uzanan dəhlizlə bağlı layihəsi Azərbaycanın maraqlarına cavab verir.

“İstər-istəməz bu marşrut Azərbaycanın ərazi sularının üzərindən keçəcək. Bu, Azərbaycana milyard dəyərində gəlir qazandıra bilər. Onu da qeyd edim ki, Rusiyanın dövlət rəsmilərinin Azərbaycanla bağlı son bəyanatları xüsusi diqqət çəkir. Onlar öz bəyanatlarında səsləndirdiyi fikirlərlə demək istəyirlər ki, Moskva Cənubi Qafqazda yeni geosiyasi vəziyyətə adaptasiya olunmağa və buna uyğun öz strateji hədəflərini müəyyənləşdirməyə çalışır. Yaxın gələcəkdə Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin daha da möhkəmlənməsinə şahidi olacağıq”.
скачать dle 12.1