Bia.Az

Qaz gəlirləri nefti üstələyəcək: - “Tam şəkildə kompensasiya...”

İqtisadiyyat
 6-03-2024, 01:12     456

Xəbər verdiyimiz kimi, Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək.

Bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu il Azərbaycanda 48 milyard kubmetrdən çox qaz istehsalı nəzərdə tutulur:

"İstehsal edilən qazın təxminən yarısı Türkiyə, Gürcüstan və Avropaya ixrac ediləcək. Biz müəyyən bir artımla bu ixracı davam etdirmək niyyətindəyik".

Maraqlıdır, artan qaz ixracatı azalan neft gəlirlərini əvəz edə biləcək?

Məsələ ilə bağlı iqtisasçı Akif Nəsirli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, indiyədək qaz gəlirlərinin artımı Azərbaycanda neft gəlirlərinin azalmasını tam kompensasiya edə bilməyib:

"Bizim neft gəlirlərimiz ilbəil azalır, çünki neft ixracatımız aşağı düşür. Əsas məsələ ixracatın azalması ilə bağlıdır. Hazırda ixracatın azalmasını kompensasiya edən amillərdən biri də neftin qiymətinin yüksək olmasıdır. Son bir ildə və ötən iki ay ərzində neftin qiyməti ortalama 80 dollardan yuxarı olub".

İqtisadçı qeyd edib ki, neft gəlirlərinin azalan hissəsini kompensasiya etmək üçün Azərbaycan gərək ən azı ildə 30-35 milyard kubmetr qaz satsın:

"Bizim potensialımız isə o qədər deyil. Hesab edirəm ki, qarşıdakı illərdə biz qaz satışının həcmini artırsaq da, neftin azalan gəlirlərini tam kompensasiya edə bilməyəcəyik. Bu, müəyyən mənada azalmanı yumşalda bilər, amma tam şəkildə əvəzetmədən söz gedə bilməz.

Gələcəkdə Azərbaycan elektrik enerjisinin ixracını artıracaq. Məlumdur ki, ötən il elektrik enerjisinin ixracı 2 milyard 752,7 milyon kVt/s artıb. Elektrik enerjisinin ixracının genişlənməsi və qaz ixracatının artması gələcəkdə neftdən gələn gəlirlərin azalmasını kompensasiya edə bilər. Hazırda biz o səviyyəyə çatmamışıq".
скачать dle 12.1