Bia.Az

"Kim milyonlarla dollar ölkədən çıxara bilirdisə, çıxardacaq, amma sadə vətəndaşlara başağrısı olacaq"

İqtisadiyyat
 28-12-2023, 14:22     224

Bir neçə il əvvəl ölkədə valyutadəyişmə ilə bağlı mənzərə dəyişdi. Valyutadəyişmə məntəqələri bağlandı, prosesi yalnız banklar aparmağa başladı. Sonradan yalnız bir neçə məhdud məsuliyyətli cəmiyyətə valyutadəyişmə ilə məşğul olmağa icazə verildi. Mərkəzi Bankın növbəti qərarı ümumi portretə yenə əl gəzdirir. Vətəndaşlar üçün xarici valyuta almaq və ya satmaq bir az da çətinləşir.

BİA.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Mərkəzi Bank “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət qaydası” haqqında rəsmi qərarını açıqlayıb. Qərarda vətəndaşların 500 dollara (avro, funt və s.) qədər xarici valyuta alanda, 10 min dollara qədər satanda heç bir sənəd təqdim etməli olmadığı yazılıb. İl ərzində hər bir vətəndaş 20 min manat dəyərində istənilən valyutanı əsaslandırmadan ala bilər. Daha çox almaq istəyən vəsaitin mənbəyi haqqında məlumat təqdim etməlidir.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, yetərincə məntiqsiz qərar qəbul olunub.

“Hökumət və Mərkəzi Bank bütün addımlarını ölkədən daha az valyuta çıxmasına, vətəndaşın daha az valyutaya yönəlməsinə hesablanıb. Amma anlamırlar ki, SSRİ-də belə, pulun qarşısını ala bilmədilər, cinayət məsuliyyəti olsa da, valyuta alış-verişi qara bazarda mövcud idi. Yəni sərt qaydalarla, məhdudiyyətlərlə bu məsələni tənzimləmək, nəzarətdə saxlamaq mümkün deyil, kim milyonlarla dollar ölkədən çıxara bilirdisə, eləcə də çıxardacaq, amma sadə vətəndaşlara başağrısı olacaq. Hətta bu qaydaların özü belə simvolikdir, yanından keçmək, üzərindən atlamaq mümkündür. Yaxşı, niyə o zaman belə qaydaları tədbiq edərək ölkənin, zatən bərbad olan investisiya imicinə daha da zərbə vururlar?! Bax bu suala cavab üçün addımların məntiqi olmalıdır, bizim hökumətdə isə ən böyük defisit məhz məntiqdir...”

İqtisadçıya haqq qazandırmamaq olmur. Həqiqətən də, ən çox vətəndaşların başı ağrıyacaq. Qərar məhz onların həyatını çətinləşdirməyə hesablanıb.

Valyutadəyişmə ilə bağlı dəyişikliklər həm də bankların inhisarını gücləndirir. Bakıda nizamnamə kapitalının 100 manatdan 600 min manata çatdırılmasına başqa ad vermək olmur. Onsuz da son illər bu sahəyə maraq azalıb. Yəni bu biznes istiqamətinə yönələn yoxdur. İndi sahibkarlara ayrıca problem yaradılır. Heç kim 600 min manatını riskə atmaq istəməyəcək.

Hökumətin bəzi dairələri hər dəfə yeni qərarlar verəndə belə olur. Aşkar görünür ki, vətəndaşların "nəfəsliyi" bir az da qapadılır. Cəmiyyətin "hava"sı çatmır.


BİA.az
скачать dle 12.1