Bia.Az

"Valyutadəyişmə prosesinin banklara alternativ olaraq, rəsmi məntəqələrdə icra olunmasına ehtiyac var"

İqtisadiyyat
 28-12-2023, 14:40     228

“Ölkədə valyuta mübadiləsi fəaliyyəti göstərmək qadağan deyil və artıq, bu sahədə 5 məntəqə var. Eyni zamanda, kommersiya bankları və onların filialları üzrə də bu fəaliyyət həyata keçirilir. Əlbəttə, bu nöqteyi-nəzərdən, yəni banklar və onların filialları tərəfindən bu iş həyata keçirildiyi halda, ayrıca məntəqələrin də olmasına ehtiyac var, ya yox, bu da ayrı söhbətin mövzusudur. Ancaq real olan budur ki, valyutadəyişmə məntəqəsi açmaq da asan məsələ deyil artıq”...

BİA.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. O, qeyd edib ki, bu sahədə şərtlər sərtləşdirilib.

Pərviz Heydərov
Pərviz Heydərov

“Əvvəla, ölkənin bölgələri üzrə diferensiallaşdırılmış şəkildə də olsa nizamnamə kapitalı tələb olunur, ikincisi nizamnamə kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirmək lazımdır və sair. Odur ki, güman etmirəm ki, belə məntəqələrin, yəni valyuta mübadiləsi fəaliyyəti göstərmək - bundan gəlir əldə etmək, biznes qurmaq istəyənlərin sayı çox olsun”-deyən iqtisadçı əlavə edib.
O ki, qaldı limit məsələsinə, Pərviz Heydərov deyib ki, "valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilə bilər ki, valyuta mübadiləsi məntəqəsində bir müştəriyə nağd olaraq 500 ABŞ dollarından artıq xarici valyuta satıldığı və 10 min ABŞ dollarından artıq isə alındığı təqdirdə şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq. Valyuta mübadiləsi məntəqəsində bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddirsə, 20 min manat və ona bərabər məbləğdə ola bilər".
“Yeri gəlmişkən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də hər obyektə görə nizamnamə kapitalının minimum həddi belədir: I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, həmçinin Naxçıvan MR) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır”-deyə Pərviz Heydərov qeyd edib.
İqtisadçının sözlərinə görə, valyutadəyişmə məntəqələri daha çox sayda yaradılsa və mövcud olsa, bu, bəzi aspektlər baxımından, əlbəttə, səmərəli sayılardı. Ən azından rəqabət şəraiti ortaya çıxardı.
P.S. “Exchange”-lərin yenidən fəaliyyətə başlaması məsələsi əslində yerində verilən bir qərardır. Etiraf edək ki, bankalara gedib növbə gözləməkdənsə, valyutadəyişmə prosesini növbə gözləmədən dərhal rəsmi sahibkarlıq subyektində həll etmək daha yaxşı olar. Bu təcrübə bir çox ölkələrdə, eləcə də qardaş ölkə və qonşu Türkiyədə də var…

BİA.az
скачать dle 12.1