Bia.Az

Vətəndaş yoxsulluğun bir addımlığında "yaşayır"... Neft gəlirləri və dövriyyədə nağd pul azalıb

İqtisadiyyat
 2-02-2024, 13:29     257

Ölkə iqtisadiyyatı ilə bağlı həm hökumətin, həm də əhalinin ciddi narahatlığı var. Hökumət əvvəllər belə reallıqları etiraf etməzdi. Həmişə iddia olunurdu ki, ölkənin sarsılmaz iqtisadiyyatı var və bizə heç nə təsir edə bilməz. Zamanla hər şey anlaşıldı. Hökumət müxtəlif təmsilçilərinin dili ilə deyir ki, bizi çox da yaxşı günlər gözləmir. Elə də dərin analizə ehtiyac duyulmur. Neft hasilatı və gəlirləri azalırsa, deməli, heç nə yaxşı olmayacaq.

Bizimyol.info xəbər verir ki, əhalinin real gəlirləri azalıb. Bunu hökumət açıq etiraf etməsə də, yayılan rəsmi rəqəmlərdən belə nəticə almaq olur.

 Nominal qazanc arta bilər, amma gerçəklik başqa şey deyir. Əhali məhz bu mənada nikbin görünmür. İqtisadiyyatla bağlı çox da xoş xəbərlər almırıq. Daha bir xoş olmayan xəbər odur ki, dövriyyədə nağd pul və bank ehtiyatları azalıb. Təkcə yanvarda 604 milyon manatdan çox azalma olub. Azərbaycanda pul bazası 20 milyard 271 min manat təşkil edib. Əlbəttə, dövriyyədə nağd pulun daha az olduğu vaxtları görmüşük. Lakin təbii sərvətlərlə zəngin olan dövlətin ortaya qoyduğu statistika bu olmamalıdır. Nağd pul və bank ehtiyatlarının ümumi məbləği çox aşağıdır.
Hələ onu nəzərə almırıq ki, ölkəyə Rusiyanın xeyli vətəndaşı köçüb. Onlar banklardakı əmanət yükünü nəzərəçarpan dərəcədə artırıblar. Rəsmi statistikada da bu məqam diqqətdən qaçmamışdı. Bununla belə, nağd pulun həcmi azalır. Niyə azaldığı sirr deyil. Əhali kasıblaşıb. Ərzaq qiymətləri dəhşətli dərəcədə artır. Məvacib artımı gözə görünmür. Real gəlirlərin azalması özünü rəsmi statistikada göstərməliydi.

Bu ölkədə illərlə neft, qaz çıxarıldı. İndi ölkədə nağd pulun məbləği 100 milyard manatlarla ölçülməliydi. Yaranan mənzərəyə görə məyus olmamaq əldə deyil. Əhali indki ilə müqayisədə xeyli yaxşı həyat sürməliydi. Onillərlə ölkədə istehsal təfəkkürü, yaradıcı düşüncə formalaşmadı. Hökumət hazır pula öyrəşdi. Nəticədə əhali həmişə yoxsulluğun bir addımlığında yaşamalı oldu.скачать dle 12.1